“Yetərsən onlara, gözəl Ankara”...

 

Biz ora müqəddəs bir amal ilə – Zəfərimizi, Qarabağ savaşımızı ehtiva edən “Köhnə çamadanlar” filminin Ankara premyerası üçün gedirdik. Redaktoru olduğum və Zəfərdən sonra çəkilən ilk film də, mənim kimi, Ankaraya ilk səfərini edirdi.

Yol yoldaşı olduğum film heyəti də çox həyəcanlı idi. Üstəlik, reysimiz, türklər demişkən, “aktarmalı” (Bakı-İzmir-Ankara) olduğundan Türkiyə paytaxtına Egeyin səmasını da dolaşıb gedəcəkdik. Rəvayətimizdən xəbərdar dostlar İzmir təəssüratımı soruşanda sübh şəfəqlərində az gördüyüm şəhər haqqında “Yerdən vaxtım olmadı, amma gecənin qaranlığında quş baxışı ilə İzmir bənzərsiz idi” deyib sovuşuram...

Ankaranın dağları da...

Noyabrın ayazında soyuq vəd edən Ankaraya səhər saatlarında endik. Esenboğa hava limanındaca Ankaranı da, ankaralıları da sevdim. Hava limanı personalının qısa ünsiyyətdə olduğum, “Türkiyəyə ilk gəlişinizdir anladığım qədərilə, umarım məmnun qalırsınız” deyən xanım əməkdaşından, bizi son dərəcə sevgi ilə taksiyədək ötürən nəzarətçinin “Endiyinizdə arabanın baqajını bir daha kontrol edin, Ankara nömrəniz yoxdursa, itən əşyanızı tapmaq sorun olur” qayğıkeşliyi nəyə desən dəyərdi.

Bizi özünün “sarı ceyran”ı ilə hotelimizə aparan yaşlı sürücü Tezcan bəy əslən ankaralıdır. O, “petrol şəhəri Bakı”dan (məhz belə dedi) gəldiyimizi eşidəndə israrla müqayisə eləməyimizi istədi. Sözsüz ki, yol boyu yenilənən, daha doğrusu, nəhəng inşaat bumunu xatırladan Ankaranın məhz bu hissəsi ilə müqayisə elə də çətin olmadı. Oradakı göydələnlər, iri şirkət binaları sayəsində bir növ, sənaye şəhərciyini xatırladırdı. Tezcan bəy təsdiqlədi. Özü də bundan məmnun görünmürdü. Deyir ki, bir zamanlar ucsuz-bucaqsız əkin sahələri olan torpaqlarda indi binalar, zavodlar, fabriklər var. Gözəl, amma mən köhnə Ankara üçün darıxıram.

Bilirsiniz də, taksi sürücüləri hər mövzuda danışmağı sevir və bu mənada arif adamlar olurlar. Ona “Ankara, mənə görə, həm də camilər şəhəridir, sanki. Köhnə, yeni, hətta tikilməkdə olan nə qədər cami var” deyəndə təsdiqlədi. Ardınca da “Əvvəl cami az, namaza gedənlər çox idi, indi isə əksinə” deyib təəssüfləndi. Ardınca da “Yəqin say çoxdur“ deyib gülümsündü.

Səhər saat 8-9 aralığında keçən yolçuluğumuzda müşahidə etdiyim Ankara daha sakit idi. Hərçənd biz mərkəz istiqamətində hərəkətdə idik. Dərs, iş saatları olsa da, sıxlıq yox idi.

Yaşıllıq zolağı, yol kənarları geniş idi. Yollar təmirli, avtomobillər nisbətən az, əksəriyyəti də sadə nəqliyyat vasitələri. Bakıdakı tıxaclarda tank kimi nərildəyən hündür ciplər, lüks sedanlar gözümə elə də dəymədi. Bələdiyyə avtobusları, yanımızdan şütüyən “dolmuş” dedikləri kiçiktutumlu mikroavtobuslarda da sıxlıq yox idi. Bu da ondan irəli gəlir ki, Ankarada metro stansiyaları çoxdur. Üstəlik, iş yerləri və tədris müəssisələrində qrafik eyni zamana hesablanmır.

Ankarada məni məftun edən başqa məqam evlərin balkonlarından asılan türk bayraqları, həmçinin bayraqlaşan Mustafa Kamal Atatürkün rəsmləri idi. Xalqın Atasına olan sevgi və sayğısı, nə yaxşı ki, hər gün, hər zaman keçdikcə artır. Bunu onun anım gününə az qalmış evlərinin eyvanlarını bəzəyən Atatürk rəsmləri ilə göstərən ankaralılara heyran qaldım.

“Ankarada yedim təzə meyvəni”

Yox, məsələ meyvədə deyil. Şəhəri dolaşarkən yutub üzərindən Ankara ilə bağlı türküləri, mahnıları axtarışa verdim. Bakıdan fərqli olaraq, Ankara ilə bağlı elə də çox mahnı yoxdur. Bir məşhur türkünü dinlədim. Ovqatımı təlx etməsin deyə keçdim Ankara ritmli “Misket” türküsünə. Sonra da dillər əzbəri “Ankaranın bağları”nı zümzümə edə-edə büklüm-büklüm yollarını dolaşdım.

Filmimizin qalasınadək, bir neçə saat da olsa, yol yoldaşlarımla küçə və meydanları gəzib, şəhərin ovqatına uyğunlaşmağa çalışdım. Ankara da Bakı kimi ənənə ilə müasirliyi birlikdə daşımağa çalışır. Köhnə, alçaq damlı, qırmızı kirəmitli yaşayış binaları ilə başı az qala buludlara çatan metal konstruksiyalı göydələnlər adətən yarışır. Eləcə də iri alış-veriş mərkəzləri ilə önündə ortayaşlı kişilərin “tavla” oynadıqları məhəllə baqqalları.Təhsil müəssisələri, universitet şəhərcikləri, öyrənci yurdları dedikləri tələbə yataqxanaları, idarə və müəssisələrin sahmanlı binaları göz oxşayırdı. Küçə və prospektlərdə irəliləyən saatlarda sıxlıq olsa da, səs-küy, o iri şəhərlərə xas qarqaşa yox idi.

Günortaya yaxın Ankarada günəş son dərəcə səxavətli oldu. Temperatur artıq +13-ü göstərirdi. Hərçənd tezdən bu göstərici -1 idi.

Ankaralılar ünsiyyətcil, xoşrəftardırlar. Azərbaycanlıları xüsusilə sevirlər. Ləhcəmdən qonaq olduğumu bilib söhbətə tutur, Bakı, Azərbaycan haqqında suallar verirdilər. Hansısa məkanla bağlı suallarıma, ünvan haqqında bələdçiliklərinə gəlincə, çox comərddirlər. Məsələn, az qala yolu yarı edənədək səninlə gəlir, izahlar verir, üstəlik, “korsan” dedikləri qaçaq taksilərlə bağlı qayğıkeşliklə xəbərdarlıqlar edirdilər.

Tədbir öncəsi bir neçə saatda Ankaranın Altıntağ rayonu, Ulus, Qızılay, İzmir deyilən küçə, prospekt və meydanlarını dolaşdım.

Qarabağa sevgi gecəsi

Ankaranın məşhur konsert məkanı – “CSO Ada”-Ankaranın mərkəzi salonunda bir təntənə vardı. 6 noyabr axşamı orada olan hər kəs, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, diplomatlar, sənətçilər, dərnək, vəqf rəhbərləri, eləcə də sadə insanlardan ibarət yüzlərlə tamaşaçı, mən deyərdim ki, azərbaycansevər bir ağızdan Bakı, Qarabağ, Şuşa deyirdi.

“Qadın, sülh, zəfər” adı altında keçirilən və ölkəmizin Qarabağ Zəfərini ehtiva edən zəngin proqramlı tədbirdə “Köhnə çamadanlar” filmi haqqında geniş məlumat verildi. Bildirildi ki, Birinci və İkinci Qarabağ müharibəsi həqiqətlərini real qəhrəmanların xatirələri əsasında ekrana gətirən film Zəfərdən sonra qısa zamanda (2021) istehsal olunub. Ekran əsəri Azərbaycanda 4 dəfə premyera edərək paytaxt Bakıda, Naxçıvanda və Şamaxıda izləyicisi ilə görüşüb. Vurğulandı ki, müharibə və qadın mövzusuna özünəməxsus baxış sərgiləyən, Xocalı soyqırımına, ümumilikdə savaşın ağrı-acısına kinematoqrafik təsvir verən bədii filmin quruluşçu rejissoru Saida Haqverdiyeva, ssenari müəllifi Sevda Sultanova, görüntü rejissoru Şahmar Səfəroğlu, montaj rejissoru Rza Almasi Pərqu, quruluşçu rəssamı Əfşan Əsədova, bəstəkarı Vüqar Camalzadə, baş prodüseri Pərvinə İsmayılova, icraçı prodüserləri Kəmalə Nəhmətova və Nicat Məmmədov, redaktoru Həmidə Rüstəmovadır.

Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü professor Aygün Attar, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Sanem Arıkan, Ankara Ticarət Odasının başqanı Gürsel Baran, MHP başqan müavini professor Mevlüt Karakaya, AK Partiyanın İstanbul millət vəkili Serkan Bayram, Qazi Universitetinin prorektoru professor Hasan Tezer, Ankaralılar və Ankaraya Xidmət Edənlər Dərnəyinin başqanı Hilmi Yaman Türkiyə-Azərbaycan qardaşlığı, iki dövlət arasındakı tarixi əlaqələrə toxundular. Azərbaycanın haqq savaşından danışdılar, şanlı Zəfərinin növbəti ildönümü münasibətilə xalqımızı təbrik etdilər. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə güclü və müasir Azərbaycan Ordusunun, mübarizə ruhunu, qələbəyə inamını bir an belə itirməyən Azərbaycan xalqının qazandığı qələbənin bütün Türk dünyasını sonsuz sevincə qərq etdiyi vurğulandı.

Çıxışçılar filmin Qarabağ Zəfərinin rəmzinə çevrildiyini, müharibəyə məcburən cəlb edilmiş sülhsevər Azərbaycan xalqının, onun qadın və uşaqlarının, əslində, dinc insanlarının savaşın ağır sınaqları qarşısındakı mətanətlə mübarizəsinin ekran ifadəsi olduğunu dedilər, onun ərsəyə gəlməsində əməyi olanlara təşəkkürlərini bildirdilər.

Anşlaqla keçən nümayişin ardınca çıxış edən filmin rejissoru S.Haqverdiyeva qəlbində Azərbaycan sevgisi ilə gecəyə qatılan hər kəsə təşəkkürünü bildirdi, filmin hazırlanma prosesindən söz açdı.

Gecənin sonunda ekran işinin yaradıcı heyətinin bir qrupuna təşkilatçılar tərəfindən plaketlər təqdim olundu. Beləcə, iki dost, qardaş ölkənin Qarabağa sevgi şərqisi dilə gəldi...

Qəbri xatirə olan...

Ankarada olduğum iki gündə bu sərt iqlimli mülayim şəhərin muzeylərini də dolaşaraq, qısa zamana zəngin təəssürat sığdıra bildim. Mənim üçün ən yaddaqalanı, sözsüz ki, sevgimi sözə sığdıra bilmədiyim, heyranlığım qəlbimə sığmayan Mustafa Kamal Atatürkün uyuduğu Anıtqəbir oldu.

Türkiyədə, Ankarada olanlar oraları əzbər bilir. Amma mənim kimi ilk həyəcan yaşayanlar və yaşamaq arzusunda olanlar üçün deyim ki, oranın mistik bir aurası var. Sanki ayaqların yerdən üzülür və sən əzəmətli, füsunkar binanı bir göz qırpımında, elə zənn elə ki, yel qanadlı atın tərkində dolaşırsan. Orada yüzlərlə ziyarətçi vardı və sözsüz ki, bu çoxluq millətin Atasına sevgi ilə buraya gəlmişdi.

Bizə bələdçilik edən kuklaçı-aktrisa, qədim dostum Tijən Bıyıklı deyir ki, bu pərəstiş və hörmət heç bir ayrı-seçkilik olmadan edilir. Yəni, dinindən, irqindən, cinsindən, yaşından və statusundan asılı olmayaraq, hər kəs Atatürkün məzarını ziyarət edir, ruhuna dualar oxuyur.

Anıtqəbir gecə-gündüz 24 saat yüksək diqqət və nəzarətlə qorunur, bəzi gənclər hərbi xidmətlərini burda keçir və bunu böyük fərəh və qürur hissi ilə yerinə yetirirlər.

Bura girişindən çıxışına qədər türk əzəmətini izah edən simvollar, abidələr, əsərlər, maddi və mənəvi xəzinə ilə doludur. Misal olaraq, girişdə bizi sağdan və soldan qarşılayan iki heykəl qrupunu göstərmək olar. Sağ tərəfdə yerləşən üç qadın heykəlindən ibarət abidənin maraqlı mənası var. Belə ki, heykəl qadınlardan biri türk qadınının əzəmətli duruşunu, biri Atatürkə Allahdan rəhmət diləməyi, digəri isə Atatürkün ölümündən duyulan kədəri simvolizə edir. Heykəl qadınların əllərində tutduqları çələng isə Anadolunun bərəkətli torpaqlarını rəmzləşdirir. Sol tərəfdə kişi heykəl qrupu yerləşir və onların də özünəməxsus mənası var. Biri türk əsgərini, biri türk gəncinin aydınlığını, digəri isə Anadolu kəndlisini mənalandırır.

Atatürklə bağlı bütün məlumatları əzbər bilən Tijən xanım onu da deyir ki, Atatürk vəfat edəndən sonra nəşi müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində qoyulub və 1953-cü ildə inşa edilmiş Anıtqəbirə gətirilib.

Anıtqəbir kompleksi hər biri ayrıca məna ehtiva edən müxtəlif qruplardan ibarətdir. Gücü və müstəqilliyi simvolizə edən İstiqlal qalası, azadlığın müqəddəsliyini simvolizə edən Hürriyət qalası, Türk əsgərinin evindən ayrılıb savaşa getməsini simvolizə edən Mehmetcik qalası, Qurtuluş savaşında milli haqların müdafiəsini simvolizə edən Müdafiə haqqı qalası, qələbəni simvolizə edən Zəfər qalası.

Eksponatlarla zəngin muzey hissəsində Atatürkə müxtəlif dövlət başçıları tərəfindən hədiyyə edilən əşyalar, əsərlər, kitablar, silahlar və s. yer alır. Türkiyə Cümhuriyyətinin banisinin geyimləri, şəxsi əşyaları, hədiyyələri, bir sözlə, ona aid olan hər şey bu məkanda göz bəbəyi kimi qorunub saxlanılır.

***

...Ziyarətimiz təxminən iki saat çəkdi. Artıq günorta saatları idi. Fürsət bu fürsət deyib turistləri heyran edən “nöbət dəyişimi” deyilən mərasimi – fəxri qarovulun yenilənməsini də izlədim. Əlində telefonlarla türk əsgərini lentə alan izdihamı müşahidə etdikcə insanın qəlbində qəribə bir hiss – qürur qarışıq hüzn baş qaldırır və sən anlayırsan ki, Atatürk “Məni görmək mütləq üzümü görmək anlayışından uzaqdır. Mənim fikirlərimi, duyğularımı anlayıb-hiss edirsinizsə, bu yetərlidir” deyərkən məhz bu anları görüb və hiss edib...

 

Həmidə Nizamiqızı

Bakı-Ankara-Bakı

Mədəniyyət .- 2024.- 15 noyabr,¹(84-85).- S.6.