Milyonçunun türkoloq qızı

 

 

Bolşevik istibdadı üzündən xalqının sabahını düşünən, maarif və mədəniyyət yolunda fədakarlıq edən bir çox ziyalılara, imkanlı şəxslərə öz doğma yurdunda yaşamağa imkan verilməyib. Davamlı təqiblər, məşəqqətlər onları qürbət ellərə köçməyə, ömrünü Vətəndən uzaqlarda başa vurmağa məcbur edib. Bu yazıda tanınmış şərqşünas, türkoloq, professor İren Məlikovanı yada salırıq.

Tanınmış neft sahibkarı, milyonçu İsgəndər Məlikov 1905-ci ildə neft mədənlərini Robert Nobelə satır və ailəlikcə Sankt-Peterburq şəhərinə köçür. Rusiyanın bir çox şəhərində, xüsusilə Sankt-Peterburqda ticarət mərkəzləri açır. Az vaxt ərzində biznesini daha da genişləndirir. 7 noyabr 1917-ci ildə bu ailədə bir qız uşağı dünyaya göz açır. Adını İren qoyurlar... Ancaq bu elə bir gün idi ki, ölkədə ictimai-siyasi vəziyyət yaxşı deyildi, bolşeviklər hakimiyyətə gəlirdi. Sankt-Peterburqda da çox ciddi dəyişikliklər baş verir. İş adamları, sahibkarlar təqib edilir. İki il çətin və qorxulu bir şəraitdə yaşayan Məlikovlar ailəsi 1919-cu ildə Finlandiyaya köçməyə məcbur olur. Bir müddət burada qaldıqdan sonra həmişəlik Fransaya köçür və Parisdə məskunlaşırlar.

İren orta məktəbi müvəffəqiyyətlə başa vurduqdan sonra Sorbon Universitetinə daxil olur. İngilis dili və ədəbiyyatını yüksək səviyyədə öyrənir. Eyni zamanda Şərq Dilləri Dövlət Məktəbində türk dili üzrə də biliyini təkmilləşdirir. Tanınmış türkoloqların mühazirələrini dinləyir. O, ümumiyyətlə, fransız dilindən başqa türk, fars və ərəb dillərini də öyrənir. Universiteti uğurla başa vurduqdan sonra elmi işlə məşğul olur...

1940-cı ildə Parisdə məşhur türk riyaziyyatçısı Salih Zəki Sayarın oğlu türkoloq Faruq Sayar ilə ailə qurur. II Dünya müharibəsi vaxtı faşist Almaniyası Fransanı işğal edir. Bu səbəbdən də İren Məlikova 1941-ci ildə həyat yoldaşı ilə birlikdə Türkiyəyə köçür. Xeyli vaxt orada yaşayırlar. Yazıb-yaratmaq, elmi araşdırmalar aparmaq istəyi onu bir an rahat buraxmır. Nəhayət, müharibə bitir, İ.Məlikova 1948-ci ildə Fransaya qayıdır və  türkologiya sahəsində araşdırmalar aparır. Onun tədqiqatları Türkiyə, Azərbaycan, İran və Orta Asiya ölkələri kimi çox geniş bir coğrafiyanı əhatə edir. Strasburq Universitetində Türkologiya və İran fakültəsinin dekanı təyin olunur. Bir sıra beynəlxalq elmi qurumların, o cümlədən Asiya və Ernest Rene kimi məşhur cəmiyyətlərin üzvü seçilir.

İ.Məlikova əsasən Azərbaycanın qədim tarixi və ədəbiyyatını araşdırıb. 1957-ci ildə doktorluq dissertasiyası müdafiə edir. “Danişmənd dastanı”, “Əbumüslüm Xorasani”, “Umur paşa dastanı” adlı kitabları işıq üzü görür. 1957-ci ildən 1964-cü ilədək Elmi Araşdırmalar Milli Mərkəzinin Şərqşünaslıq bölməsində çalışır. Sonra  Strasburq Humanitar Elmlər Universitetində fəaliyyət göstərir. Bir müddətdən sonra bu məşhur təhsil və elm ocağının professoru olur. Burada işləyə-işləyə türk dilləri və ədəbiyyatı sahəsində böyük elmi mərkəz yaratmağa səy göstərir. Gərgin araşdırma və yaradıcılıq fəaliyyəti sayəsində istəyinə nail olur. Yaratdığı Türkiyyat Araşdırmaları İnstitutu qısa müddət ərzində Avropada ən nüfuzlu türkoloji mərkəzlərdən birinə çevrilir.

İ.Məlikova 1984-cü ildə Strasburq Humanitar Elmlər Universitetində Azərbaycan Mədəniyyətini Araşdırma Mərkəzini yaradır və onun rəhbəri seçilir. Dörd ildən sonra mərkəzin adı dəyişdirilərək Azərbaycan Mədəniyyətini və Sivilizasiyasını Öyrənən Mərkəz kimi tanınır. Professor İ.Məlikova mərkəzin prezidenti, professor Lui Bazen və Timurçin Hacıbəyli (Ceyhun Hacıbəylinin oğlu) vitse-prezident seçilirlər. Mərkəz qarşıya qoyduğu məsələləri planlı şəkildə həyata keçirir. Azərbaycanın tarixi-mədəni zənginliklərini təbliğ edir, tanınmış yazıçı və şairlərimizin əsərlərinin nəşrinə nail olur, alimlərimizlə görüşlər keçirilir. Araşdırmalarda qeyd edilir ki, İ.Məlikova Strasburq Universitetində işə başlayanda bu ali təhsil ocağının türk şöbəsində cəmi iki tələbə oxuyub. Onun ardıcıl səyləri nəticəsində bir neçə il sonra bu tələbələrin sayı 380 nəfərə çatır. Onların 40 faizi dil, 60 faizi isə ədəbiyyat və mədəniyyət ixtisasları üzrə təhsil alıblar.

Böyük məqsəd, arzu və istəklə yazıb-yaradan İ.Məlikova Strasburq Universitetində dil və ədəbiyyatdan dərs deməklə yanaşı, Azərbaycanla bağlı araşdırmalarını da davam etdirib. Yeri gəlmişkən deyək ki, Qərbi Avropada nəşr edilən yeganə türkologiya jurnalı “Türkika”nın baş redaktoru da o idi. 1988-ci ildə Azərbaycan Yazıçılar Birliyinin “Ədəbiyyat və incəsənət” qəzetində onun “Türk Qafqaz qeydləri” silsiləsindən “Babək Xürrəmi və Seyid Battal” adlı böyük məqaləsi dərc edilib. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra İ.Məlikovanın elm və təhsil ocaqlarımızla əlaqələri yaranıb. O, eyni zamanda Bakı Dövlət Universitetinin fəxri professoru seçilib.

Azərbaycan haqqında bitib-tükənməyən istək və arzular xanım professoru İrana aparır. Oradan Cənubi Azərbaycana gəlir. Təbriz şəhərini başdan-başa gəzir və tarixi memarlıq abidələrini yaxından seyr edir. Azərbaycan ədəbiyyatını araşdırmaq məqsədilə çox sevdiyi Şah İsmayıl Xətai haqqında xeyli material toplayır...

Azərbaycan dövləti qürbətdə yaşayıb fəaliyyət göstərən bu soydaşımızı da diqqətdə saxlayıb. Prezident Heydər Əliyev 1997-ci ilin 11 oktyabr tarixində Avropa Şurasına üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşündə iştirak etmək üçün Strasburqa səfəri zamanı İ.Məlikova ilə görüşüb. Həmin görüşdə türkoloq-alim öz kitablarını Ulu öndərə hədiyyə edib.

Ömrü ata yurdu Azərbaycandan uzaqlarda keçsə də, daim ölkəmizi düşünən professor İren Məlikova 9 yanvar 2009-cu ildə, 92 yaşında Strasburqda vəfat edib.

 

Savalan Fərəcov

Mədəniyyət .- 2024.- 15 noyabr,¹(84-85).- S.6.