Şimali Kipr türkləri
Cümhuriyyətin 41 yaşını qeyd edirlər
15 noyabr Şimali Kipr Türk Cümhuriyyətinin
(ŞKTC) yarandığı gündür. 1983-cü ilin bu
günü Kipr adasının türk əhalisi
özgürlük mücadiləsinin davamı olaraq
cümhuriyyətini elan edib. Təəssüf ki, ötən
onilliklərdə beynəlxalq münasibətlərdəki
ikili standartlar üzündən haqsız izolyasiya şəraitində
yaşayan Şimali Kiprin müstəqilliyi Türkiyədən
başqa bir dövlət tərəfindən hələ
tanınmayıb. Türkiyə (ovaxtkı Osmanlı) dövləti
isə hələ XV əsrdən Kiprdə türk
varlığının qarantı olmuşdu...
Kipr adası (ərazisi 9,3 min kv. km.) dörd əsrdən
çox – 1878-ci ilə qədər Osmanlı
imperatorluğunun tərkibində olub. 1877–1878-ci illərin
Balkan savaşında Rusiyaya məğlub olan Osmanlı
İngiltərəni özünə müttəfiq etmək məqsədilə
Kipri ona müvəqqəti idarəçiliyə verir.
Əslində, bu, Kipr üzərində Osmanlı-türk idarəçiliyinin
sonu idi.
Birinci Dünya müharibəsində Osmanlı
Almaniyanın tərəfində ingilislərə qarşı
savaşa girir və müharibədə məğlub olaraq
Kipri birdəfəlik itirir. 1923-cü ildə Türkiyə
Lozanna anlaşması ilə adanı Britaniyanın müstəmləkəsi
olaraq qəbul edir. Bu dövrdən başlayaraq Kiprdə
türk əhalisinə qarşı təqiblər artır.
1929-cu ildə adadakı yunan çoxluğu ingilis idarəçiliyinə
qarşı çıxışlara və Kiprin Yunanıstana
birləşdirilməsi (enosis) uğrunda mübarizəyə
başlayır. Bu çıxışlar İkinci Dünya
müharibəsindən sonra da davam edir və Britaniya 1959-cu ildə
Kiprə müstəqillik vermək qərarına gəlir.
Londonda Britaniya, Türkiyə və Yunanıstan tərəfindən
imzalanan anlaşmaya görə, Kipr adasında müstəqil
dövlətin yaradılması qərara alınır.
1960-cı ildə adanın yunan və türk icmalarının
iştirakı ilə Kipr Respublikası yaranır. İngilislər
adanı tamamilə tərk etmirlər, Kiprdə onların iki
hərbi dəniz bazası saxlanılır.
Kipr Respublikası iki icmanın konfederativ əsasda bir
araya gəlməsi ilə qurulmuşdu, ölkənin prezidenti
yunan (Makarios), vitse-prezident isə türk icmasının lideri
(Fazıl Küçük) idi. 10 nazirdən ibarət
hökumətdə türklərin 3, 50 nəfərlik
parlamentdə 15 yeri vardı.
Lakin yunan bölümündə “enosis” ideyası
qalmaqda idi və 1963-cü ilin dekabrında yunan tərəfin
Kipr Respublikasının konstitusiyasını dəyişdirmək
və türk bölümünün hakimiyyətdəki
haqlarını mənimsəmək cəhdi ilə vahid
dövlətin mövcudluğuna son qoyulur. 1964-cü ilin əvvəlində
türklər və yunanlar arasında silahlı münaqişə
başlanır.
Bu vəziyyət 10 il sürür. 1974-cü ildə
Yunanıstanda hərbi çevriliş baş verir və
hakimiyyətə gələn “qara polkovniklər” diktaturası
iyulun 15-də Kipr adasının bütünlüklə
Yunanıstana birləşdirildiyini elan edir. Türklərə
qarşı yeni qətliam başlanır.
Nəhayət, iyulun 20-də Türkiyə dövləti
Kiprdəki türk əhalisini qırğınlardan qorumaq
üçün adaya hərbi kontingent yeritməli olur.
Adanın ikiyə bölünməsi başa çatır.
1975-ci ildə adanın türk bölümündə Kipr
Türk Federativ Cümhuriyyəti, 1983-cü il noyabrın 15-də
isə ŞKTC elan edilir. Kipr türklərinin öndəri
Rauf Denktaş prezident seçilir və 22 il ŞKTC-yə rəhbərlik
edir...
Ötən müddətdə Kipri yenidən yunanlarla
türklərin birgə yaşadığı vahid dövlət
halına gətirmək üçün səylər olsa da,
yunan tərəfin qeyri-konstruktivliyi üzündən bu,
baş tutmayıb. 2004-cü ildə BMT-nin baş katibi Kofi
Annanın vasitəçiliyi ilə anlaşma mümkün
görünürdü. Lakin yunanlar referendumda “Annan
planı”nı rədd etdi. Buna rəğmən beynəlxalq
müstəvidəki ədalətsizlik bir daha özünü
göstərdi və adanın yunan bölümü (Kipr
Respublikası adı ilə) təktərəfli qaydada Avropa
Birliyinə qəbul edildi. Türklərin “Annan planı”nı
qəbul etməsinə baxmayaraq, Şimali Kipr beynəlxalq
izolyasiyada qaldı və özgürlük haqqı
tanınmadı.
Bununla belə, ŞKTC mövcud şəraitdə və
Türkiyənin dəstəyi ilə inkişaf etməkdədir.
Son illərdə isə Türk Dövlətləri Təşkilatı
(TDT) müstəvisində Kipr türklərinə dəstək
özünü göstərir. Əlamətdar haldır ki, bu
müstəvidə Azərbaycan da fəal rolunu nümayiş
etdirir.
Məlum olduğu kimi, 2022-ci il noyabrın 11-də
TDT-nin Səmərqənddə (Özbəkistan) keçirilən
zirvə toplantısında ŞKTC təşkilata
müşahidəçi üzv qəbul edilib. Bundan sonra ilk
olaraq Azərbaycan Prezidenti İlham Əliyev ŞKTC lideri Ersin
Tatarı ölkəmizə dəvət etdi. 2023-cü ilin
oktyabrında bu səfər əsnasında Bakıda Şimali
Kipr günləri də təşkil edildi.
2024-cü ilin iyun ayında ŞKTC Prezidenti Azərbaycanın
dəvəti ilə TDT-nin Şuşada keçirilən
qeyri-rəsmi zirvə görüşünə
qatıldı. “Qarabağda digər türk dövlətlərinin
bayraqları ilə yanaşı dalğalanan
bayrağımız bütün dünya ictimaiyyətinə
verilən açıq-aydın mesaj oldu.
Qardaşlığımız Lefkoşadan Bakıya qədər
əbədi olacaq” – Ersin Tatar Azərbaycan rəhbərinə
təşəkkürünü ifadə edərək belə
demişdi.
Bu günlərdə, 6 noyabrda isə ŞKTC lideri
TDT-nin Bişkekdə keçirilən zirvə
görüşündə iştirak edib. Ersin Tatar
çıxışı zamanı türk dövlətlərini
ŞKTC-ni tanımağa və TDT-yə tamhüquqlu üzv qəbul
etməyə çağırıb.
Cümhuriyyətinin 41 yaşını qeyd edən
Şimali Kipr türkləri haqlı olaraq bu yolda dəstəyi
öz qardaşlarından gözləyir. Bu xüsusda rəsmi
Bakının mövqeyi isə bəllidir. “Azərbaycan olaraq
biz Şimali Kipr Türk Cümhuriyyətinin TDT-də
tamhüquqlu üzvə çevrilməsini dəstəkləyirik.
Şimali Kipr Türk Cümhuriyyəti Türk dünyasının
bir parçasıdır” – Azərbaycan rəhbəri bu il
iyunun 6-da TÜRKPA-nın Bakıdakı iclasına qatılan
nümayəndə heyətləri ilə görüşdə
belə deyib.
İndi qalır Türkiyə və Azərbaycanla bərabər
digər TDT üzvlərinin də səy birliyi ilə bunu
gerçəkləşdirmək...
Vüqar Orxan
Mədəniyyət .- 2024.- 15 noyabr,¹(84-85).- S.8.