“Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində”

 

Noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaşıl Zonada “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans təşkil olunub.

Konfransda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Qırğız Respublikasının birinci xanımı Aygül Japarova, Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyənin birinci xanımı Əminə Ərdoğan, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salim bin Məhəmməd əl-Malik, BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan, BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Regina De Dominikis iştirak ediblər.

Tədbir Mərkəzi Asiya və türkdilli dövlətlərin iqlim dəyişikliyinə qarşı mübarizəyə verdiyi önəmi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və gəncləri iqlim gündəliyinə cəlb etmək məqsədilə təşkil edilib.

Özbəkistan, Qırğızıstan və Türkiyənin birinci xanımları konfransda çıxış ediblər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konfransda çıxış edərək bildirib ki, panelin məqsədi onun adından bəllidir. Son tədqiqatlara görə, dünya gənclərinin 60 faizdən çoxu iqlim dəyişmələrini təxirəsalınmaz məsələ hesab edir.

Sıfır Tullantı Fondunun yaradılmasında təşəbbüs göstərmiş və ətraf mühitin, eləcə də mədəni irsin qorunmasına yönələn layihələrə töhfə verən Türkiyənin birinci xanımına, iqlim gündəliyində uşaq və gənclərin də iştirakının təşviqinə görə Özbəkistanın və Qırğızıstanın birinci xanımlarına minnətdarlığını bildirən Mehriban Əliyeva qeyd edib ki, qlobal iqlim dəyişikliyinin fəsadları Azərbaycandan da yan keçmir. Biz çay sularının, Xəzər dənizinin səviyyəsinin azalmasını müşahidə edirik və su qıtlığı təhlükəsi ilə üzləşirik. Hərçənd qlobal istixana tullantılarının cəmi 0,1 faizi Azərbaycanın payına düşür: “Biz havaya tullantıların azaldılması və təmiz enerjiyə keçidin həyata keçirilməsi kimi milli hədəflərimizə doğru gedirik. Bərpaolunan enerji sahəsində əldə edilən nailiyyətlərin cari tempi ilə biz 2027-ci ilə qədər quraşdırılan güclərimizin 32 faizə çatacağını, 2030-cu ilə qədər 30 faizlik azalma kimi ilkin hədəfə üç il əvvəl nail olacağımızı gözləyirik. Biz, həmçinin Ermənistanın işğalından azad olunmuş Qarabağ və Şərqi Zəngəzur regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında 2050-ci ilə qədər “xalis sıfır atılmalar zonası”nın yaradılmasına diqqət yetiririk. Yaşıl enerjinin istehsalı və ixracı Azərbaycanın enerji strategiyasında prioritet təşkil edir”.

Mehriban Əliyeva çıxışında onu da vurğulayıb ki, COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycan ətraf mühit məsələlərindən xeyli uzaq olan mülahizələr hesabına ədalətsiz hücum dalğası, yalan hekayətlər və ikili standartlar ilə üzləşib. Azərbaycan COP29-a ev sahibliyi etmək öhdəliyini üzərinə götürməklə Qlobal Cənub və Qlobal Şimal, eləcə də inkişaf etmiş və inkişaf edən ölkələr arasında körpülər salmağa çalışır. Bununla belə, bəzi hallarda dəstək vermək və konstruktiv dialoq aparmaq əvəzinə, biz çoxsaylı Qərb mətbuatında böhtan və qarayaxma kampaniyalarının hədəfinə çevrilmişik.

“Əslində, bəs bunun arxasında dayanan nədir? Bu cür çirkin kampaniyanın sponsorları hansı məqsədləri güdürlər? Əslində, biz cavabı bilirik... Riyakarlıq, həmçinin müxtəlif ölkələr tərəfindən öz iqlim öhdəliklərinə necə yanaşmasında özünü büruzə verir.

Əsrlər boyu çirklənmənin əsas mənbəyi və sərvətlərin məsuliyyətsiz istehlakçısı olmuş inkişaf etmiş ölkələr hazırda sərt hakim rolunda çıxış edir. Onlar digər ölkələrdən transformasiyanı tələb edir, lakin bununla belə, maliyyə və ya texnoloji baxımdan yardım etməyə tələsmirlər. Azərbaycan manipulyasiya və təzyiq deyil, səmərəli fəaliyyət, real həll variantları və ədalətli əməkdaşlığı arzulayan ölkədir. Biz platformamızdan elə istifadə etmək istəyirik ki, qlobal koalisiya yaransın və orada hər ölkənin – böyük və ya kiçik, inkişaf etmiş və ya inkişaf edən ölkənin mövqeyi, haqqı ədalətli şəkildə qəbul edilsin... Yalnız ədalətli əməkdaşlıq və real tədbirlərə hazırlıq bizi uğura aparacaq”, – deyə o əlavə edib.

Konfransda daha sonra Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın gənc ekofəallarının təqdimatları olu.

2024–2030-cu illər üçün nəzərdə tutulan “Mədəni inkişafın təşviqi və uşaqların, gənclərin iqlim gündəliyinə cəlb edilməsi üzrə Beynəlxalq Strategiya”nın imzalanması keçirilib.

Konfransdan sonra ali qonaqlar Yaşıl Zonada Heydər Əliyev Fondunun və Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonu – COP29-da Həmrəylik Mərkəzini ziyarət ediblər.

Pavilyona ziyarət zamanı birinci xanımlar Şamaxı rayonunda gənclərin və könüllülərin iştirakı ilə keçirilən ağacəkmə aksiyasını bağlantı vasitəsilə izləyiblər.

 

Mədəniyyət .- 2024.- 15 noyabr,¹(84-85).- S.3.