Xankəndidə caz
havası olacaq
Əslində, Xankəndidəki universitetdə mədəni
həyatın bu qədər tez qaynayacağı gözlənilən
idi. Mədəni mühitdə öz layihə və
konsepsiyaları ilə tanınan bəstəkar Türkər
Qasımzadənin Qarabağ Universitetində İncəsənət
fakültəsinin dekanı, novator tarzən Arslan Növrəslinin
İnstrumental ifaçılıq və musiqi müəllimliyi
kafedrasının müdiri təyin edilməsi bundan xəbər
verirdi.
Budur, noyabrın 22-də Qarabağ Universitetində
maraqlı konsert proqramı baş tutacaq. İncəsənət
fakültəsinin zalında “Arslan Növrəsli kvarteti”nin
konserti olacaq. Arslan müəllim Bakıdan təşrif
buyuracaq musiqiçi dostları – Əməkdar artist Ruslan
Hüseynov, Nicat Aslanov və Elvin Bəşirov, həmçinin
Qarabağ universitetində çalışan Əməkdar
artist Kamran Kərimov ilə birlikdə çıxış edəcək.
Tar ifaçılığında ilk dəfə
harmonik caz melodiyaları ilə çıxış edən məşhur
musiqiçinin təşkil etdiyi konsertdə onun universitetdəki
ilk tələbələri də səhnədə olacaqlar.
Konsert barədə xəbəri media hesabında
paylaşan Arslan Növrəsli fikrini belə ifadə edib:
“İlk dəfə Xankəndini caz havasına qərq edəcəyik.
Doğma, müqəddəs torpaqlarda çıxış etmək
dünyanın heç bir konsert salonu ilə müqayisə
oluna bilməz. Bir sıra maraqlı nömrələrlə
sizi təəccübləndirəcəyimizdən əminəm”.
Gülcahan
Mədəniyyət .- 2024.- 20 noyabr,¹(86).- S.4.