Nigar Qəhrəmanova dəvət edir

 

 

Beynəlxalq müsabiqələr laureatı, “Royal College of Music London”, “Norwegian Akademy of Music” kimi nüfuzlu ali məktəblərin məzunu, hazırda Norveçdə yaşayıb çalışan Nigar Qəhrəmanova illər sonra Bakıda konsert proqramı ilə çıxış edəcək.

Konsert dekabrın 4-də Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında keçiriləcək. Nigar Qəhrəmanova Xalq artisti Fəxrəddin Kərimovun rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə çıxış edəcək.

Proqrama daxil edilmiş əsərlər Azərbaycanda ilk dəfə ifa olunacaq. Musiqi axşamında üç ölkə bəstəkarının – Sevda İbrahimova (Azərbaycan), Jon Laukvik (Norveç) və Henrix Şmidtin (Almaniya) orqan və simli alətlər orkestri üçün konsertləri səslənəcək.

Nigar Qəhrəmanova öz sosial şəbəkə hesabında musiqisevərlərə konsertlə bağlı müraciətində qeyd edib ki, Sevda İbrahimova orqan və kamera orkestri üçün konsert bəstələmiş yeganə Azərbaycan bəstəkarıdır. Bu əsər 25 ildən sonra ilk dəfə ifa olunacaq. İfaçı bu əsəri müəllifin işıqlı xatirəsinə həsr etdiyini bildirib.

Əsərinin Bakı premyerasında iştirak etmək üçün Norveç bəstəkarı və məşhur orqan ifaçısı Jon Laukvikin də paytaxtımıza səfəri gözlənilir.

 

Gülcahan

Mədəniyyət .- 2024.- 20 noyabr,¹(86).- S.5.