Bakıda Tolerantlıq Evi açılıb

 

16 noyabr – Beynəlxalq Tolerantlıq Günü münasibətilə Bakıda, İçərişəhərdəki tarixi binalardan birində Tolerantlıq Evinin açılışı olub.

Burada Azərbaycanın tolerantlıq tarixini əks etdirən ekspozisiya, üç ənənəvi səmavi dinin atributları, müqəddəs dini kitablar, etnoqrafik eksponatlar, dini liderlərə aid təltiflər, şəxsi hədiyyələr və s. nümayiş etdirilir.

Açılış mərasimində çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Azərbaycanda tolerantlıq ənənələri dünyaya nümunədir. Tolerantlıq Evinin özü də bir nümunədir.

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri və nümayəndələri Tolerantlıq Evinin açılışını yüksək qiymətləndiriblər.

Azərbaycandakı Dağ Yəhudiləri İcmasının sədri Melix Yevdayev jurnalistlərə açıqlamasında bildirib ki, Tolerantlıq Evi ölkəmizdəki multikultural mühitin bariz nümunəsidir və buraya gələn qonaqlara Azərbaycanın nə dərəcədə tolerant ölkə olduğunu nümayiş etdirəcək.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi arximandrit Aleksi deyib: “Azərbaycanda bütün xalqlar və dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar. Dünya bunu təbii qarşılasa da, dinlər və xalqlar arasında fikir ayrılıqlarının çoxaldığı indiki dövrdə buna nail olmaq xüsusilə əhəmiyyətlidir. Azərbaycanda dini liderlərin mövqeyi dünyaya bir daha göstərir ki, müsəlmanlar, xristianlar və yəhudilər bu torpaqlarda birgə, sülh şəraitində yaşaya bilirlər”.

 

Mədəniyyət .- 2024.- 20 noyabr,№(86).- S.7.