“Üç günə sağ-salamat qayıdacağam...”

 

Şəhidlər özünün ən dəyərli olanını, yəni həyatını Vətən uğrunda fəda edən qəhrəmanlardır. Bu qəhrəmanların həyat hekayəsi sadəcə bir insanın yaşamını deyil, millətin mübarizə və azadlıq əzmini təcəssüm etdirir.

“Vətən fədailəri” rubrikasında haqqında söz açacağımız şəhid Seymur Əzizalıyev məhz bu keyfiyyətlərə malik olub. O, uşaqlığından Vətənə duyduğu sevgini həyatının hər anına daxil edərək bu uca mərtəbəyə yüksəlib.

Seymur Teyyub oğlu Əzizalıyev 2004-cü il iyulun 27-də İmişli rayonunda anadan olub. İmişli şəhər Nizami Gəncəvi adına 2 nömrəli tam orta məktəbi bitirib.

Seymur kiçik yaşlarından hərb sahəsinə böyük maraq göstərib. Məktəb illərində vətənpərvərliyi, səmimiyyəti, nümunəvi davranışı ilə seçilib. 2020-ci ildə Vətən müharibəsi zamanı 10-cu sinif şagirdi olan Seymur hərbçi olacağı ilə bağlı qəti qərarını verib. Orta məktəb dövründə idmanla da məşğul olub, güləş və kikboksinq üzrə dəfələrlə yarışlarda uğur qazanıb, hətta rayon üzrə birincilik də qazanıb.

2022-ci ildə hərbi xidmətə yollanıb, çevikliyi və bacarığı sayəsində normativlərin öhdəsindən layiqincə gələrək xüsusi təyinatlılar sırasında kəşfiyyatçı kimi seçilib.

2023-cü ilin 19-20 sentyabrında düşməni doğma yurdumuzdan tamamilə təmizləmək, uzun illərdir Qarabağda kök salmış erməni separatizminin axırına çıxmaq üçün müzəffər Ordumuz tərəfindən lokal xarakterli antiterror əməliyyatı həyata keçirilir. Seymur da bu şərəfli missiyada iştirak edir. O, qarşıya qoyulan döyüş tapşırıqlarını layiqincə yerinə yetirərək Xocavənd və Xocalı ərazisində gedən əməliyyatlarda xüsusi şücaət göstərir. Xankəndi şəhəri istiqamətində növbəti əməliyyat tapşırığını yerinə yetirən zaman düşmən tərəfindən atılan minomyot mərmisi Seymurun yaxınlığında partlayır və o, qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.

İmişli rayon Göbəktala kənd qəbiristanlığında torpağa tapşırılan Seymur Əzizalıyev döyüşlərdə göstərdiyi şücaətə görə dövlət başçısının sərəncamları ilə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilir.

Şəhidin anası Adilə Əzizalıyeva övladının vətənpərvər olduğunu deyir: “O, uşaqlığından hərbçi olmaq arzusunda idi. Əsgər geyimini çox sevirdi. Daim Vətən haqqında mahnıları dinləyirdi. Xidmət ərzində çəkdirdiyi şəkilləri mənə göndərib saxlamağımı tapşırırdı”.

Şəhidin atası Teyyub Əzizalıyev Seymurla sonuncu dəfə ötən il sentyabrın 18-də əlaqə saxladıqlarını bildirir: “O, telefonla danışan zaman anasına dedi ki, məndən narahat olmayın, üç günə sağ-salamat qayıdacağam. Lakin qardaşı ilə son danışıqlarında “Qağa, müharibə artıq başlayıb, biz döyüşə gedirik. Anamdan, atamdan muğayat ol” deyə söyləmişdi. Seymur sevdiyi hərbi forma altında şəhadət şərbətini içdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Seymurun həyatında qəhrəmanlıq zirvəsi döyüşdə şəhidliklə tamamlandı. O öz canını Vətənin bütövlüyü uğrunda fəda etdi. Seymur kimi şəhidlərimiz öz mübarizəsi, Vətənə olan sevgisi ilə xalqın yaddaşında əbədi yaşayacaqlar.

Ruhu şad olsun.

 

Nurəddin

Mədəniyyət .- 2024.- 20 noyabr,¹(86).- S.6.