Zülfüqar kimi...
Kimisə, nəyisə müqayisə edəndə və
ya bənzədəndə “kimi” qoşmasından istifadə
edirik. Onu tanıyanlar yaxşı bilir ki, güclü
xarakteri, böyük Vətən sevgisi, yüksək peşəkarlığı,
sarsılmaz qüruru, dəyişməz idealları vardı
Zülfüqar Rüfətoğlunun. O, Vətənini sevdiyinə
görə repressiya edilən və uzaq Sibirdə ölən
babası Zülfüqar Əhmədzadənin adını
daşıyırdı, bənzərsiz satirikimiz Rüfət
Əhmədzadənin oğlu idi.
“Ot kökü üstə bitər” ifadəsini əbəs
yerə deməyib atalar. Bəli, sözün bütün mənalarında,
öz kökünün üstündə bitmişdi. 35 ildir
yaşadığı və bildiyim qədər soyuqqanlı
insanları olan uzaq Londonda isti Vətən sevdasını,
qaynar təbini, doğma Bakıya
bağlılığını itirmədi...
Bu günlərdə (9 noyabr) onun vəfat xəbərinə
çox sarsıldım. Qardaşı, Azərbaycan Dövlət
Kukla Teatrının direktoru Rəşad Əhmədzadənin
sayəsində Zülfüqar bəyi yaxından tanımaq,
ünsiyyətdə olmaq imkanı qazanmışdım.
Bir neçə il əvvəl Bakıya növbəti
gəlişində atası haqqında xatirələrini
soruşub yazı hazırlamışdım. Onda mənə
anlaşılmaz, bəlkə də uzaq görünən bir
fikri indi ilğım kimi gözlərimi qaraldır: “Atam “xalq
düşməni”nin oğlu ağrısı, münasibəti
ilə yaşadı və heç vaxt barışmadı”...
O, çox sevdiyi Bakıya ildə bir dəfə də
olsa, gəlirdi. Gəlişlərinin birində də hələ
ki, ilk şeirlər kitabı olan “Mavigözlü ögey ana”
(Londonu belə təsvir edirdi) kitabını imzalı hədiyyə
etdi. Şəkil çəkdirdik. Sonra onun gənclik
dövrünün jurnalistikasından danışdı. Dedi
ki, hansısa yazıya, hətta bir sətiraltı mənalı
sözə görə də sanki adamı məhşər
ayağına çəkirdilər. O bu zillətlərdən
çox keçmişdi deyə ürəyi dolu idi. Söhbətimizin
sonunda ona “Zülfüqar bəy, siz biz nəsil jurnalistlərin
ustadısınız” dedim. Unutmuram, “Zarafat eləməyin,
cavansınız, özünə ustad deyənlərə də
çox fikir verməyin. Jurnalistika fərdi peşədir. Hərə
özü kimidir. Ya var, ya da yoxdur. Heç bilmirəm bu
“ustad” sözünü kim ortaya salıb” deyib xəfif güldü.
Əslində, israrla yox, siz ustadsınız deyəndə
6 dildə sərbəst danışıb 4-ünü ana dili
kimi bilən, jurnalistikanın bütün janrlarında mükəmməl
yazan, bundan başqa, zəngin poetik dünyası olan bir
insanın bu qədər təvazökar olması məni məftun
etmişdi.
İndi o görüşləri xatırladıqca qəhər
qarışıq qürurla “Nə yaxşı belə bir
insanı şəxsən tanımışam” deyib amansız
itkinin verdiyi kədər yükündə özüm
üçün nəfəslik açıram...
Artıq neçə gündür ki, onun köhnə-yeni
yazılarını, şeirlərini, hətta
statuslarını oxuyuram. Bilirsiniz məni ən çox nə
cəlb edir? 35 il Vətəndən uzaqda yaşayasan, poliqlot
olasan, amma sadə ünsiyyətində belə bir kəlmə
də olsun əcnəbi sözdən istifadə etməyəsən.
Hə, məqamdır, qoy onu da deyim. Zülfüqar bəyin
oğlu Tural Əhmədzadə körpəlikdən Londonda
yaşayır. Orta və ali təhsilini orada alıb. BBC-də
çalışıb, indi də İngiltərənin
nüfuzlu qəzetinin bölmə rəhbəridir. O, ötən
il Bakıda olarkən geniş söhbətimiz oldu. 4-5 dil bilən
Tural da atası kimi bir kəlmə olsun rus, ingilis sözlərindən
istifadə etmədi. Anasını körpə
çağında itirən Turalın ana dilini bu qədər
mükəmməl mənimsəməsi də, sözsüz
ki, atasının sayəsində mümkün olmuşdu.
Axı o, oğlunu
“Bu dünyada ən kədərli layladır
Ana deyil, tənha ata laylası.
Körpə idin, sığınardın sinəmə,
Nə bilərdin sinəm kədər laylası…” ilə
böyütmüşdü...
Zülfüqar Əhmədzadə 22 iyun 1958-ci ildə
Bakı şəhərində yazıçı, satirik
şair Rüfət Əhmədzadənin ailəsində
anadan olub. 1975-ci ildə 172 nömrəli orta məktəbi
qızıl medalla başa vurub. 1980-ci ildə isə Azərbaycan
Pedaqoji Xarici Dillər İnstitutunu (indiki ADU) fərqlənmə
diplomu ilə bitirib. 1985-ci ildən mətbuat sahəsində fəaliyyətə
başlayıb, “Azərbaycan qadını” jurnalı,
“Kommunist”, “Səhər”, müstəqillik illərində “Xalq
qəzeti” və “Azərbaycan” qəzetlərində
çalışıb. 20 ilə yaxın Londonda BBC radiosunun
Azərbaycan xidmətində fəaliyyət göstərib.
1996-cı ildə BBC-nin xətti ilə Ermənistanda,
işğal altındakı Şuşa və Xankəndi şəhərlərində
olub. Bu səfərdən sonra “Atəşkəs kölgəsində”
adlı radiooçerklər silsiləsini qələmə
alıb.
Bədii yaradıcılıqla da məşğul olan
Zülfüqar Rüfətoğlunun şeirləri mütəmadi
olaraq müxtəlif mətbuat orqanlarında dərc olunub.
Görkəmli bəstəkarlar Emin Sabitoğlu, Eldar Mansurov,
Cavanşir Quliyev onun sözlərinə mahnılar
yazıblar.
Zülfüqar bəy, əslində, nikbin adam idi.
Ünsiyyətcil, dürüst, fikirlərində azad və
müasir. Ölkəmizdə baş verən bütün hadisələrdən
xəbərdar idi. Vətən, vətənpərvərlik,
Qarabağ onun üçün şərəf, ləyaqət
məsələsi idi. Mənə görə, Vətən
müharibəmiz üçün yazılan ən təsirli bədii
nümunələrdən biridir “Avtobus” şeiri.
Heç vaxt unutmaram o avtobusu...
Adlar sadalandı, başlandı minik.
İki dayanacaq var idi yolda,
Biri qazilikdi, biri şəhidlik.
Nəğmə deyə-deyə, rəqs edə-edə,
Sanki gedirdilər toya, düyünə,
Az sonra avtomat asacaqdılar,
Hələ yük görməyən zərif
çiyinə.
Heç görməmişdilər,
Eşitmişdilər adını Şuşanın,
Ya Zəngilanın,
Heç 19 yaşı hələ yox idi,
Mənim əvəzimə ölən oğlanın...
Lap tezdən getdilər,
Günəş doğmadan,
Körpə balaları oyatmadılar,
Hamı qayıtmaqçün
çıxmışdı evdən,
Getdilər... Bir daha qayıtmadılar”...
“Tələsdi, nə yaman tələsdi bu qış,
Gecikdi, gəlmədi gözlədiklərim” deyən şair
ölümə tələsərək bizi xatirələrin
ümidinə qoydu. Beləcə, bizim də “Yol çəkmək
gözüm(üz)ün adəti oldu”.
Şair qəlbi görün nələrə
üzülür, nələrin dərdini çəkir:
Qayıtmayan şeylər vardır,
Göz yaşı gözə qayıtmır,
Çox “hələlik” deyən dostlar,
Gedir və bizə qayıtmır.
Zülfüqar Rüfətoğlu aktiv sosial şəbəkə
istifadəçisi idi deyə düşüncələrini,
yaradıcılığını davamlı izləyirdim.
Günlərin bir günü bərk
darıxdığını hiss etmək və bəlkə də
etdirmək üçün bir şeir
paylaşmışdı. Şeir məni bərk tutmuşdu:
Daha zəng eləmirlər,
Darıxmıram heç mən də.
Əvvəlkitək dərd olmur
Qəfil yada düşəndə.
Şeir məni təzədən kitaba qaytardı və
onun bütün vəfasızlara şillə kimi dəyən,
əqidəsini satmışları şallaqlayan
misralarını dönə-dönə oxudum:
Bilsək bizi kim satacaq,
Bəlkə heç nə danışmazdıq.
Özgə dərdə qarışmazdıq,
Təslim olub vuruşmazdıq,
Bilsək bizi kim satacaq...
Bütün ölümlər kədərlidir, bilirəm.
Amma qürbət ölümü, qəriblikdə torpağa
tapşırılmaq bu balaca dünyanın bəlkə də
ən böyük əzabıdır. Məni bir də bu
göynətdi. Zülfüqar bəyin Bakıda dəfni ilə
bağlı çalışan, amma oğlu Turalın istəyinə
qarşı çıxa bilməyən, qardaş itkisindən
bir neçə saatın içində dünyanın ən
kədərli adamına çevrilən zarafatcıl, şən
Rəşad müəllimin “Hamımız Allaha bir can borcluyuq
və mütləq bir gün gəldiyimiz kimi də gedəcəyik.
Amma məni yandıran iki Azərbaycan sevdalısının –
baba və nəvə Zülfüqarın Vətəndə dəfn
olunmamasıdır. Babam soyuq Sibirdə, qardaşım da uzaq
Londonda qaldı” deyib uzun sükuta qərq olmasını izləmək
çox ağır idi...
Axı Zülfüqar Rüfətoğlu Londona
“ögey ana” demişdi, ona heç öyrəşməmişdi.
Əvəzində “Mənim uzaqlarda bir şəhərim var”
dediyi Bakıya sevgisini az qala bütün şeirlərinə
köçürmüş, həsrətini hər
misrasına hopdurmuşdu.
90-cı illərin ortalarında qələmə
aldığı bir şeirində, əslində, öz
taleyini, ömrünün son akkordlarının ladını
müəyyən etmişdi:
Mən Bakıda doğulub
Londonda ölərəmsə,
Kim mənə ağlayacaq,
Ağla məni, yu məni,
Ağla məni o ki var.
Sən hardan biləsən ki,
Mən həyatda o qədər
Göz yaşları qurutdum,
Özüm öz günümə,
Ağlamağı unutdum.
Elə bu misralarla da vidalaşıram Zülfüqar
Rüfətoğlu ilə və deyirəm “Tələsdi, nə
yaman tələsdi bu qış”...
Həmidə Nizamiqızı
Mədəniyyət .- 2024.- 20 noyabr,¹(86).- S.6.