COP29-un qonaqları
muzeylərdə
BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyası Tərəflər
Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək
üçün Bakıya gələn əcnəbi qonaqlar
üçün mədəni proqram tərtib olunub. Onlar
paytaxtdakı muzeyləri də maraqla ziyarət edirlər.
Beynəlxalq Muzeylər Şurasının (ICOM)
baş direktoru Medea Ekner və qurumun Kommunikasiya şöbəsinin
rəhbəri Kristian Soberq Azərbaycan Milli İncəsənət
Muzeyində olublar.
Direktor Şirin Məlikova qonaqlara muzeyin tarixi, zəngin
kolleksiyası, mədəni və təhsil proqramları, digər
fəaliyyət sahələri haqqında məlumat verib. Milli
İncəsənət Muzeyinin ICOM-un irəli
sürdüyü devizlər istiqamətində müxtəlif
layihələrlə aktiv iştirak etdiyi nəzərə
çatdırılıb.
ICOM təmsilçiləri muzeyin daimi ekspozisiyası,
COP29 çərçivəsində açılmış
“Səttar Bəhlulzadə – təbiətin ecazkar
nağılı”, “Vəcihə Səmədova – 100: sənətkar
ömrünün səhifələri”, rəssam Məmməd
Mustafayevin “Gizli və aşkar” sərgiləri ilə
tanış olub, öz təəssüratlarını xatirə
kitabına yazıblar.
Ziyarət zamanı ICOM ilə Milli İncəsənət
Muzeyi arasında əməkdaşlığa dair fikir
mübadiləsi də aparılıb.
***
COP29 çərçivəsində Azərbaycanda səfərdə
olan Malayziyanın paytaxtı Kuala Lumpurun meri, BMT-nin Məskunlaşma
Proqramının (UN-HABİTAT) sabiq icraçı direktoru
xanım Maimunah Mohd Şərif də Milli İncəsənət
Muzeyini ziyarət edib.
Direktor Şirin Məlikovanın müşayiəti ilə
muzeylə tanış olan qonaq görkəmli Azərbaycan rəssam
və heykəltaraşlarının daimi ekspozisiya və sərgilərdə
nümayiş etdirilən əsərlərinə maraqla
baxıb.
Xatirə dəftərinə ürək sözlərini
yazan Maimunah Mohd Şərif muzeydən xoş təəssüratla
ayrılıb.
***
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinə də bu günlərdə COP29
iştirakçısı olan çoxlu sayda qonaq gəlir.
Onların arasında Braziliya Xarici Əlaqələr
Nazirliyinin müşaviri Qabriela Vieria da olub.
Muzeyin direktoru akademik Rafael Hüseynov qonaqla
görüşüb. Səmimi söhbətdən sonra muzeydən
braziliyalı diplomata “Nizami muzeyinin xalçaları” kitabı
hədiyyə edilib.
Bakıya səfəri ilə bağlı təəssüratını
bölüşən Qabriela Vieria qeyd edib ki, gələn il
COP30 Braziliyada keçiriləcək. O, ölkəmizdə
keçirilən tədbirlərdən çox
faydalandığını, xüsusən könüllülərin
fəaliyyətindən razı qaldığını deyib.
***
COP29-a qatılan Bəhreyn Krallığının
nümayəndələri – ətraf mühitin mühafizəsi
üzrə layihə mühəndisi Cihad Cəfər və
memar Xulud əl-Əkbər də Nizami muzeyində olubla.
Onlar muzeydə Ərəb xilafəti, Xətib Təbrizi
və Əbüləla əl-Məərri, İsmayıl ibn
Yəsar haqqında məlumatları maraqla dinləyib,
“Dörd fəsil” mövzusunda Təbriz xalçasına (XX əsr),
Nizami Gəncəvinin “Xəmsə”si əsasında 1939-1941-ci
illərdə Bakıda toxunmuş xalçalara baxıblar.
Qonaqlara muzeyin nəşrlərindən “Məhsəti
Gəncəvi. Portret-oçerk” (ərəb dilində) və
“Nizami muzeyinin xalçaları” kitabları təqdim olunub.
***
Polşa İqlim və Ətraf Mühit Nazirliyinin
dövlət katibi və nazir müavini Kşiştof Bolesta və
nümayəndə heyəti Milli Azərbaycan Tarixi Muzeyini
ziyarət edib.
Qonaqlara Azərbaycanın zəngin mədəni və
tarixi irsini əks etdirən eksponatlar barədə geniş məlumat
təqdim olunub. Həmçinin muzeyin yerləşdiyi bina – məşhur
polşalı memar İosif Qoslavskinin layihəsi əsasında
inşa edilən tarixi tikili barədə ətraflı
informasiya verilib.
Ekspozisiyadan böyük təəssürat
aldığını vurğulayan Kşiştof Bolesta qeyd
edib ki, polşalı memarların layihələri əsasında
inşa edilmiş binalar Azərbaycan-Polşa mədəni əlaqələrinin
tarixi köklərini əks etdirir.
Mədəniyyət .- 2024.- 20 noyabr,№(86).- S.1;3.