Bu sərgidə
gözünüz və könlünüz dinclik tapacaq...
Xəbər verdiyimiz kimi, noyabrın 15-də Azərbaycan
Milli Xalça Muzeyində “İqlimlər və ilmələr”
adlı beynəlxalq sərgi açılıb. Ölkəmizin
ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyası Tərəflər
Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan sərgi
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və
Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı
ilə keçirilir.
Noyabrın 30-dək davam edəcək sərgidə
ölkəmizdən, ABŞ, Birləşmiş Ərəb
Əmirlikləri, Meksika və Rusiyadan tanınmış rəssamların
bəşəri dəyərə malik Azərbaycan xalça
sənətindən, onun ənənəvi
naxışlarından ilhamlanaraq yaratdıqları bir-birindən
fərqli əsərlər yer alır. Sərginin məqsədi
müasir sənətkarların qədim ənənələrimizə
əsaslanaraq yeni üslubda və texnikada yaratdıqları əsərlər
vasitəsilə tamaşaçıların diqqətini iqlim dəyişikliyinə
qarşı mübarizənin, sağlam həyat tərzinin əhəmiyyətinə
yönəltmək, ekoloji problemlərin həllinə, ətraf
mühitin mühafizəsinə səsləməkdir.
Sərginin açılış mərasimində bir
qələbəlik var idi. Bir sıra ölkələrin səfirləri,
COP29-da iştirak etmək üçün ölkəmizə
səfər edən qonaqlar və yerli mədəniyyət
xadimləri və digər şəxslər
qatılmışdı. İnsan seli seyrələndən
sonra sərgilənən əsərlərlə yaxından
tanış oluram. Xalça Muzeyi bu dəfə də fərqli
bir layihə ilə ziyarətçiləri heyrətləndirə
bilib.
İlk olaraq “Landşaft silsiləsi” və
“Parıltı silsiləsi” adlı işlərdən söz
açmaq istərdim. Əl işi olan bu xalçalar Şəmkir
rayonunda fəaliyyət göstərən peşəkar
toxucularla rəssam Aida Mahmudovanın işbirliyinin nəticəsidir.
Onlar rəssamın dünyagörüşünü, onun ənənə
və müasirliyin vəhdətindən ərsəyə gələn
çoxqatlı fəlsəfi əsərlərinin mahiyyətini
xalçalarda əks etdiriblər. Bu işlər cəmiyyətin
gücünün, qadınların tükənməz
yaradıcılıq enerjisinin sübutudur. Xalçalarda qədim
sənətkarlıq texnikaları ilə müasir yanaşmanın
harmonik ahəngi, keçmiş və müasir dövr
arasındakı qırılmaz bağların təcəssümü
əks olunub. Sənətinə yaxından bələd
olduğum, dəfələrlə müsahibə
aldığım Elmira Abbaslının ənənəvi
texnika ilə metal tullantılardan, əsasən konserv
qutularından şəbəkə texnikasında
hazırladığı zərgərlik məmulatları da sərginin
maraqlı eksponatları sırasındadır. Qadın bəzək
dəstinə “piyaləzəng” sırğa, “sinəbənd”
boyunbağı və “aynalı” kəmər daxildir.
Əsərləri hər zaman sənət aləmində
müzakirələrə səbəb olan Faiq Əhmədin təqdim
etdiyi layihə də unikallığı ilə seçilir. Rəssamın
ikinci emalın beynəlxalq nişanı olan “Universal Recycling
Symbol”u (sonsuzluq əlaməti olaraq Möbius lenti ilə qapanan
üç ox) ifadə edən “Recycled” əsəri xovsuz
xalça növlərindən olan cecimdən yaradılıb.
Azərbaycan xalçalarının təsvir və ornamentlər
sisteminin çağdaş müəlliflərin gələcək
yaradıcılıq axtarışları üçün əsas
mənbə olması və bunun milli ənənələrin
qorunmasına zəmanət verməsi orijinal kompozisiyaya malik əsərin
ötürdüyü əsas mesajdır.
Növbəti zalda sərgilənən daha maraqlı
bir əsər isə “Dərviş”dir. Bu əsərin
qarşısında xeyli insanın foto və video çəkdiyini
görürəm. Əsər diplomat Nigar Axundovanın da diqqətini
çəkib. Müəllifdən əsər haqqında məlumat
alırıq. Məhər Məhərrəmov deyir ki,
instalyasiyanı şüşə sənəti sahəsində
apardığı təcrübələrin nəticəsi
olaraq sintezləmə texnikasında modul hissələr əsasında
yaradıb. Müəllif Azərbaycanın xovsuz xalça
növü olan üzərində dəvə karvanı təsvir
edilmiş şəddədən ilhamlanıb.
Sərgidə Məmməd Rəşidovun tullantı
metal, məftil və s. kimi materiallardan dəvə karvanı
“Yeni üfüq” əsərini, Milena Nəbiyeva “Azərbaycan
Uşaqları” İctimai Birliyi ilə birgə corab
toxunmasında istifadə olunan artıq saplardan
yaratdığı “Bəhmənli” xalçasını seyr
edirik. Təranə Əliyeva isə 11 nömrəli
İnteqrasiya təlimli internat məktəbinin şagirdləri
ilə birgə xalça toxunan zaman sapların kəsilməsindən
yaranan tullantılardan xalça yaradıb. Xalça ilin
dörd fəslini təcəssüm etdirir.
Beynəlxalq sərgidə rusiyalı, meksikalı,
ABŞ və BƏƏ-dən olan rəssamların əl
işləri maraq doğurur. Diqqətçəkən
qonaqlardan biri də Natalya Boçkarevadır. Aktrisa kimi məşhur
olan Natalya həm də rəssamlıqla məşğuldur.
Vaxtilə turist qismində Milli Xalça Muzeyini ziyarət edərkən
burada nümayiş olunan eksponatlar xüsusilə “Gəncə-buta”
xalçası öz rənginə və kompozisiya sxeminə
görə sənətçini heyran edib. O, xalçalardan və
ornamentlərin semantik mənalarından ilhamlanaraq
şüşədən xalça yaradıb. Rusiyalı rəssam
“Alovda doğulmuş” adlı əsərlə ictimaiyyətin
diqqətini ətraf mühit problemlərinə yönəldir
və sənətkarlıq nümunələrini yaratmaq
üçün tullantılardan istifadə oluna biləcəyini
göstərir. Sənətkar eyni ölçüdə, rəngi
və forması uyğun gələn şüşə
butulkaları toplayıb, onları əridərək “Gəncə-buta”
xalçasının kompozisiyasını yaradıb.
Nnenna Okore (ABŞ) təkrar emal olunmuş qəzetlərdən,
məftillərdən və akril boyadan hazırlanmış
“Şans” adlı əsərini təqdim edir. Bu əsər
dörd fəsli və qlobal istiləşmənin planetə təsirini
metaforik olaraq əks etdirir. Burada rəssam
tamaşaçıları ağlamaq üçün deyil,
zövq almaq üçün bir dünya qurmağa səsləyir.
Məhz bu baxımdan da əsər göz oxşayır.
Bir neçə gün əvvəl Meksika səfirliyinin
təşkil etdiyi tədbirdə kiçik ölçüdə
təqdim olunan taxta tozundan hazırlanan əsərin orijinal
variantını da bu sərgidə görürük. Pedro
Sezar Peralta “Kəsişən xətlər” əsəri ilə
Azərbaycan və Meksikanın zəngin mədəni irsi olan
xalça sənəti əsasında ənənələri,
mədəniyyətləri birləşdirmək
ideyasını reallaşdırıb. Əsər Bakıda
keçirilən COP29-a həsr olunub.
Əməkdar rəssam Taryer Bəşirovun “Təbiətdən
xalça naxışlarına” əsəri və COP29-a həsr
olunan “Yaşıl dünya” xalçası Azərbaycan təbiətini
tərənnüm edir. Muzeyin Ənənəvi texnologiya
şöbəsində 50 rəng çalarından istifadə
edilməklə ərsəyə gətirilən
xalçanın hanadan kəsimi də elə sərginin
açılışında reallaşıb.
Təbiət, xalça, insan, ekoloji tarazlıq və
kainat. Sərginin mesajı da təmiz dünya, keçmişə
ehtiram gələcəyə ümiddir.
Düşünürük ki, bu unikal sərgini izləsəniz,
gözünüz, könlünüz dinclik tapacaq.
Lalə Azəri
Mədəniyyət .- 2024.- 20 noyabr,¹(86).- S.5.