“Azərbaycan mənim ruhumdur”

 

Moskvada qarabağlı rəssam Cahid Camalın sərgisi

 

Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) “Azərbaycan” pavilyonunda “Cahid Camal: Azərbaycan mənim ruhumdur” adlı fərdi sərgi açılıb.

Rusiyanın Əməkdar rəssamı Cahid Camalın (1928–2011) yaradıcılığına həsr olunan sərgi Azərbaycan Beynəlxalq Bankı Moskva filialının (MBA-Moscow bank) dəstəyi ilə təşkil edilib.

“Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova giriş sözündə diqqətə çatdırıb ki, Cahid Camal Qarabağda, Ağdam rayonunun Gülablı kəndində anadan olub. Sərgidə onun Qarabağa həsr olunmuş əsərləri – tarixi vətəninə sevgisini əks etdirən “Qarabağnamə” silsiləsi ilk dəfə olaraq ictimaiyyətə təqdim olunur. Rəssam bir müddət Monqolustanda yaşayıb, Ulan-Batorda Dövlət Pedaqoji İnstitutunun Qrafika kafedrasında məsləhətçi-müəllim işləyib, bu ölkəyə çoxlu sayda əsər həsr edib. Cahid Camal həmçinin XTNS-də “Azərbaycan” pavilyonunun baş rəssamı olub.

Ölkəmizin Rusiyadakı səfiri Rəhman Mustafayev çıxışında Azərbaycanın dünyaya çoxlu istedadlı insanlar bəxş etdiyini vurğulayıb. Bildirib ki, Cahid Camalın yaradıcılığı üç ölkə – Azərbaycan, Rusiya və Monqolustanla bağlı olub: “Bu təəccüblü deyil, çünki Azərbaycanın mədəniyyət və incəsənət xadimləri öz əsərlərində həmişə müxtəlif xalqların mədəniyyətini birləşdiriblər. Bu bizim dünyamızdır, həm də Azərbaycan sivilizasiyasıdır və Cahid Camal onun ən parlaq nümayəndələrindən biri olub”.

Ölkəmizin mədəni irsinə maraq göstərdiklərinə görə iştirakçılara təşəkkürünü bildirən diplomat qeyd edib ki, son illərdə XTNS-dəki “Azərbaycan” pavilyonu mədəniyyətimizin təbliği mərkəzinə çevrilib.

Politoloq Sergey Markov “Azərbaycan” pavilyonundakı tədbirlərə, o cümlədən Cahid Camalın sərgisinə böyük məmnuniyyətlə gəldiklərini deyib: “Minnətdarıq ki, “Azərbaycan” pavilyonu Rusiya ictimaiyyətini belə rəssamların yaradıcılığı ilə mütəmadi tanış edir”.

Cahid Camalın əsərlərinin kuratoru Svetlana Fedotova rəssamın Azərbaycana həsr etdiyi əsərlərin əksəriyyətinin ilk dəfə sərgiləndiyini diqqətə çatdırıb: “Moskvada yaşamasına baxmayaraq, Cahid Camalın rəsmləri onun Azərbaycana olan sevgisini ifadə edir. Rəssamın Qarabağa həsr etdiyi əsərlər heyranedicidir. O, bu rəsmlərdə işğal zamanı bir çoxu dağıdılmış küçələri və evləri əks etdirib”.

Sərgidə rəssamın 50-yə yaxın əsəri yer alıb. “Kəlbəcər”, “Şuşa”, “Natəvan”, “Qaçaq Nəbi” və digər rəsm əsərləri ziyarətçilərin xüsusi marağına səbəb olub.

Qeyd edək ki, Cahid Camal Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra təhsilini V.İ.Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunda davam etdirib. 50-ci illərdən Moskvada fəaliyyət göstərib. Teatrlarda dekorçu, kitab qrafikası sahəsində illüstrator kimi də tanınıb, “Soyuzmultfilm”də animator kimi də çalışıb. Əsərləri Moskvadakı Dövlət Rus Muzeyində, Dövlət Şərq İncəsənəti Muzeyində, Bakıda Milli İncəsənət Muzeyində, Ulan-Batordakı Tsedenbal Muzeyində,  həmçinin müxtəlif ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.

 

Mədəniyyət .- 2024.- 20 noyabr,¹(86).- S.8.