Qırğızıstandan gələn
“Adəm”
Bizə səhnədən hansı mesajları verdi?
Hamımızın evi olan Yer kürəsi
böyük sıxıntılar içindədir. Savaşlar,
təbiətin öz şıltaqlıqları,
qısacası, dünyanı başına alan fəlakətlər
onun düzənini ciddi şəkildə pozub. Ola bilər bunu
bir çoxumuz çox gec başa düşmüşük,
ya da heç fərqində deyilik. Amma ağacdan düşən
sonuncu yarpaq qışdan sonrakı baharda açacaq
tumurcuğun müjdəçidirsə, deməli, hələ
nə isə işıq var...
Qırğızıstandan gələn və əsası
gənclərdən ibarət truppanın 13-14 noyabr tarixlərində
Bakıda, Akademik Musiqili Teatrın səhnəsində
nümayiş etdirdiyi “Adəm” balet-tamaşası da bizə o
işığı göstərdi.
Aktyor-rejissor Çaqaldak Zamirbekov və balet artisti
Alina Mambetalievanın quruluşunda təqdim olunan
balet-tamaşa Qırğızıstanın “Artist” teatr
truppasının təşəbbüs qrupu ilə Abdılas
Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera
və Balet Teatrının birgə layihəsidır.
Nümayişdən öncə tamaşa haqqında
geniş məlumat verən qırğız nümayəndələr
vurğuladılar ki, “Qırğızıstan Tələbələri
Yaşıl İqtisadiyyat Naminə” İctimai Birliyi və
ATƏT-in Bişkekdəki Proqram Ofisinin dəstəyi ilə ərsəyə
gələn bu layihənin əsl mahiyyəti dünya əhalisini
planetin ekoloji tarazlığının bərpası
üçün birgə mübarizəyə
çağırışdır.
Sonra Azərbaycan mədəniyyət nazirinin
müavini Murad Hüseynov və Qırğızıstanın
təbii sərvətlər, ekologiya və texniki nəzarət
naziri Mader Maşiyev səhnəyə dəvət olundular.
Onlar bu layihənin BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyası Tərəflər
Konfransının 29-cu sessiyasının (COP29) keçirildiyi
günlərdə Bakıda təqdimatının əhəmiyyətini,
yaşıl dünya naminə birləşməyin, həmrəyliyin
vacibliyini qeyd etdilər.
Birhissəli tamaşa, xoreoqrafik elementlərlə zəngin
maarifləndirici performans da deyə biləcəyimiz “Adəm”
maraqlı bir mövzunu – İnsan, Cəmiyyət və Təbiət
arasındakı ziddiyyətləri önə çəkir.
Özü də sadə təsvir ilə. Məsələn,
hamımızın mənzilimizdən,
üst-başımızdan silib-süpürüb təbiətin,
böyük evimiz olan dünyanın “üstünə”
atdığımız zir-zibillərlə. O zibillər ki,
sonradan üzərimizə yük kimi, sel kimi gəlir...
Tamaşa boyu gərgin musiqi və rəqs elementləri
təbii ehtiyatların davamlı istismarı, flora və
faunanın məhv edilməsi, biznes və iqtisadi inkişaf
naminə kütləvi istehsal və istehlakın
tullantıları ilə Yer kürəsinin sürətlə
çirklənməsinə və bütün bunların bəşəriyyəti
qlobal ekoloji böhrana gətirib çıxarmasına kəskin
vurğu idi.
Bu “Adəm” o Adəmdən daha günahkardır. O Adəmin
günahının cəzası alma ilə dünyaya göndərilmək
idisə, bu “Adəm”in cəzası dünyadan məhrumluqdur.
Ekoloji cəhətdən dayanıqlı gələcək
uğrunda mübarizədə əsas addım ekoloji mədəniyyətin
formalaşdırılması, yəni canlı təbiətə
sevgi və dəyərə əsaslanan münasibətdir ki,
qırğız sənətçilər səhnədə
diqqəti buna yönəltmək üçün dəridən-qabıqdan
çıxdılar. Bəzən sadə sinxronluğun
pozulmasını, baletə xas ritmik elementlərdə
kasadlığı nəzərə almasaq, maarifləndirici
nöqteyi-nəzərdən nümunə vacib mesajını
ötürə bildi. Başlıca mesaj isə təbii irsin
qorunub saxlanılması, ekoloji mədəniyyətin
inkişafı, ekoloji dayanıqlılıq naminə hərəkatda
öncüllükdür.
Qırğızıstanda 2022-ci ildə elan olunan
“Dağ ekosistemlərinin mühafizəsi və iqlimə
davamlılıq ili” çərçivəsində
hazırlanan balet tamaşası bizim auditoriya üçün
yeni və bir o qədər də maraqlı idi.
“Adəm” həm də ümumilikdə
qırğız gəncliyinin özündən əvvəlki
nəslə etirazı kimi də anlaşıla bilər. Təbii
ki, təbiətə sevgi və qayğı mənasında.
Tamaşa seyrçini alternativ dünyaya qərq edərək,
həyəcan siqnalı çalmağa səsləyir. Təbiət
qanunları insan qanunları ilə mübarizə aparır, xəyallar
və reallıq aləmləri bir-birinə qarışır
və buradan məxluqlar doğulur: mələklər, yoxsa
şeytanlar? Gənc balerina mələk qiyafəsində
çırpınır, özünü oda-közə vuraraq
insanları təbiəti sevməyə, qorumağa
çağırır. Hətta bir gün təbiətin
onlardan ağır qisas alacağını izhar edir. Amma
insanlar ona qulaq asmırlar. Sonra üfunət qoxuyan zibil
tayalarından bir Bədheybət yaranır və o
hamını idarə etməyə, arxasınca aparmağa
çalışır. Məhz bu zaman, bu müşkül məqamda
hər kəsi bir sual düşündürür:
Dünyanı necə xilas edək?!.
“Dünyada qüvvələr
çoxdur, lakin təbiətdə insandan qüvvətli
heç nə yoxdur. Təbiətlə insan üzvi əlaqədədir,
lakin son illərdə ana təbiətlə onun övladı
arasında müəyyən mübarizə başlanıb. Elə
bil insan həddini aşaraq hər dəqiqə təbiətə
təslim aktını imzalamağı təklif edir. Lakin onu
unutmaq olmaz ki, insan təbiətlə maddi tarazlıq
halında mövcuddur. O, özünə lazım olan hər
cür maddi nemətləri təbiətdən
götürür” deyirdi yüzilliklər öncə yunan
mütəfəkkiri Sofokl.
Təbiətin harmoniyasının bərpası və
yaşıl dünyanın qələbəsi ilə bitən
“Adəm” də təxmini bu fikrin səhnə təsviridir.
Tamaşada diqqətimi cəlb edən məqam geyimlər,
musiqi, dekorasiya, xoreoqrafiya – hər şeyin gənc rəssamlar,
bəstəkarlar, rejissorlar və xoreoqraflar tərəfindən
müasir mədəniyyət və mühitin fiqur, obraz və
səslərindən ilhamlanaraq yaradılmasıdır. Ki, məhz
bu məqama görə yuxarıda qeyd etdiyim və etmədiyim
texniki və yaradıcı qüsurları görməzdən
gəlmək olar...
Həmidə
Mədəniyyət .- 2024.- 20 noyabr,¹(86).- S.7.