Dünyamızın
gələcəyi mədəni irsin qorunmasından da
asılıdır
COP29-da Mədəniyyət Nazirlərinin 2-ci Yüksək
Səviyyəli Görüşü keçirilib
Ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyası Tərəflər
Konfransının 29-cu sessiyası (COP29) davam edir.
Sessiya çərçivəsində noyabrın 15-də
Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və
Azərbaycanın mədəniyyət nazirliklərinin təşkilatçılığı
ilə mədəniyyətə əsaslanan iqlim fəaliyyəti
üzrə Mədəniyyət Nazirlərinin 2-ci Yüksək
Səviyyəli Görüşü keçirilib.
Əvvəlcə Azərbaycanın mədəniyyət
naziri Adil Kərimli tədbir iştirakçılarını
salamlayaraq açılış nitqi söyləyib,
görüşün əhəmiyyətini vurğulayıb.
ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik
tədbirdə iştirakından məmnunluğunu bildirib.
Qeyd edib ki, iqlim dəyişikliklərinin mədəniyyətə
təsiri get-gedə artmaqdadır: “Biz gələcəyimiz
üçün mədəni irsimizi qorumağa
çalışacağıq. Bugünkü tədbirdə də
məhz bununla bağlı çıxış yollarından
söz açılacaq”.
Mədəni Mülkiyyətin Qorunması və Bərpasının
Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin
(ICCROM) baş direktoru Aruna Françeska Maria Gujral iqlim
böhranına qarşı davamlı həllərin
tapılmamasından təəssüfləndiyini söyləyib.
Bildirib ki, bu sahədə fundamental inkişafa nail olmaqla həm
də öz mədəniyyətimizi qorumalıyıq.
UNESCO-nun Mədəniyyət sektoru icra
aparatının rəhbəri Dorine Dubois deyib ki, bu gün
iqlim dəyişikliyi nəticəsində çoxsaylı mədəni
irs nümunəsi məhv olmaq üzrədir. Bunun
qarşısını almaq üçün müxtəlif
strategiyalar həyata keçirmək lazımdır.
Dövlət Turizm Agentliyinin sədri Fuad
Nağıyev qurum tərəfindən mədəni irs abidələrinin
qorunması istiqamətində görülən işlərdən
danışıb: “Bu sahədə inkişafa nail olmaq
üçün birgə səylər göstərilməlidir.
Mən inanıram ki, mədəniyyət sahəsinə
qayğı ilə eyni zamanda daha yaşıl dünyanı gələcək
nəsillərə buraxa biləcəyik”.
UNESCO-nun xoşməramlı səfiri, Petra Milli
Trestinin prezidenti, İordaniya şahzadəsi xanım Dana Firas
bildirib ki, mədəni irsi iqlim dəyişikliyi məsələlərinə
inteqrasiya etmək artıq zərurətə çevrilib:
“Ötən il təşkil edilən COP28-də bununla
bağlı çox uğurlu tədbirlər keçirildi.
Ümid edirəm ki, bu sessiya çərçivəsində
adıçəkilən sahə üzrə önəmli
addımlar atılacaq”.
Ağa Xan İnkişaf Şəbəkəsi
Ətraf mühit və iqlim komitəsinin sədri şahzadə
Rəhim Ağa Xan qurumun mədəni irsin qorunması sahəsində
gördüyü işlərdən söz açıb. Deyib
ki, ətraf mühitin qorunması ilə həm də tarixi-mədəni
mirasın mühafizəsinə töhfə vermək
mümkündür.
Türk Mədəniyyəti və İrsi Fondunun
prezidenti Aktotı Raimkulova qeyd edib ki, bu gün iqlim dəyişikliyi
bir çox sahələrə olduğu kimi, mədəniyyətə
də təsir göstərir. Dünyada qlobal istiləşmənin
təsiri ilə daşqınlar, fırtınalar baş verir,
nəticədə tarixi abidələr də məhvolma təhlükəsi
ilə üz-üzə qalır.
Daha sonra Birləşmiş Ərəb Əmirliklərinin
iqlim dəyişikliyi və ətraf mühit naziri Amna bint
Abdullah əl-Dahakın tədbir iştirakçılarına
müraciəti diqqətə çatdırılıb.
COP29-un mədəni gündəliyini özündə
əks etdirən videoçarx nümayiş etdirilib.
Sonra görüş məruzələrlə davam
edib.
Nazir Adil Kərimli bildirib ki, ölkəmizin
yaşıl enerji sahəsində gördüyü işlər
beynəlxalq ictimaiyyət tərəfindən yüksək
qiymətləndirilir: “Biz bu gün keçirilən nazirlər
toplantısından səmərəli nəticə gözləyirik.
Bizim fəaliyyətimiz UNESCO, ICESCO və digər qurumların
fəaliyyətləri ilə üst-üstə
düşür. Biz mədəniyyətin önəmli bir
vasitə olduğunu qəbul edir, onun ətraf mühitin
qorunmasındakı rolunu qiymətləndiririk. Bu gün
görüşün sonunda qəbul edəcəyimiz sənəd
gələcək əməkdaşlığımızın
əsasını təşkil etməklə yanaşı,
müsbət iqlim fəaliyyətinin də əsasını
qoyacaq”.
Mədəniyyətə Əsaslanan İqlim Fəaliyyəti
üzrə Dostlar Qrupu (GFCBCA) haqqında danışan Birləşmiş
Ərəb Əmirliklərinin mədəniyyət naziri Salem
bin Xalid əl-Qassimi qurumun üzvlərinin sayının
artmasından məmnunluğunu bildirib. Qeyd edib ki, bu,
sektorlararası daha güclü bir səs olacaq: “Bu
görüşdə iqlim dəyişikliyi fəaliyyətində
mədəniyyət ölçüsünü diqqətə
çatdırmış olacağıq. Mədəniyyət və
iqlim dəyişikliyi bir-biri ilə əlaqədardır.
Düşünürəm ki, bu sahədə
araşdırmalara daha çox investisiya qoyulmalıdır. Biz
bütün tərəfləri nazirliklərarası əməkdaşlığa
dəvət edirik”.
Daha sonra Braziliya Federativ Respublikasının mədəniyyət
naziri Marqaret Menezesin mövzu ilə bağlı videomüraciəti
dinlənilib.
Türkiyənin mədəniyyət və turizm naziri
Mehmet Nuri Ersoy COP29 çərçivəsində
keçirilən görüşün ictimaiyyətin gözləntilərinə
cavab verəcəyinə ümidvar olduğunu bildirib:
“İqlim dəyişikliyi mədəniyyətimiz
üçün də təhlükədir. Bu sahədə
görülməli işlər çoxdur. Türkiyədə
bu sahədə bir sıra addımlar atılır. Biz Azərbaycanın
COP29-dakı təşəbbüsünü dəstəkləyirik
və hər zaman qarşılıqlı əməkdaşlığa
hazırıq”.
Özbəkistanın mədəniyyət naziri Ozodbek
Nazarbekov iqlim dəyişikliyinin fəsadları ilə hər
addımda qarşılaşdıqlarını deyib. Bildirib
ki, mədəni irs də bu təsirlərdən kənarda
deyil. Buna görə də ətraf mühit məsələlərinə
çox həssaslıqla yanaşmaq lazımdır.
O, COP29 kimi mötəbər sessiya çərçivəsində
belə bir tədbirdə iştirakından məmnunluğunu
söyləyib, tədbirin yüksək səviyyədə təşkilinə
görə Azərbaycan tərəfinə təşəkkürünü
bildirib.
Pakistanın milli irs və mədəniyyət naziri
Ataullah Tarar ölkəsinin iqlim dəyişikliyi nəticəsində
gördüyü zərərlərdən danışıb.
Qeyd edib ki, Pakistan 2022-ci ildə dünyanın ən
böyük daşqınlarından birini yaşayıb: “Biz bu
fəlakət nəticəsində müəyyən ərazilərdə
öz mədəni mirasımızı da itirmək təhlükəsi
ilə üz-üzə qalmışdıq. Ümid edirəm
ki, bu gün Bakıda əldə etdiyimiz nailiyyətlə gələcəkdə
bu sahədə öz fəaliyyətimizi uğurla davam etdirəcəyik”
Yunanıstanın mədəniyyət naziri Styliani
Mendoni qonaqpərvərliyə görə Azərbaycana təşəkkürünü
bildirib. Söyləyib ki, iqlim dəyişikliyinin nəticələrini
aradan qaldırmaq üçün müxtəlif tədbirlər
görülməlidir: “Bu sahədə risk xəritələri
hazırlamalıyıq. Mədəniyyətə Əsaslanan
İqlim Fəaliyyəti üzrə Dostlar Qrupu bu sahədə
boşluqları doldurmaq üçün əməli
addımlar atmalıdır. Bu qrup son illərdə bir çox
ölkələrdə beynəlxalq seminarlar təşkil edib.
Düşünürəm ki, bugünkü tədbir də bu
sahədəki problemlərin həllində əhəmiyyətli
rol oynayacaq”.
Digər çıxış edən nümayəndələr
mövzu ətrafında öz fikirlərini bildiriblər.
Çıxışçılar mədəniyyətin iqlim
siyasətində oynadığı güclü rolu xüsusi
qeyd ediblər.
Çıxışlardan sonra Mədəniyyət
Nazirlərinin 2-ci Yüksək Səviyyəli
Görüşünün yekun sənədi qəbul edilib.
Yekun söz söyləyən COP29-un baş
danışıqçısı, xarici işlər nazirinin
müavini Yalçın Rəfiyev iqlim fəaliyyətində
mədəniyyətin payının yüksək olduğunu
deyib. Bildirib ki, qəbul olunmuş bu sənəddə mədəniyyət
əsaslı iqlim tədbirlərinin əhəmiyyəti
xüsusi vurğulanır.
Görüşün sonunda xatirə fotosu çəkdirilib.
N.Məmmədli
Mədəniyyət .- 2024.- 20 noyabr,¹(86).- S.1;3.