20 noyabr – Ağdam Şəhəri Günü

 

“Mən dəfələrlə demişdim ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Biz uzun illər ərzində bu məsələni siyasi yollarla həll etməyə çalışırdıq. Ancaq bütün dünya gördü ki, məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi bizim qanuni hüququmuz idi. Bu hüquq bizə BMT Nizamnaməsi tərəfindən verilib. Hər bir ölkə özünü müdafiə edə bilər və biz də özümüzü müdafiə etmişik... Bizim döyüş meydanındakı qələbəmiz siyasi qələbəmizi də şərtləndirdi. Ağdam rayonu bizə bir güllə atmadan, bir nəfər də şəhid vermədən qayıdır. Bu, böyük siyasi uğurumuzdur. Amma əgər o hərbi qələbə olmasaydı, bu da mümkün olmazdı... Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız” – Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu sözləri 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində demişdi.

2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfərin siyasi nəticəsi kimi ilk olaraq Ağdam şəhəri və Ağdam rayonunun otuz ilə yaxın erməni işğalı altında qalan kəndləri azad edildi. İşğalçı Ermənistan özü üçün faktiki kapitulyasiya aktı olan 10 noyabr 2020-ci tarixli Bəyanatdakı qrafikə əsasən, qoşunlarını Ağdamdan çıxardı.

İşğal dövründə düşmən, zəbt etdiyi digər ərazilər kimi, Ağdamı da yerlə yeksan etmişdi və Azərbaycana qaytarılan kabus şəhər idi. Ötən qısa müddətdə Azərbaycan dövləti işğaldan azad olunan torpaqları dirçəltməyə başlayıb və Ağdamda da geniş quruculuq işləri gedir.

Qeyd edək ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə imzaladığı sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən, 20 noyabr Ağdam Şəhəri Günü kimi təqvimimizə daxil olub. Yenidən qurulub abad olan yurd yerlərimiz kimi, Ağdam şəhəri də tezliklə sakinlərini qoynuna alacaq.

 

 

Mədəniyyət .- 2024.- 20 noyabr,№(86).- S.1.