Bölgələrdə mədəni
həyat
Mirzə Fətəli Axundzadə adına Şəki
şəhər Mədəniyyət Mərkəzi və “EN
Group Production”un birgə təşkilatçılığı
ilə İzzət Abdurahmanov adına Şəki rayon Oraban kənd
tam orta məktəbinin müəllimi, həvəskar rəssam
Könül Salahovanın “Könülün dünyası”
adlı rəsm sərgisi keçirilib. Çıxış
edənlər gənc rəssamın
yaradıcılığa, incəsənətə olan həvəsindən
və bacarığından söz açıblar.
Tədbirdə Şəki məktəblərinin 20-dən
artıq şagirdi “Könüllülərdən könülə”
müsabiqəsinə qatılaraq “Yaşıl dünya naminə
həmrəylik ili”nə həsr olunmuş rəsmlər
çəkiblər. Qaliblər fəxri fərmanla təltif
ediliblər.
***
Ağdaş Rayon İcra Hakimiyyəti və Mərkəzi
Aran RMİ-nin birgə təşkilatçılığı
ilə “Yaşıl dünya naminə həmrəylik ili”
çərçivəsində Ağdaş rayonunda ağacəkmə
aksiyası keçirilib. Rayonun icra başçısı
Orxan Hüseynzadə, Mərkəzi Aran RMİ-nin rəisi
Aydın Bəşirov, icra hakimiyyətinin və regional idarənin
məsul əməkdaşları, Ağdaş rayonunda fəaliyyət
göstərən mədəniyyət müəssisələrinin
işçiləri iştirak ediblər. Aksiya zamanı
ümumilikdə 700-ə qədər müxtəlif növ
ağac tingi əkilib.
***
Cəlilabad rayon Heydər Əliyev Mərkəzi və
rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı
ilə 20 noyabr – Ağdam Şəhəri Gününə həsr
olunmuş tədbir keçirilib. Bildirilib ki, işğaldan
azad olunmuş Ağdam erməni vandalizminin şahididir. Ermənistan
məqsədli şəkildə mədəni və dini abidələrimizi
vandalizmə məruz qoyub, təhqir və qarət edib.
Ağdam rayonunun işğaldan azad olunması ilə Azərbaycan
həm müharibə, həm də diplomatiya müstəvisində
parlaq Qələbə qazanıb.
Sonda Ağdam şəhərinin keçmişini və
azad ediləndən sonrakı dövrünü əks etdirən
film nümayiş olunub.
***
Masallı rayon Mərkəzi Kitabxanasında “Ailə
milli varlığımızı və mənəvi dəyərləri
qoruyan təsisatdır” mövzusunda dəyirmi masa təşkil
olunub. Çıxış edənlər Azərbaycanın
tarixən çox gözəl və zəngin ailə ənənələri
olduğundan söz açaraq həmin ənənələrin
gələcək nəsillərə ötürülməsinin
vacibliyini diqqətə çatdırıblar. Qeyd olunub ki,
milli adət-ənənələrimizə və mənəvi
dəyərlərimizə əsaslanan Azərbaycan ailəsi
möhkəm özüllü ailə modeli kimi cəmiyyətdə
öz mövqeyini qoruyub saxlayıb.
N.Məmmədli
Mədəniyyət .- 2024.-22 noyabr(№87).- S.4.