Gənc rəssam:
“Daha çox portret janrına maraq göstərirəm”
Rəssamlıq insanın daxili aləmini, hisslərini,
düşüncələrini və həyatına dair təcrübələrini
rənglər vasitəsilə ifadə etmək sənətidir.
Burada rənglər əhəmiyyətli olduğu qədər
müəllifin estetik zövqü, mövzuya yanaşması
da önəm kəsb edir.
“Uğur sorağında” rubrikasında ötən il Mədəniyyət
Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin
birgə təşkilatçılığı ilə
keçirilən Uşaq İncəsənət
Festivalının (UİF) mükafatçıları
olmuş istedadları tanıtmağa davam edirik. Bu dəfə
yeniyetmə rəssam Zəhra Ağayeva haqqında söz
açırıq.
Zəhra Amid qızı Ağayeva 2008-ci ildə
İsmayıllı rayonunun Mican kəndində anadan olub.
İsmayıllı şəhər İsmayıl Həsənov
adına 1 nömrəli tam orta məktəbin 11-ci sinfində
təhsil alır. Eyni zamanda rayondakı Fazil Əzimov adına
Uşaq incəsənət məktəbi rəssamlıq
şöbəsinin məzunudur.
Rəssamlığa kiçik yaşlarından maraq
göstərib. Deyir ki, ilk dəfə rəssamlıq qabiliyyətini
9 yaşında anasının portretini çəkərək
anlayıb: “Bu sahədə qabiliyyətimi görən valideynlərim
məni uşaq incəsənət məktəbinə
yazdırdılar. Beləcə, rəssamlığın sirlərini
öyrənməyə başladım”.
Rəssamların mövzu və maraq dairəsi kimi,
janr seçimi də fərqlidir. Zəhra daha çox portret
janrına maraq göstərir. Bu sırada tarixi Zəfərimizin
qəhrəmanlarının, şəhidlərin portretləri
xüsusi yer tutur. Onların şücaətini, Vətən
sevgisini, simalarındakı işığı təsvir etməyə
çalışır: “Şəhidlərimizə ehtiram,
onların analarına olan yanğım məni qəhrəmanlarımızın
rəsmlərini çəkməyə sövq etdi. Onların
rəsmini çəkdikdən sonra məzarlarını ziyarət
edir və əsəri ailələrinə təqdim edirdim. Bu
addımım mənə qürur hissi verir.
İsmayıllı rayonundan olan 10-dan çox şəhidin rəsmini
çəkib ailələrinə təqdim etmişəm”.
Zəhra rayon və ölkə miqyaslı tədbir və
müsabiqələrdə iştirak edib. Ən böyük
uğurlarından biri ötənilki Uşaq İncəsənət
Festivalında olub: “Bu festival mənim üçün
xüsusilə yaddaqalan oldu. Final mərhələsində hər
kəs 5-10 rəsm gətirdiyi halda mən bir rəsmlə təmsil
olundum – Prezidentimiz İlham Əliyev və Türkiyə
Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib
Ərdoğanın portreti ilə. Münsiflər heyətinin
qərarı ilə 14-17 yaş kateqoriyasında I yerə layiq
görüldüm”.
Zəhra bu il türkmən şairi Məhtimqulu Fəraqinin
300 illiyi ilə əlaqədar “Türk dünyasının mədəniyyət
paytaxtı” Anev şəhərində onlayn keçirilən
beynəlxalq müsabiqədə və TÜRKSOY-un təşkilatçılığı
ilə Türkmənistanın paytaxtı Aşqabadda onlayn
gerçəkləşən “Türk dünyası gənc rəssamların
gözü ilə” müsabiqəsində I yeri qazanıb.
Gənc rəssam dizayn sahəsinə maraq göstərir.
Deyir ki, dizayner işi onun uşaqlıqdan xəyalıdır.
Anası Gülşən Erdoğmuş bu sənətə
doğru ilk addımlarından ona dayaq olduğunu bildirir: “Zəhranın
rəssamlıq qabiliyyətini 5-6 yaşlarında hiss etdim və
onu rəssamlıq kursuna apardım. Sonra incəsənət məktəbində
təhsil aldı. Çox şükür, bizim ümidlərimizi
doğruldur və bu sahədə çox həvəslə irəliyə
addımlayır”.
Biz də Zəhraya gələcək fəaliyyətində
uğurlar arzulayırıq.
Nurəddin
Mədəniyyət .- 2024.-22 noyabr(№87).- S.6.