Azərbaycan-Almaniya
birgə ekspedisiyası Qarabağda
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilə
Almaniya Arxeologiya İnstitutu arasında bağlanmış
memorandum üzrə “Qarabağ düzənliyinin arxeoloji tədqiqi”
layihəsi çərçivəsində tədqiqatlar davam
edir.
2022-ci ildən Qarabağ düzənliyində Neolit və
Xalkolit dövrü yaşayış məskənlərinin tədqiqini
ehtiva edən birgə layihənin Azərbaycan tərəfdən
rəhbəri Xəqani Alməmmədov, Almaniya tərəfindən
Mark İserlisdir.
İnstitutdan bildirilib ki, bu il arxeoloji qazıntılar
Ağcabədi rayonunun Taynaq kəndi ərazisində yerləşən
Canavartəpə Xalkolit dövrü yaşayış məskənində
aparılıb. Qazıntılar zamanı qazma tipli
yaşayış və təsərrüfat qurğuları,
dövrün mədəni, iqtisadi, təsərrüfat həyatını
özündə əks etdirən yüzlərlə maddi mədəniyyət
nümunəsi aşkarlanıb. Ən çox maraq doğuran
nümunələr kretulalardır. Kretulalar getdikcə mürəkkəbləşən
yazıyaqədərki inzibati sistemdə uçot və təsdiqləmənin
təminatı üçün tətbiq olunurdu və onlara Cənubi
Qafqazın həmin dövr abidələri içərisində
ilk dəfə təsadüf edilir.
Abidəni maraqlı edən digər cəhət onun
xronoloji çərçivəsi ilə bağlıdır.
Müvafiq analizlərinin nəticələrinə əsaslanaraq
Leylatəpə mədəniyyətinə aid ən gec mərhələnin
(e.ə. 3920–3430-cu illər) məhz burada qeydə
alındığı söylənilə bilər.
Qeyd edək ki, layihə çərçivəsindəki
birgə tədqiqatlar iki problem mövzu üzrə
aparılır. “Qarabağın Neolit dövrü abidələrinin
nisbi və mütləq xronologiyası” mövzusu üzrə
tədqiqatlar çərçivəsində 10 abidədən
götürülmüş nümunənin İsrail, Almaniya və
Polşanın müvafiq laboratoriyalarında C14 analizləri
aparılıb və Bayes xronologiyası əsasında
Qarabağın Neolit dövrü məskunlaşma
dinamikası modelləşdirilib. Tədqiqatlar e.ə. VI
minillikdə Qarabağ ərazisində yerli ekoloji xüsusiyyətlərin
dərk edilməsinə imkan yaradıb.
İkinci – “Qarabağın Leylatəpə fenomeni”
mövzusu üzrə tədqiqatlar isə regiondakı bu mədəniyyətə
aid abidələrin öyrənilməsi məqsədi
daşıyır. Tədqiqat üçün Leylatəpə
və Canavartəpə Xalkolit dövrü yaşayış məskənləri
seçilib. İlkin nəticələr olaraq əvvəlki
illərdə aparılmış arxeoloji qazıntılardan əldə
edilən nümunələr əsasında Qarabağda bu mədəniyyətin
mütləq xronoloji çərçivəsi müəyyənləşdirilib,
saxsı məmulatı statistik və texnoloji baxımdan
öyrənilib, paleoantropoloji, paleozooloji, paleobotanik və s. tədqiqatlar
aparılıb.
Mədəniyyət .- 2024.-22 noyabr(¹87).- S.6.