Mil-Muğan regionunda ilk – “Sandıq”
milli geyimlər studiyası
Mədəniyyət Nazirliyinin müəyyən etdiyi
müasir və yaradıcı baxış strategiyasına
uyğun olaraq, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin
tabeliyindəki Beyləqan rayon Mədəniyyət Mərkəzində
“Sandıq” milli geyimlər studiyası yaradılıb.
Maddi mədəniyyətin bir hissəsi olan milli geyimə
tələbatın ödənilməsi, eyni zamanda Azərbaycan
mədəniyyətinə xas olan xüsusiyyətləri əks
etdirən milli geyimlərin təbliğ olunması və bu
sahədə milli mədəni-tarixi ənənələrin
yaşadılması məqsədilə yaradılmış
studiya regionda bir ilkdir.
Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin
bariz göstəricisi olan milli geyimlərin mütəmadi olaraq
sərgilənməsi, milli geyimlərlə bağlı təbliğat
işlərinin genişləndirilməsi yeniyetmə və gənclərin
qədim irsə hörmət ruhunda tərbiyələndirilməsinə
önəmli töhfədir.
Geyim emalatxanası kimi fəaliyyət göstərəcək
“Sandıq” studiyasında tarixi ənənəmizi əks etdirən,
gözəlliyi, əlvan naxışları göz oxşayan
milli geyim nümunələri özəl sektorun cəlb edilməsi
yolu ilə, peşəkar dizayner-dərzi tərəfindən,
keçmişdən bizə məlum olan eskizlər nəzərə
alınaraq tikilib icarə və ya satış yolu ilə
sakinlərin istifadəsinə veriləcək.
“Sandıq” studiyası regionda mədəniyyət sahəsində
dövlət-özəl sektorunun əməkdaşlığına
əsaslanan ikinci layihədir.
Milli dəyərlərin qorunması, təbliği və
yaşadılması məqsədilə yaradılan studiya
milli geyimlərin icarəsi, satışı, xüsusi
sifarişlər üzrə geyim hazırlanması, təqdimat
və sərgilər, təlim və seminarlar, foto və video
çəkilişləri, dizayn və məsləhət xidməti,
geyim restavrasiyası kimi xidmətlər
təklif edəcək.
Qeyd edək ki, Beyləqan rayon Mədəniyyət Mərkəzində
“Sandıq” milli geyimlər studiyasının
açılışı 26 noyabrda (saat 15:00) keçiriləcək.
Mədəniyyət .- 2024.-22 noyabr(№87).- S.2.