“Badkubə vaqiəsinin
tarixi” çapdan çıxıb
Ermənilərin Bakıda törətdiyi
qırğınlardan bəhs edir
AMEA-nın Məhəmməd Füzuli adına
Əlyazmalar İnstitutu Elmi şurasının qərarı
ilə “Mişkat” təxəllüslü şairin “Badkubə
vaqiəsinin tarixi” əsəri transfoneliterasiya olunaraq kitab
şəklində nəşr olunub.
Əsəri institutun Biblioqrafiya şöbəsinin
böyük elmi işçisi, Azərbaycan
Yazıçılar Birliyi İrs komissiyasının sədri
Sona Xəyal transfoneliterasiya edib nəşrə
hazırlayıb.
Kitabda 1905–1906-cı illərdə Bakıda baş verən
erməni millətçilərinin xalqımıza
qarşı həyata keçirdiyi qırğınlardan bəhs
edilir.
Kitabda bir çox mətləblərə toxunulur,
tarixi hadisələr xatırlanır, bəzi peyğəmbərlərin
həyatından söz açılır. Hikmətli fikirlərlə
bədnam ermənilərə tarixdən ibrət almaq
tövsiyə olunur.
Yeni nəşrin redaktoru Əlyazmalar İnstitutu
Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük
elmi işçisi Rauf Şeyxzamanlı, rəyçiləri
filologiya üzrə fəlsəfə doktoru Samirə
Əliyeva və Qutiyera Cəfərova, ön sözün
müəllifi Sona Xəyaldır.
Qeyd edək ki, şair Mişkat “Sülhnamə” (1905),
“İttihadiyyə” (1906), “Səyahəti-ənfüsiyyə”
(1906), “Mərifətnamə” (1907) və “Şərafətnamə”
(1908) əsərlərinin də müəllifidir.
Mədəniyyət .- 2024.-22 noyabr(¹87).- S.6.