İllər öncə
qəzetlər nədən yazırdı?
Milli Kitabxananın dövri mətbuat arxivindən (28)
Bu gün Azərbaycanın mədəni irsi, zəngin
incəsənəti dünyanın müxtəlif ölkələrində
təbliğ edilir, sərgilər, konsertlər, təqdimatlar
keçirilir. Dövlət müstəqilliyimizin
olmadığı dövrdə də, keçmiş Sovet
İttifaqının nisbətən məhdud şərtləri
çərçivəsində də Azərbaycan mədəniyyəti
dünyada tanıdılırdı.
Mətbuat xronikasından növbəti seçmələrimizin
ikisi bu barədədir. “Kommunist” qəzetinin səhifələrində
41 il əvvələ qayıdırıq. Daha bir seçmə
isə o vaxt olduğu kimi, bu gün də aktual olan mövzu –
kitab və mütaliənin təbliği barədədir.
Materiallarda mövcud orfoqrafiya saxlanılıb.
Azərbaycan rəssamlarının sərgisi
Suriya paytaxtında Sovet Azərbaycanı rəssamlarının
əsərlərinin sərgisi açılmışdır.
Sərgidə tarixi mövzulu əsərlər, sovet
respublikasının təbiətinin gözəlliyini əks
etdirən mənzərələr, rəngkarlıq və heykəltəraşlıq
portretləri göstərilir.
Ekspozisiyanın təntənəli
açılışı mərasimində Suriya Ərəb
Respublikası Mədəniyyət və Milli İstiqamət
Nazirliyinin məsul işçiləri, yerli ictimaiyyətin
nümayəndələri iştirak etmişlər. Dəməşq
mətbuatının yazdığına görə, sərgi
paytaxtın sakinlərində böyük maraq
doğurmuşdur. Mətbuat Azərbaycan sənətkarlarının
əsərlərinin yüksək bədii səviyyəsini
qeyd edir.
Lüksemburqda Sovet İttifaqı günlərini Azərbaycan
təmsil edir
Lüksemburqda ənənəvi Sovet İttifaqı
günləri açılmışdır. Bu dəfə
Sovetlər ölkəsini Sovet Azərbaycanı təmsil edir.
Azərbaycan KP MK katibi, SSRİ Ali Sovetinin deputatı
H.Ə.Həsənov başda olmaqla nümayəndə heyəti
şənliklərə gəlmişdir. Nümayəndə
heyətinin üzvləri bir həftə ərzində
müxtəlif tədbirlərdə, Lüksemburq ictimaiyyəti
ilə görüşlərdə iştirak edəcəklər.
SSRİ xalq artisti Rəşid Behbudovun rəhbərliyi ilə
Azərbaycan Dövlət mahnı, musiqi və rəqs
teatrı artistlərinin truppası ölkənin konsert
salonlarının səhnələrində
çıxış edəcəkdir.
A.S.Puşkin adına mədəniyyət mərkəzində
uşaq rəsmləri sərgisi, bugünkü Azərbaycandan
bəhs edən fotoekspozisiya açılmışdır, xalq
sənətkarlarının məmulatı nümayiş
etdirilir.
Kitab sədaqətli dostdur
Azərbaycan məktəblilərinin kitabla dostluğu
haqqında Şıxəli Qurbanov adına Musiqili Komediya
Teatrında çoxlu maraqlı məlumat almaq olardı. Orada
gənc kitabsevərlərin II respublika
toplanışının təntənəli
açılışı olmuşdur. Mərasim “Kitab bilik mənbəyidir”
devizi altında keçmişdir.
Toplanışı Azərbaycan SSR Kitabsevərlər
Cəmiyyəti idarə heyəti sədrinin birinci müavini
Z.Salahova açmışdır.
İndi bütün məktəblərdə gənc
kitabsevərlər cəmiyyətinin üzvləri vardır.
Respublikanın bütün guşələrindən gəlmiş
uşaqlar toplanışda çıxış edərək
öz işlərindən danışmışlar. Onlar hər
il keçirilən “Yaşa kitab!” müsabiqələrində
iştirak edirlər, məktəblərdə dərsliklərin
ömrü uzadılan “kitab xəstəxanaları”
yaradılmışdır, cildçi dərnəkləri fəaliyyət
göstərir. Məktəblilər fəal oxucu olduqları
kimi, həm də fəal kitab təbliğatçılarıdır.
Onlar kitabxanalara kömək edir, ədəbi viktorinalar və
müsabiqələr keçirir, tematik yığıncaqlar və
yazıçılarla görüşlər təşkil
edirlər.
Toplanışın açılışı
günü ən yaxşı kitabsevərlər
salondakıların alqışları altında səhnəyə
dəvət edilmişlər. Azərbaycan SSR maarif naziri
E.Q.Qafarova onlara kitabsevərlər cəmiyyətinin fəxri fərmanlarını
təqdim etmişdir.
Fasilə zamanı foyedə uşaqlar orada göstərilən
kitab kolleksiyalarına maraqla tamaşa etmiş, Səməd
Vurğunun və Cəfər Cabbarlının ev-muzeylərinə
baxdıqdan sonra aldıqları təəssüratı
danışmış, sevimli yazıçılarından
söz açmışlar.
Toplanışın iştirakçıları hədiyyə
aldıqları maraqlı kitablarla və ənənəvi
olacaq bu gözəl bayram haqqında parlaq, unudulmaz təəssüratla
evlərinə qayıdırlar.
“Kommunist” qəzeti, 11 noyabr 1983-cü il
Mədəniyyət .- 2024.-22 noyabr(№87).- S.6.