“Dədə Qorqud”
kamera orkestri İstanbul səhnəsində
Azərbaycanın Zəfərinə həsr olunan
konsert
Azərbaycanın Qarabağ Zəfərinin
dördüncü ildönümü münasibətilə
İstanbuldakı Süreyya Opera Teatrında (Kadıköy bələdiyyəsi)
“Dədə Qorqud” kamera orkestrinin konserti keçirilib.
Konsertdə orkestri tanınmış dirijor, Xalq
artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının professor Yalçın Adıgözəlov
idarə edib. Solist dünyaşöhrətli fleyta
ifaçısı, Türkiyə Prezidenti
Administrasiyasının ilk mədəniyyət və sənət
mükafatçısı, UNICEF tərəfindən
“Türkiyə – xoş niyyət elçisi” elan edilən
Şəfiqə Kutluer olub.
Qeyd edək ki, Şəfiqə Kutluerin təşəbbüsü
ilə bu il 15-cisi keçirilən “Şərq Qərblə
görüşür” festivalı Azərbaycanın Zəfərinə
həsr olunan musiqi axşamı ilə açılıb.
Mədəniyyətlərarası Əlaqə Dərnəyinin
(rəhbəri azərbaycanlı vəkil Nərgiz Attar) himayəsi,
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, eləcə
də Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq
və Həmrəylik Vəqfinin dəstəyi ilə təşkil
olunan konsert proqramında Azərbaycan və Türkiyə bəstəkarlarının
əsərləri yer alıb.
Qeyd edək ki, Yalçın Adıgözəlov və
Şəfiqə Kutluerin iştirakı ilə “Dədə
Qorqud” kamera orkestrinin növbəti konserti Ankarada Türkiyə
Prezidenti Administrasiyasının Simfonik orkestr salonunda
keçiriləcək.
Mədəniyyət .- 2024.-22 noyabr(¹87).- S.5.