Filarmoniya bağındakı
royal və qala-şəhərin melodiyası
Metronun “İçərişəhər”
stansiyasından çıxıb Filarmoniya bağına tərəf
addımlayıram. Uzaqdan pianoda ifa Elza İbrahimovanın “Gedək
üzü küləyə” mahnısının sədası
qulaqlarıma çatır. Həzin külək royalın səsini
şəhərin küçələrinə səpələyir.
Səs hərdən daha yaxından, hərdən də uzaqdan
gəlir.
Üzüaşağı getdikcə səs daha
aydın eşidilir. Məlum olur ki, görkəmli bəstəkarın
məşhur nəğməsi Filarmoniya bağında
açıq səma altındakı royaldan pərvazlanır.
Bakı Abadlıq Xidmətinin (BAX) illər öncə bu
bağda quraşdırdığı royal.
Alətin yanına çatanda ifaçı artıq
Tofiq Quliyevin əsərinə keçid etmişdi... Elə
oradaca düşünürəm ki, BAX, yəqin ki, bu
royalı şəhərin mərkəzində
quraşdırarkən “sənət gündəlik həyatda
olmalıdır” devizini əsas götürüb. Bəlkə
də bu royal Bakının bineyi-qədimdən mədəniyyət
paytaxtı olmasına işarədir. Yaxud da şəhərimizdə
ifaçılıq yolunda ilk addımlarını atanlar
üçün musiqi alətinin əlçatan olması məqsədi
daşıyır.
Əslində, bu təcrübə bir sıra ölkələrin
böyük şəhərlərində mövcuddur. Bəzi
ölkələrdə dövlət tərəfindən, bəzilərində
isə yerli mesenatların təşəbbüsü ilə
park və xiyabanlara alətlər qoyulur.
Yeri gəlmişkən deyək ki, paytaxtımız
2019-cu ildən UNESCO-nun “Yaradıcı Şəhərlər”
Şəbəkəsinə daxil edilib və bu royalı da
yaradıcı şəhər mühitinin bir atributu kimi qəbul
etmək olar. Çünki gün ərzində onlarla insan bu
royalda öz bacarığını nümayiş etdirərək
açıq hava konserti ab-havası yaratmağa
çalışır. İxtisasca musiqiçi olan da var, həvəskar
olan da. Günün istənilən saatında, yay-qış fərq
etməz, paytaxt sakinləri və şəhərimizin
qonaqlarının buradakı eksprompt konsertlərdən həzz
almaq imkanı var. Royaldan hətta gecə saatlarında da
istifadə mümkündür. Hərdən
yağışlı günlərdə biz royalın
örtülərək yağışdan qorunduğuna
şahidlik edirik.
BAX-ın İctimaiyyətlə əlaqələr
şöbəsinin müdiri Lalə Əliyeva deyir ki,
Filarmoniya bağına qoyulan elektroroyal məhz açıq
havada istifadə etmək üçün hazırlanan,
xüsusi proqram təminatına malik alətdir. “Cadenza”
markalı royallar həm elektriklə, həm də günəş
enerjisi ilə işləyir. Bu isə əlavə enerji xərclərinin
qarşısını almaqla yanaşı, həm də alətlərin
istənilən yerə daşınmasına şərait
yaradır. Klassik pianodan fərqli olaraq bu aləti kökləməyə
də gərək yoxdur. Elektroroyal rütubətə və
ultrabənövşəyi şüalara davamlıdır. Bu o
deməkdir ki, ilboyu – yağışda, qarda, qızmar günəş
altında da həmin alətdə musiqi ifa etmək
mümkündür.
Söz düşmüşkən onu da deyək ki,
BAX-ın bu diqqətəlayiq təşəbbüsünün
davamı olaraq Xankəndi şəhərindəki mərkəzi
parkda da belə bir royal qoyulub. Şəhərin bərpa, təmizlik
və yaşıllaşdırma işlərini həyata
keçirən qurum doğma yurda qayıdacaq sakinlərin mədəni
istirahətini də diqqətdə saxlayır.
...Həmin gün Bakı səmasında günəş
arabir gözə dəysə də, bağdakı skamyalarda
insanlar oturub pianoda ifa edən gənci dinləyirdilər.
Yolüstü ötən gənclər və yaşlı
insanlar da foto və video çəkiliş edirdilər. Sosial
şəbəkələrdə də bu məkandan tez-tez
paylaşımlara rast gəlirik.
Royalda ifa edən gənc nədənsə
özünü təqdim etmək istəmir. Deyir ki, sadəcə,
burada royalı görəndə ifa etmək arzusu yarandı.
İfaya başlayanda isə skamyada əyləşənlərdən
əlavə buradan ötənlərin ayaq saxlayıb dinləməsi
onu çox sevindirir. Peşəkar musiqi ilə məşğul
olmasa da, çalğısı bəyənilir və yenidən
ifa etməsini xahiş edirlər.
Alətdə ifa etmək üçün növbə
gözləyən başqa gənclər var. Birinin əlində
nağara da görürəm. Musiqi məktəbində təhsil
alan gənclər burada ifa edib tamaşaçı
alqışı almaq istəyirlər. Çünki bu
çıxışlar onlara böyük konsert hissi
yaşadır. Elə bu an royalda Üzeyir bəyin “Sevgili
canan” romansı səslənir və yaşlı bir kişi alətin
önündə dayanıb vokal imkanlarını
nümayiş etdirir. Bundan gözəl nə var ki?
Yaşlı, cavan hər kəs ifanı alqışlayır.
İzləyici olan Ramazan dayı deyir ki, Bərdədən
gəlib, bir neçə gündür Bakıdadır. Belə
bir mənzərəni, xoş atmosferi izləmək ona hədsiz
müsbət aura bəxş edir. Artıq iki gündür
yolüstü buradan keçəndə ayaq saxlayıb
ifaları dinləyir. Sevindirici hallardan biri də odur ki, hər
kəs alətə ehtiyatla yanaşır.
Gənc həmsöhbətim isə Tibb Universitetində
təhsil alır, asudə vaxtlarında fortepianoda ifa edir.
Qaldığı kirayə evdə bu imkan olmadığı
üçün vaxt edən kimi gəlib bu alətdə ifa
edir, barmaqlarını yadırğamağa qoymur.
Bir sözlə, bu royalda hər kəs ifa edə bilər.
İfaçılıq yolunda ilk addımlarını atan da,
peşəkarlar da. Peşəkar demişkən, onu da qeyd edim
ki, bir müddət əvvəl Əməkdar artist Emil
Əfrasiyab da bu royalda ifa edərək instaqram səhifəsində
paylaşım etmişdi və onunla birlikdə gənc
istedadlar Rauf Hacıyevin “Azərbaycanım”
mahnısını səsləndirmişdilər.
Qədim İçərişəhərin qala
divarları ilə əhatələnən bu royalda ifa olunan əsərləri
qala-şəhərin melodiyası kimi də dəyərləndirmək
olar. İnanıram ki, bu royaldan digər böyük şəhərlərimizdə
də qoyulacaq və mədəni mühitə bir
canlılıq gətirəcək...
L.Azəri
Mədəniyyət .- 2024.-22 noyabr(¹87).- S.5.