Lev Tolstoya məktub yazan azərbaycanlı
şair
XIX əsrin sonlarında çar ordusunun
topoqraf-generalı İbrahim ağa Vəkilov Yelena Yefimova
adlı bir rus qızı ilə ailə qurur. Ancaq dini mənsubiyyət
fərqləri üzündən uzun illər nikahlarını
rəsmiləşdirə bilmirlər... Günlərin birində
Yelena qəzetdə oxuyur ki, bir azərbaycanlı şair qraf
Lev Nikolayeviç Tolstoya məktub yazıb. O, məşhur
yazıçıdan “İnsana çoxmu torpaq
lazımdır?” adlı əsərini Azərbaycan dilində nəşr
etmək üçün icazə istəyib… Yelena məlumatı
İbrahim ağaya danışır. Deyir ki, biz də Tolstoya
məktub yazaq, ondan məsləhət alaq:
övladlarımız müsəlmanlığı qəbul
etsin, yoxsa pravoslav kimi qalsın.
Onların Tolstoya məktubu və aldıqları cavab
başqa bir yazının mövzusudur. Bu yazıda isə
görkəmli rus yazıçısına məktubla
müraciət etmiş qələm sahibindən söhbət
açacağıq. O, dövrünün tanınmış
şairi Abbas ağa Nazir (Qayıbzadə) olub. Lirik, satirik
şeirləri, qəzəlləri, mənzumə və
rübailəri ilə ədəbi xəzinəmizə
töhfə verən, maarif-mədəniyyət carçısı
kimi də tanınan şairi anadan olmasının 175 illiyi
münasibətilə yada saldıq.
Abbas ağa Mirzə Nəbi oğlu Qayıbzadə
1849-cu ildə Qazax qəzasının Salahlı kəndində ziyalı ailədə dünyaya
göz açır. Atası oğlunun təlim-tərbiyəsi
ilə özü məşğul olur. O, erkən
çağlardan poeziyaya maraq göstərir. İstedadlı gənc
kimi Tiflisə oxumağa gedir. Orada üçillik təhsilini
başa vurduqdan sonra Salahlıya qayıdır. Bir müddət
kənddə müəllimlik edir. Sonra Tiflisdə Zaqafqaziya
Ruhani İdarəsində işləyir.
Abbas ağa yaradıcılığa da vaxt
ayırır. Görkəmli ədib Cəlil Məmmədquluzadənin
məsləhəti ilə Əbülqasım Firdovsinin
“Şahnamə” əsərindən “Rüstəm və
Söhrab” hekayətini dilimizə tərcümə edir. Tərcümə
1908-ci ildə “Qeyrət” mətbəəsində məşhur
rəssam İozef Rotterin rəngli şəkilləri ilə nəşr
edilir. Xalq şairi Səməd Vurğun sonralar Abbas
ağanın tərcüməsini yüksək qiymətləndirərək
yazıb: “Mən “Rüstəm və Söhrab”ın o
dövrdəki ilk tərcüməsini necə maraq və məhəbbətlə
oxuduğumu yaxşı xatırlayıram...”.
Abbas ağa Nazirin yaradıcılığı
görkəmli maarifçi, ədəbiyyatşünas Firidun
bəy Köçərlinin də diqqətini çəkir,
o, gənc şairlə məktublaşır. F.Köçərli
1911-ci il oktyabrın 10-da Abdulla Şaiqə göndərdiyi məktubunda
ondan da bəhs edir: “Dağların vəsfində Qazax
şairlərindən Mustafa ağa Arifin, Kazım ağa Salik
və Abbas ağa Nazirin gözəl şeiriləri var ki, məcmuəmə
daxil edilib... Abbas ağa Nazirin “Bəyani-halım” namında
xeyli məğrub bir əsəri var. Əgər oxusanız,
xoşunuza gələr. Əfsus ki, çap olunmayıb.
“Rüstəm və Söhrab”ın tərcüməsi, “Millətə
xitab”, “Molla və şeytan”, “İnsana çoxmu torpaq
lazımdır?” və qeyriləri. Abbas ağa çox qabil və
xoştəb şairdir. Amma çoxları onu tanımır,
o cəhətə ki, özünü nəzərə verən
adam deyil”.
Abbas ağa Nazirin 60 yaşı münasibətilə
F.Köçərli bir məqalə yazır və onu millət
və Vətən üçün atəşin təranələr
oxuyan həqiqi şair adlandırır: “Həqiqi şair...
millət və Vətən yolunda canlar fəda etmək
lazım isə Vətən oğullarının ürəyinə
yandırıcı od salıb onları hər qisim fədakarlığa
və cannisarlığa şövqməd eləsin”.
F.Köçərli “Balalara hədiyyə” kitabına
A.Nazirin “Vətən”, “Qarayazı meşəsinin vəsfi və
ovçuların zülmü” və digər şeirlərini
daxil edib.
Yazının əvvəlində qeyd etdiyimiz kimi, Abbas
ağa dahi rus yazıçısı Lev Tolstoyla məktublaşıb
və “İnsana çoxmu torpaq lazımdır?” əsərini
dilimizə tərcümə edib.
Araşdırmalardan məlum olur ki, o, 24 fevral 1909-cu
ildə L.Tolstoya ünvanladığı məktubda yazır: “Hörmətli
cənab qraf Lev Nikolayeviç! Mən bir müsəlman
şairi kimi öz müsəlman həmməzhəblərimi
Sizin əsərinizlə tanış etmək istədim.
“İnsana çoxmu torpaq lazımdır?” başlıqlı əsərinizi
tatar-Azərbaycan dilinə nəzmlə tərcümə etmək
xoşbəxtliyinə nail oldum. Ona görə də Sizdən
izhari-hörmətlə xahiş edirəm ki, yuxarıda
göstərilən tərcümənin nəşrinə və
yayılmasına lütfən icazə verəsiniz. Hörmət
və ehtiramla: Abbas ağa Qayıbov”.
Çox keçmir, Tolstoydan cavab məktubu gəlir:
“Mən artıq iyirmi ilə yaxındır ki, arzu edənlərin
hamısına mənim 1881-ci ildən sonra yazdığım
bütün yazıları istənilən dilə tərcümə
və yenidən nəşr etmək ixtiyarı vermişəm.
Odur ki, üzərinizə götürdüyünüz zəhmət
üçün Sizə yalnız təşəkkür edə
bilərəm. Lev Tolstoy”.
A.Nazir maarif və mədəniyyət mövzusunda da əsərlərin
müəllifidir. O, təhsilin, elmin səmərəsindən
bəhs edərək yazır ki, harada məktəb yoxsa, ora
virandır. Abad o yerdir ki, məktəbi var. Hər kim bəxtli
olmaq istəyirsə, səadət axtarırsa, məktəbə
getsin. İnsanı zülmətdən azad edən də, qəflətdən
oyadan məktəbdir.
Çoxdur elmin gözəl-gözəl əsəri,
Qayəsizdir şirin-şirin səməri.
Hər kimin yoxdur elmdən xəbəri,
Günü bişək keçər yaman, oğlum...
1912-ci ildə Tiflisdə M.F.Axundzadənin 100 illiyi ilə
bağlı Gürcü Zadəganlar Cəmiyyəti
Teatrında tədbir keçirilir. F.Köçərli yubiley
gecəsini A.Nazirin böyük dramaturqa həsr etdiyi şeir
ilə açır.
Abbas ağa Naziri bizdən çox-çox uzun illər
ayırır. Ancaq onun günümüzə gəlib
çatan “Vətən təranəsi”, “1905-ci il inqilab cərəyanına
dair”, “Nəsihət”, “Məktəb”,
“Könül, aldanma çərxa, bivəfadır”, “Bax”, “Təxmisi-qəzəli-Füzuli
Bağdadi”, “İki qardaş”, “Qış vaxtı varlı və
füqəra güzəranı”, “Millətə xitab” , “Ədəbiyyat”
və s. şeirləri bu gün də öz poetik əhəmiyyətini
qoruyub saxlayır.
Bütün varlığı ilə ədəbiyyata,
poeziyaya bağlı olan şair ömrünün müdrik
çağlarında “Bax” adlı qəzəlində yazır
ki, tale məni övlad qismətindən məhrum etdi. Ancaq
bunun üçün o qədər də qəm etmirəm.
Çünki min bir əziyyətlə ana dilimə
çevirdiyim “Rüstəm və Söhrab” mənim
oğlumdur.
Maarifçi nəslin yetişməsində də fədakarlıq
göstərmiş Abbas ağa Nazir 30 dekabr 1919-cu ildə, 70
yaşında vəfat edib. Dünyaya göz
açdığı Salahlı kəndində dəfn olunub.
Savalan Fərəcov
Mədəniyyət .- 2024.-22 noyabr(№87).- S.6.