COP29 muzeylərimizin
tanıtımı üçün də mühüm fürsət
oldu
11–22 noyabr tarixlərində Bakıda keçirilən
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyası Tərəflər Konfransının 29-cu
sessiyasında (COP29) 200-dək ölkədən minlərlə
qonağın iştirak etməsi Azərbaycanın zəngin
tarixi-mədəni irsinin, incəsənətinin dünyaya bir
daha tanıdılması üçün əlavə fürsət
idi.
Xəbər verdiyimiz kimi, bu günlərdə
paytaxtın aparıcı muzeylərinin də çoxsaylı
ziyarətçiləri olub.
Milli Azərbaycan Tarixi Muzeyi də COP29 günlərində
müxtəlif ölkələrdən ziyarətçi qəbul
edib. Ölkəmizdə səfərdə olan İordaniya
Haşimilər Krallığının şahzadəsi,
UNESCO-nun xoşməramlı səfiri və Petra Milli Trestinin
sədri xanım Dana Firas da Milli Azərbaycan Tarixi Muzeyinin
qonağı olub.
Direktor akademik Nailə Vəlixanlı qonağa muzeyin
tarixi binası və kolleksiyası haqqında məlumat verib.
O, muzeyin ekspozisiyasında nümayiş olunan arxeoloji nümunələrə,
Orta əsrlərə aid sənət əsərlərinə,
milli geyimlərə baxıb. Muzeylə
tanışlığın onda böyük təəssürat
doğurduğunu deyən xanım Firas fəxri qonaqlar
kitabına ürək sözlərini yazıb.
Şahzadə Dana Firasa Azərbaycan
xanımlarının milli baş örtüyü – kəlağayı
hədiyyə edilib.
COP29 çərçivəsində Azərbaycana gəlmiş
Palau Respublikasının (Sakit okeanda Mikroneziya arxipelaqında
kiçik ada-dövlət) Prezidenti Surangel Uipps də Milli Azərbaycan
Tarixi Muzeyində olub.
Muzeydən bildirilib ki, qonağa yeni ekspozisiyada
nümayiş olunan, Azərbaycanın zəngin tarixi və mədəni
irsini əks etdirən eksponatlar barədə məlumat verilib,
ölkəmiz haqqında kitab hədiyyə edilib. Muzeyin
kolleksiyasında nümayiş etdirilən qədim arxeoloji
tapıntılar, etnoqrafik materiallar qonağın
marağına səbəb olub.
***
COP29-un qonaqlarının maraqla ziyarət etdiyi məkanlardan
biri də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyidir. Bu günlərdə muzeyə gələnlər
arasında Türkiyə Prezidenti Administrasiyası Kommunikasiya
İdarəsinin əməkdaşları da olub.
Muzeyin direktoru akademik Rafael Hüseynov onları
“İstiqlal zalı” ilə tanış edib, Azərbaycan Xalq
Cümhuriyyəti qurucularının 1919–1920-ci illərdə
bu binada fəaliyyətindən danışıb. Direktor Azərbaycan
mətbuatının yaranması və 1875-ci ildə Həsən
bəy Zərdabinin təşəbbüsü ilə
“Əkinçi” qəzetinin nəşrindən söz
açıb.
Qonaqlara akademik R.Hüseynovun mütəfəkkir
şair İmadəddin Nəsimi haqqında yazdığı
və dörd dildə nəşr edilən “Zamansız və
məkansız”, dahi şair Məhəmməd Füzulinin
yaradıcılığından bəhs edən “Yoxdan var”
kitabları, Məhsəti Gəncəvinin portret-oçerkinə
və muzeydəki xalçalara dair açıqca dəstləri
təqdim olunub.
Media nümayəndələri muzeyin ekspozisiyasında
Azərbaycan milli mətbuatının tarixini əks etdirən
“Əkinçi”, “Kəşkül”, ipək parça üzərində
nəşr olunmuş “Həyat”, “Nicat” qəzetləri, həmçinin
1906-cı ildə nəşr olunan “Molla Nəsrəddin”
satirik jurnalının nüsxələri və digər
eksponatlarla tanış olublar.
Mədəniyyət .- 2024.-22 noyabr(¹87).- S.7.