Ölkəmiz 35-ci
“Berlin Nağıl Günləri”nin qonağı olub
Alman uşaqlar üçün Azərbaycan
nağılı oxunub
Azərbaycanın Almaniyadakı Səfirliyi 35-ci “Berlin
Nağıl Günləri” festivalı çərçivəsində
Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət
Mərkəzində tədbir keçirib. Səfirlikdən
bildiriblər ki, tədbirdə Berlində təhsil alan 100-ə
yaxın şagird və onların müəllimləri
iştirak ediblər.
Səfirliyin ikinci katibi Günay İsfəndiyarova
onlara Azərbaycan barədə məlumat verərək məktəbliləri
maraqlandıran sualları cavablandırıb. Ölkəmiz
haqqında qısa videoçarx nümayiş etdirilib.
Festivalı keçirən “Märchenland” təşkilatının
layihə meneceri Anna Povediç çıxış edərək
“Berlin Nağıl Günləri” barədə məlumat verib,
Azərbaycan səfirliyinin tədbirdə iştirakına
görə təşəkkürünü bildirib.
Çıxışlardan sonra Berlində fəaliyyət
göstərən azərbaycanlı pianoçu Nərmin Nəcəfli
məktəblilərə
“Ağ göyərçin” Azərbaycan xalq
nağılını oxuyub, uşaqlar üçün musiqi
viktorinası təşkil edilib.
Tədbirin sonunda balaca qonaqlara Azərbaycan
şirniyyatları və suvenirləri təqdim olunub.
Qeyd edək ki, dünyanın ən böyük
nağıl festivalı hesab olunan “Berlin Nağıl Günləri”ndə
Azərbaycan səfirliyi ikinci dəfə
çıxış edir.
Mədəniyyət .- 2024.-22 noyabr(№87).- S.1.