Mimçilərin
“Romeo və Cülyetta”sı geniş səhnəyə
çıxmışdı
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə
Konvensiyası Tərəflər Konfransının 29-cu
sessiyası (COP29) günlərində paytaxt teatrları da
maraqlı repertuarla çıxış edir. Azərbaycan
Dövlət Pantomima Teatrının truppası “açıq
qapı” prinsipi ilə növbəti tamaşanı noyabrın
19-da Milli Gənc Tamaşaçılar Teatrının səhnəsində
oynadı.
Öz səhnələrində daha minimalist məkan və
təqdimat üslubuna öyrəşmiş yaradıcı
kollektivin geniş səhnədə çıxışı
tam anşlaqla keçdi. Hətta cərgələr
arasındakı pilləkənlər, zalın sağ və
solundakı əlavə oturacaqlar da dolmuşdu. Binanın həyətində
hələ xeyli tamaşaçı yer tapmamaqdan gileylənirdi.
Deməli, teatra maraq və gedəcək zaman var. Qalır bilet
almaq. Könül istər ki, sənətsevər
tamaşaçılarımız təkcə “açıq
qapı” günlərində yox, elə kassa
qarşısında da belə qələbəlik
yaratsınlar.
Mimçilərin oyununa baxmağa gələnlər
arasında Prezident Administrasiyası Humanitar siyasət, diaspor,
multikulturalizm və dini məsələlər şöbəsinin
müdiri Fərəh Əliyeva, Heydər Əliyev Fondu və
Mədəniyyət Nazirliyinin nümayəndələri, eləcə
də COP29-un qonaqları da vardı.
Tamaşaya gəlincə, Vilyam Şekspirin “Romeo və
Cülyetta” faciəsinin pantomim yozumu kollektivin yeni işlərindəndir.
Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı
Ceyhun Dadaşov, rəqslərin quruluşçusu Əməkdar
artist Nargilə Qəribova, rəssamı Xəyyam Səmədovdur.
Tamaşanın (eləcə də teatrın) bədii rəhbəri
Xalq artisti Bəxtiyar Xanızadədir.
Hekayət hər kəsə bəllidir: bir-birinə
düşmən olan iki ailənin övladları – Romeo və
Cülyetta qarşılaşdıqları ilk anda bir-birlərinə
aşiq olurlar və beləcə, kədərli sonluqla bitən
əhvalatları başlayır.
Bu dəfə mövzunun emosional təsir gücü
söz yox, hərəkət idi. 90 dəqiqəlik (pantomim
oyunu üçün kifayət qədər uzun zaman olsa da)
tamaşada mükəmməl aktyor oyunu hakim idi. Obrazları
Əməkdar artist Bəhruz Vaqifoğlu (Ölüm), Elnur
İsmayılov (Rahib –Həyat), Oqtay Kazımov (Romeo), Aydan Həsənova
(Cülyetta), Elxan Şahaliyev (Kapuletti), Əməkdar artist Səbinə
Hacıyeva (Ledi Kapuletti), Nurlan Süleymanlı (Montekki), Solmaz
Bədəlova (Ledi Montekki), Əli Əlizadə (Hersoq),
Əməkdar artist Nargilə Qəribova (Dayə), Nurlan
Rüstəmov (Tibalt), Hilal Dəmir (Merkutsio), Cavad Nuriyev
(Benvolio), Elmin Qiyaslı (Paris), Jalə Novruzova və Hüseyn
İsmayılov (sakinlər) təqdim etdilər.
Yeni və köhnə nəsil mimçilərin
klassik məhəbbət dramına qatmış olduğu
dinamik oyun tamaşaçıların sürəkli
alqışları ilə qarşılandı.
Həmidə
Mədəniyyət .- 2024.-22 noyabr(¹87).- S.5.