COP29-da “Turizm
Günü” – Bakı Bəyannaməsi qəbul olunub
“Turizm də iqlim dəyişikliyinin qurbanıdır”
Noyabrın 20-də COP29 çərçivəsində
“Turizm Günü” keçirilib. Həmin gün “Turizm
Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti
üzrə Nazirlərin Birinci Görüşü” də
gerçəkləşib. Qeyd edək ki, COP tarixində ilk dəfə
turizmə belə xüsusi yer ayrılır.
Görüşdə “Turizm üzrə Təkmilləşdirilmiş
İqlim Təşəbbüsü” müzakirə edilib, 50-dən
çox ölkə və 8 qeyri-dövlət təşkilatının
qoşulduğu “Turizm Sektorunda Təkmilləşdirilmiş
İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi” digər
dövlətlərin də iştirakı üçün
elan olunub.
Tədbirdə çıxış edən Dövlət
Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev COP29-a ev
sahibliyi edən ölkə kimi Azərbaycanın xüsusi səyi
nəticəsində tarixdə ilk dəfə turizm
mövzusunun iqlim danışıqlarının əsas
gündəliyində yer almasına diqqət çəkib:
“Turizmin COP29 gündəliyinə daxil edilməsi sektor
üçün dönüş nöqtəsidir. Bu, milli
hökumətlərin, özəl sektorun və vətəndaş
cəmiyyətinin transformativ dəyişikliyi təmin etmək
üçün birlikdə işləməyə
çağırışıdır. Azərbaycan COP29-un ev
sahibi kimi bu mühüm dialoqa rəhbərlik etməkdən
qürur duyur”.
DTA sədri turizm sektorunun iqlim dəyişikliyindəki
rolunun vurğulandığı COP29-un növbəti COP tədbirləri
üçün davamlı irs yaratmasına və bəyannaməyə
tərəf çıxan ölkələrin sayının
artacağına inamını ifadə edib.
BMT Turizmin (UN-Tourism, Dünya Turizm Təşkilatı
2024-cü ildən belə adlanır – red.) baş katibi Zurab
Pololikaşvili çıxışında iqlim dəyişikliyi
ilə mübarizə aparmaq üçün birgə səylərin
vacibliyini, “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim
Fəaliyyəti üzrə COP29 Bakı Bəyannaməsi”nin
sektor üçün dönüş nöqtəsi kimi bundan
öncə qəbul edilən Qlazqo Bəyannaməsinə dəstək
olduğunu qeyd edib: “Birlikdə turizmin təkcə iqtisadi
artım üçün deyil, həm də ətraf
mühitin qorunması və qlobal həmrəylik
üçün qüvvə olmasını təmin etməliyik”.
“Bugünkü turizm nazirləri tədbiri turizm
sektorunda əməkdaşlıq və fəaliyyət istiqamətində
zəmin yaratmaq üçün bir fürsətdir. Turizm də
iqlim dəyişikliyinin qurbanıdır. COP29 Sədrliyi ilk dəfə
turizm məsələsini iqlim dəyişikliyi kontekstində
qəti şəkildə gündəmə gətirib. Bu,
çox vacibdir” – bunu isə BMT-nin Ətraf Mühit
Proqramının (UNEP) icraçı direktoru İnger Andersen
deyib.
UNEP-in icraçı direktoru diqqətə
çatdırıb ki, qlobal emissiyaların 8,8 faizi turizm
sektorunun payına düşür və turizm sektorunun
yaratdığı emissiyaların 70 faizi nəqliyyat vasitələri
tərəfindən meydana gəlir. Bütün bu məqamlar
turizm sektoruna yeni baxışları labüd edir,
emissiyaların azaldılması imkanlarını nəzərdən
keçirməyi tələb edir. Turizm sektorunun iqlim dəyişikliyi
kontekstində dayanıqlığı təmin etmək
üçün böyük potensialı var.
Qeyd edək ki, “Turizm Sektorunda Təkmilləşdirilmiş
İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi”
turizm sektorunda iqlim tədbirlərini genişləndirmək məqsədilə
sektorun milli və qlobal iqlim siyasətlərinə daha
yaxşı inteqrasiya edilməsini əsas hədəf kimi
müəyyənləşdirir. Bəyannamə turizm sektorunda
iqlim tədbirlərinin sürətləndirilməsinin təxirəsalınmaz
zəruriliyini vurğulayaraq, tərəfləri emissiyaları
azaltmağa və dayanıqlı turizm təcrübələrini
tətbiq etməyə təşviq edir.
DTA və BMT Turizmin birgə təşkilatçılığı,
BMT-nin Ətraf Mühit Proqramının (UNEP) dəstəyi ilə
keçirilən tədbirdə 30-a yaxın ölkədən
turizm nazirləri, turizm üzrə məsul qurumların
yüksək səviyyəli rəsmiləri və beynəlxalq
təşkilatların nümayəndələri iştirak
ediblər.
“Turizm Günü” çərçivəsində
“Turizm sektorunun iqlim ambisiyasının artırılması –
öhdəliklərdən icraya (ölçü və
dekarbonizasiya)”, “Turizm sektorunun iqlim ambisiyasının
artırılması – öhdəliklərdən icraya
(regenerasiya/adaptasiya və maliyyələşmə)”, “Turizmdə
təkmilləşdirilmiş iqlim fəaliyyəti: innovativ həllər
və irəliyə doğru” mövzularında dəyirmi
masalar və tematik təqdimatlar da keçirilib.
***
Noyabrın 20-də COP29-da keçirilən “Turizm
Günü” çərçivəsində Dövlət
Turizm Agentliyi (DTA) ilə BMT Turizm arasında niyyət
sazişi imzalanıb. Niyyət sazişi əlaqələndirmə
və tərəfdaşlıq platformasının
yaradılması üçün əlverişli zəmin
formalaşdırmağı, həmçinin qeyd olunan təşəbbüslə
başlayan prosesin növbəti dövrdə də davam
etdirilməsini təmin etməyi və turizm sektorunun azkarbonlu
və dayanıqlı gələcəyə töhfə verən
sahəyə çevrilməsini dəstəkləməyi hədəfləyir.
Mədəniyyət .- 2024.-22 noyabr(¹87).- S.3.