Ağdam Şəhəri
Günü təntənə ilə qeyd olunub
Müzəffər Ali Baş Komandan, Prezident İlham
Əliyevin rəhbərliyi ilə 44 gün ərzində hərbi
və siyasi müstəvilərdə qazanılan qələbələr
sayəsində 2020-ci il noyabrın 20-də Ağdam rayonunun
işğalda olan hissəsi bir güllə belə
atılmadan azad edilib. Prezident İlham Əliyevin müvafiq
(2023-cü il iyulun 31 tarixli) sərəncamı ilə 20 noyabr
Ağdam Şəhəri Günü kimi qeyd olunur.
Ağdamın işğaldan azad olunmasının
dördüncü ildönümü və Ağdam Şəhəri
Günü münasibətilə Quzanlı qəsəbəsinin
girişindəki Bayraq meydanında tədbir keçirilib.
Ağdam Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan
Partiyası rayon təşkilatının, idarə, müəssisə
və təşkilatların rəhbərlərinin, şəhid
ailələrinin, qazilərin, ictimaiyyət nümayəndələrinin
iştirak etdiyi tədbir zamanı əvvəlcə Şəhidlər
xiyabanı və Şəhidlər Abidə Kompleksi ziyarət
olunub.
Bayraq Meydanında davam edən tədbirdə Azərbaycanın
Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər
Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Çıxış edənlər 44 günlük Vətən
müharibəsində qazanılan şanlı Qələbədən,
2020-ci ilin 10 noyabr tarixində Azərbaycan Prezidenti, Rusiya
Prezidenti və Ermənistan Baş nazirinin imzaladığı
birgə bəyanata əsasən, Ağdam rayonunun işğal
olunmuş ərazisinin 2020-ci il noyabrın 20-də Ermənistan
ordusu tərəfindən boşaldılmasından, Azərbaycan
Ordusunun heç bir itki, şəhid vermədən, qan
tökülmədən Ağdam rayonunun işğal
altındakı hissəsinə daxil olmasından
danışıblar.
Tədbirin bədii hissəsində Ağdam Musiqi
Kolleci “Qarabağ” instrumental ansamblının müşayiəti
ilə konsert olub. Əməkdar artist Fehruz Səxavətin və
kollecin müəllimlərinin ifasında xalq və bəstəkar
mahnılarından ibarət musiqi nömrələri təqdim
edilib.
Mədəniyyət .- 2024.-22 noyabr(№87).- S.4.