İranla mədəni
əməkdaşlıq məsələləri müzakirə
olunub
Azərbaycan Respublikasının mədəniyyət
naziri Adil Kərimli noyabrın 21-də COP29-la bağlı
ölkəmizdə səfərdə olan İran İslam
Respublikasının mədəni irs, turizm və sənətkarlıq
naziri Səid Reza Salehi Amirinin rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşüb.
Nümayəndə heyətini salamlayan Adil Kərimli
ölkəmizin ev sahibliyi etdiyi belə bir mötəbər tədbirdə
iştirakına görə iranlı həmkarına təşəkkürünü
bildirib. Qeyd edib ki, Azərbaycan ilə İran arasında mədəniyyətin
müxtəlif sahələri üzrə əməkdaşlığın
geniş perspektivləri var. Xüsusilə, kitabxana, muzey
işi, sərgi sahəsində birgə fəaliyyətin təşviqi,
eləcə də kinematoqrafiya sahəsində əməkdaşlığın
qurulması, ənənəvi musiqi festival və müsabiqələrində
qarşılıqlı iştirak əlaqələrin
inkişafına töhfə verə bilər.
Bundan əlavə, beynəlxalq təşkilatlar səviyyəsində
də əməkdaşlığın genişləndirilməsi
üçün imkanlar mövcuddur. Mədəni irs nümunələrinin
UNESCO-nun müvafiq siyahılarına daxil edilməsi
üçün müştərək nominasiya
fayllarının hazırlanması, o cümlədən mədəni
sərvətlərin qanunsuz dövriyyəsinə qarşı
birgə səylərin göstərilməsinin əhəmiyyəti
vurğulanıb.
COP29-da iştirakından məmnunluğunu bildirən
nazir Səid Reza Salehi Amiri görüşə görə təşəkkür
edib. O, qarşılıqlı faydalı əməkdaşlıqda
maraqlı olduqlarını, müxtəlif sahələrdə
əlaqələrin inkişafı üçün səylərin
davam etdirilməsinin vacibliyini diqqətə
çatdırıb.
İranlı nazir mədəni irsin qorunması sahəsində
dövlət-özəl tərəfdaşlığının
zəruri olduğunu deyib. Bildirib ki, bu sahədə iki ölkə
arasında təcrübə mübadiləsi aparıla bilər.
Eyni zamanda Araz çayı üzərindəki Xudafərin
körpülərinin müştərək bərpasının
həyata keçirilməsi mümkündür.
Söhbət zamanı COP29 çərçivəsində
mədəni irs və ətraf mühit məsələlərinə
də toxunulub, qarşılıqlı maraq doğuran digər
sahələr üzrə fikir mübadiləsi aparılıb.
Sonda Adil Kərimli iranlı nazirə xatirə hədiyyəsi
təqdim edib.
Mədəniyyət .- 2024.-22 noyabr(№87).- S.2.