“Nəsimiyə
sevgimizi opera vasitəsilə insanlara çatdırmaq istədik”
“Nəsimi” operası yaşayacaq, hələ uzun illər
Azərbaycan səhnəsində olacaq. Çünki musiqisinin
gözəlliyi və onun içərisində Nəsimi ruhunun
bütün parlaqlığı ilə görünməsi Azərbaycan
xalqını cəzb edəcək və çox-çox illər
boyu cazibəsində saxlayacaq.
Bu fikirləri Heydər Əliyev Sarayında
operasının premyerası zamanı jurnalistlərə
müsahibə verən yeni səhnə əsərinin libretto
müəllifi, akademik Rafael Hüseynov deyib.
Bildirib ki, dahi Azərbaycan şairi və mütəfəkkiri
İmadəddin Nəsiminin doğulduğu və qətlə yetirildiyi
ildən çox zaman keçib: “Ancaq bu cür şəxsiyyətlər
gəlirlər və əbədi qalırlar. Onları nə
tarixdən silmək olur, nə də mənsub olduqları millətin
yaddaşından. Zaman keçdikcə belə şəxsiyyətlər
rəssamların, rejissorların, bəstəkarların
yanaşmasında yenidən doğularaq yaddaşlara hopurlar.
Görkəmli yazıçımız İsa Hüseynov
İmadəddin Nəsimi haqqında gözəl bir əsər
yazdı və bizim unudulmaz rejissorumuz Həsən Seyidbəyli
misilsiz bir film çəkdi və bununla Nəsimi sanki Azərbaycan
insanı üçün təzədən doğuldu, təzədən
qayıtdı doğma vətənə. Amma aradan böyük
zaman keçir, yeni nəsillər gəlir və Nəsiminin
bu xalqa daha da yaxınlaşmasına ehtiyac var. Elə bu məqsədlə
də Nəsimiyə olan sevgimizi bu opera vasitəsilə yenidən
insanlara çatdırmağa qərar verdik. Böyük
şövqlə çalışdıq ki, daha gözəl
bir əsər ortaya çıxaraq və Azərbaycan opera səhnəsini
bəzəyək. Operada Nəsiminin şəxsiyyətini,
yaradıcılığının dühasını
tamaşaçıya çatdırmağa
çalışmışıq”.
Operanın bəstəkarı Xalq artisti Siyavuş Kərimi
deyib: “Bu gün “Nəsimi” operasının premyerasıdır,
çox həyəcanlıyam. Böyük əzmlə
çalışmışıq ki, opera
tamaşaçıların xoşuna gəlsin. Operada
böyük mütəfəkkir Nəsimi, onun həyatında
baş verən hadisələr əksini tapıb. Əlbəttə
ki, bənzərsiz söz xiridarının bütün həyatını
bu əsərdə əhatə etmək qeyri-mümkün idi.
Amma tamaşaçı üçün maraqlı ola biləcək
bir əsər hazırlamağa çalışdıq.
Operada çox istedadlı ifaçılar yer alıb.
İnanıram ki, tamaşaçıların xoşuna gələcək
və operanın ömrü uzun olacaq”.
Mədəniyyət .- 2024.-22 noyabr(¹87).- S.2.