“Nəsimi”: opera səhnəmizdə
yeni ad
Dahi şairin həyatı kino ekranı və balet
tamaşasından sonra daha bir yaradıcı təcəssüm
tapdı
Hər yeni əsərin, üstəlik, opera kimi irihəcmli
səhnə əsərinin yaradılışı, ilk
nümayişi özlüyündə artıq hadisədir. Bu
həftə biz belə bir hadisənin şahidi olduq.
Noyabrın 20-də Heydər Əliyev Sarayında Xalq
artisti, professor Siyavuş Kəriminin akademik Rafael Hüseynovun
librettosuna bəstələdiyi “Nəsimi” operasının
premyerası keçirildi.
Adətən, belə böyük tamaşalar
hazırlananda kim bilməsə də, mədəniyyət yazarları
bu məsələdən teatrsevərlərdən xeyli tez xəbər
tutur və tamaşanın hazırlıq prosesindən, məşqlərindən
potensial seyrçi auditoriyasını da agah edirlər. Amma bu
dəfə belə olmadı. İstər kütləvi səhnə
iştirakçılarının (xor, balet truppası, dəvətli
“Natiq ritm” qrupu, xanəndələr və milli musiqi alətləri
ifaçıları) sayı, istər müstəqil ariya
oxuyan vokal partiyalarının bolluğu, demək olar ki,
bütün vokalçıların ariozo və reçitativ
ifa etməsi aydın göstərdi ki, opera üzərində
uzunmüddətli yaradıcılıq işi aparılıb.
Sadəcə, böyük kollektiv mətbuata xəbər-filan
sezdirmədən bu işi yerinə yetirməyi bacarıb.
Operanın adını eşidərkən oxucumuz bir
an düşünə bilər ki, əgər baş qəhrəman
Nəsimidirsə, deməli, tamaşada qəzəllərin
oxunduğu muğam parçaları bol olmalı, həm də
əsər janrına görə, haradasa, muğam operasına
yaxın olmalıdır. Bəli, tamaşada qəzəllər
var, amma bəstəkar muğam operası deyil, dünya və
milli musiqimizdən bəhrələnərək yalnız bir
neçə məqamda milli musiqi alətlərindən əlahiddə
istifadə etməklə simfonik orkestrin bütün alət
qruplarının maksimal məşğul olduğu klassik opera əsəri
yazıb. Tamaşadakı şeirlərin, ariyaların və
digər mətnlərin müəllifi isə akademik Rafael
Hüseynovdur. Çox maraqlıdır ki, Azərbaycan opera
tarixində şair kimi tanınmayan bir neçə ədib
çox gözəl opera librettosu ilə yanaşı,
ariyaların mətnini də yazıblar. Bunlardan birincisi Məmməd
Səid Ordubadi (“Nərgiz” və “Koroğlu” operalarının
mətn müəllifi), hələlik isə ən sonuncusu
Rafael Hüseynovdur.
Tamaşanın musiqi rəhbəri və
quruluşçu dirijoru Əməkdar artist, Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrının baş
dirijoru Əyyub Quliyevdir. Opera əsərinin ilk dirijoru olmaq həm
də bir növ həmin əsərin gələcək
taleyini həll etmək deməkdir. Çünki adətən,
əsərin ilk musiqi redaktəsinin müəllifi də onun
ilk dirijoru olur. Bu baxımdan “Nəsimi” operasının gələcək
dirijorlarının bəxti gətirib. Əyyub Quliyev
özünəxas mülayim ifa və idarəetmə tərzi
ilə operanın musiqi taleyini uğurla həll edib.
Tamaşanın quruluşçu rejissoru Əməkdar
artist, Akademik Opera və Balet Teatrının solisti İnarə
Babayevadır. “Nəsimi” operası, səhv etmiriksə, onun
ilk səhnə quruluşu deyil. Heydər Əliyev
Sarayının çox böyük səhnəsində opera
tamaşasına quruluş vermək, səhnəni doldurmaq asan
deyil. Tamaşada həm xorun, həm də balet truppasının
(bu yerdə xormeyster Əməkdar incəsənət xadimi
Sevil Hacıyeva və quruluşçu xoreoqraf Əməkdar
artist Yuri Lobaçova nizamlı quruluş və kollektivin
sığallı çıxışına görə
xüsusi təşəkkür), üstəlik, solistlərin,
“Natiq ritm” qrupunun, pəhləvanların çıxış
etdiyi bazar səhnəsindəki intizamlı ifa, personajların
boş qalmaması üçün rolların ikinci
planının dəqiq işlənməsi xanım rejissorun
uğuru sayılmalıdır.
Bu yerdəcə tamaşanın daha lakonik və birxətli
inkişafına xidmət edəcək bir qeydimizi
çatdıraq: əsərdə Salnaməçi obrazı
var ki, bu rolda Xalq artisti Nurəddin Mehdixanlı
çıxış edir. Onun tamaşa başlayandan bitənədək
diaqonal üzrə fərqli kulislərdən bir neçə
dəfə səhnəni bölərək keçməsi və
uca səsi ilə hadisələrin yöntəmini nəql etməsi
sanki tamaşanın bütövlüyünü qırır.
Nurəddin Mehdixanlı çox xarizmalı və təcrübəli,
həm də öz istedadını səsinin ahənginə
keçirməyi bacaran aktyordur. Bu səbəbdən də
onun səsinin səhnə arxasından, özü də səs
effektləri qatılaraq çatdırılması
tamaşanın xeyrinə olardı. Üstəlik, belə
priyomlar opera, hətta balet tamaşalarında da məqbul
sayılır. Maraqlıdır ki, Aqşin Əlizadənin “Nəsimi”
baletinin ilk quruluşunda (!) bu priyomdan istifadə edilmişdi və
tamaşanın finalında səhnə arxasında şairin qəzəli
səsləndirilmişdi.
İfaçılara gəlincə... Tamaşa opera əsəri
üçün məqbul səhnədə
oynanılmadığı üçün mikrofon ilə
oxuyan vokalçı və xanəndələrin sırf vokal
ifa baxımından öz partiyalarının öhdəsindən
nə qədər və necə gəldiyini demək çətindir.
Əsas partiyanı Əməkdar artist Ramil Qasımov
ifa edirdi. Ramil Qasımovu indiyədək milli opera və Avropa
operalarında az seyr etməmişik. Həm də onun baş qəhrəmanı
digər şairimiz olan “Vaqif” operasında da baş rolda
görmüşük. Düzdür, yaradıcılıq
baxımından Molla Pənah Vaqif və İmadəddin Nəsimi
heç zaman eyni cərgədə yanaşı dura bilməz.
Bununla belə, ifada oxşarlıqlar ola bilərdi, lakin Ramil
Qasımovun istedadı, zəhmətsevərliyi bir tərəfdən
müəlliflərdən gələn söz və musiqi vəhdəti,
digər tərəfdən obrazın fərqli
qarşılanmasını təmin etdi. Laməkan mütəfəkkirin
vətən sevgisi, fəlsəfi düşüncəsi, əzablara
dözümü Ramil Qasımovun ifasında Azərbaycandan
Şərqə, Şərqdən də dünyaya yayılan
düha kimi təqdim edildi.
Tamaşanın heyəti əsasən teatrın cavan
vokalçıları üzərində qurulmuşdu. Dəvətli
solistlər – Xalq artisti Teyyub Aslanov (Nəimi) və gənc xanəndə
Kamilə Babayeva (Fatimə) obraza həm də aktyor
yanaşması baxımından bir qədər zəif təsir
bağışlasalar da, bunu debüt faktı kimi yaxşı
qiymətləndirmək olar. Teatrın cavan və gənc vokal
qüvvəsi – Əməkdar artistlər Anton Ferştandt
(Əmir Teymurun vəziri), Tural Ağasıyev (Zahid), solistlər
Fatimə Cəfərzadə (Sənəm), Kamilə Nəbiyeva
(Fatimə), Səma Həmzəyeva (Nəsiminin anası), Mahir
Tağızadə (Əmir Teymur), Taleh Yahyayev (Məlikşüarə)
Fəhmin Əhmədli (Əmir Teymurun vəkili), Xəyal
Hüseynov (Dərviş), Ruslan Persan (Birinci keşikçi),
Rza Xosrovzadə (İkinci keşikçi), Fuad Əzizzadə
(Zindan açarçısı) və Elmir Rüstəmovun
(Qazı) ifası tamaşanı təsirli və yaddaqalan etdi.
***
“Nəsimi” operası Mədəniyyət Nazirliyinin dəstəyi
ilə Azərbaycan Dövlət Akademik Opera və Balet
Teatrının bazasında hazırlanıb.
Nümayişdən sonra səhnəyə
çıxan libretto müəllifi akademik Rafael Hüseynov
tamaşanın çox yığcam maddi resurs, digər
teatrların əlbisə köməyi sayəsində ərsəyə
gəldiyini vurğuladı. Bu səbəbdən
ifaçıların görkəmindəki bir sıra
qüsurları (məsələn, məişət və baqi
həyat dəyərlərindən qat-qat uca duran Fəzlullah Nəiminin
gözqamaşdıran atlas əbası) görməzdən gəlirik.
Tamaşada dekor yoxdur, seyrçi hadisələri səhnənin
arxa divarını tutan boyaboy videoinstalyasiyanın fonunda seyr
edir ki, bu da Mədəniyyət Nazirliyinin köməyi ilə
baş tutub.
***
Yazını Azərbaycan Dövlət Akademik Opera və
Balet Teatrının binasında süjetini əzbər
bildiyimiz tamaşaları, ilk notlarından
tanıdığımız əsərləri, eyni zamanda
milli bəstəkarlıq məktəbimizin yeni böyük həcmli
əsərlərini dinləməyi və seyr etməyi özləyən
musiqisevərlərin arzusu ilə bitiririk: biz yeni operamız “Nəsimi”ni
də doğma teatrın səhnəsində, opera
tamaşası üçün daha münasib ortamda və
canlı səslərlə dinləməyin arzusundayıq. Hələliksə
deyirik: opera səhnəmizə xoş gəldin, “Nəsimi”!
Gülcahan Mirməmməd
Mədəniyyət .- 2024.-22 noyabr(¹87).- S.1;2.