“Şuşa – zirvədən
uca” kitabı ICESCO tərəfindən ərəbcə nəşr
edilib
Baş direktor: “Şuşa şəhərinin daha
böyük coğrafiyada təbliğinə töhfə
veririk”
ICESCO tərəfindən “Şuşa – İslam
dünyasının mədəniyyət paytaxtı 2024” ili
çərçivəsində “Şuşa – zirvədən
uca” kitabı ərəb dilinə tərcümə edilərək
çap olunub. Kitabın ərəbcə nəşri Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi,
“İRS-Heritage” jurnalı və “PAŞA Holding” MMC-nin dəstəyi
ilə ərsəyə gəlib.
“Şuşa – zirvədən uca” kitabı 2022-ci ildə
ölkəmizdə elan olunan “Şuşa ili” çərçivəsində
hazırlanıb. Həmin ilin dekabrında Bakıda nəşrin
ilk təqdimatı olub. Kitab qala-şəhərimizin
Qarabağ xanı Pənahəli xan tərəfindən əsasının
qoyulduğu dövrdən – 1752-ci ildən günümüzədək
keçdiyi tarixə işıq salır. Nəşrdə
Şuşanın mədəni həyatı, abidələri,
işğal dövründə məruz qaldığı
dağıntılar və azadlığa qovuşması zəngin
mətn və fotofaktlarla təsvir olunub.
Noyabrın 20-də COP29 çərçivəsində
ICESCO-nun pavilyonunda kitabın ərəbcə nəşrinin təqdimat mərasimi keçirilib.
Tədbirin moderatoru, ICESCO-nun Tərəfdaşlıq
və beynəlxalq əməkdaşlıq sektorunun rəhbəri
Anar Kərimov nəşr haqqında məlumat verib,
çıxışçıları təqdim edib.
ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa
şəhərinin tarixindən, mədəni zənginliyindən
söz açıb: “Bu il mayın 11-də Şuşa şəhərində
“Şuşa – İslam dünyasının mədəniyyət
paytaxtı 2024” ilinin açılış mərasimində
iştirak etdik. Şuşada olarkən yeni yollar, gözəl
binalar, əla hotellər və təmir edilmiş muzeylər
gördük. Bütün bunlar göstərir ki, Prezident
İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad
edilmiş digər ərazilər kimi, Şuşa şəhərində
də böyük bərpa və yenidənqurma işləri həyata
keçirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
xanım Əliyevanın rəhbərlik etdiyi Heydər
Əliyev Fondu da Şuşanın və işğaldan azad
edilmiş digər bölgələrin
abadlaşdırılması və müasirləşdirilməsi
işində yaxından iştirak edir”.
Kitab haqqında danışan baş direktor onun ərəb
dilində işıq üzü görməsinin qədim
Şuşa şəhərinin daha böyük coğrafiyada təbliğinə
qiymətli töhfə olduğunu deyib.
Azərbaycan Respublikasının mədəniyyət
naziri Adil Kərimli çıxışında diqqətə
çatdırıb ki, Şuşa şəhərinin
2024-cü il üçün “İslam dünyasının mədəniyyət
paytaxtı” elan edilməsi barədə qərar ötən
ilin 25 sentyabrında Qətərin paytaxtı Dohada keçirilən
İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci
Konfransında qəbul edilib. Bu ilin 11 may tarixində Prezident
İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və
ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malikin
iştirakı ilə Şuşada “İslam
dünyasının mədəniyyət paytaxtı – 2024”
ilinin açılış mərasimi keçirilib: “Cənab
Prezidentin açılış mərasimindəki
çıxışında dediyi kimi, “Biz 28 il
Şuşasız yaşadıq. Bu işğala baxmayaraq
Şuşa öz ruhunu – Azərbaycanın ruhunu qoruyub saxlaya
bildi. Şuşa işğaldan azad olunandan sonra ona
qayıdanda hər birimiz bunu bir daha gördük”. Bu gün
Şuşada genişmiqyaslı yenidənqurma işləri
aparılır. Burada əsas məqsəd 30 ilə yaxın
işğalın qurbanı olmuş qədim Azərbaycan mədəniyyətinin
bərpasıdır. Azərbaycan mədəniyyəti, incəsənəti,
irsi bərpa olunur, insanlar öz doğma yurdlarına
qayıdırlar. Bu mənada, kitab Ərəb dünyasına
Şuşanın nadir mədəni və tarixi irsini kəşf
etməyə imkan verəcək. Bu prosesə verdiyi dəstəyə
görə Salim bin Məhəmməd əl-Malikə təşəkkürümü
bildirirəm”.
Nazir Azərbaycanla ICESCO arasındakı əməkdaşlığın
ildən-ilə daha da möhkəmləndiyini bildirib: “Azərbaycanla
bu təşkilat arasında səmərəli əməkdaşlığın
bir göstəricisi də Bakıda ICESCO-nun regional ofisinin
açılmasıdır. Yaxın gələcəkdə
regional ofisin açılışı
planlaşdırılır. Bundan əlavə, COP29 çərçivəsində
ICESCO ilə IDEA (Ətraf Mühitin Mühafizəsi naminə
Beynəlxalq Dialoq) İctimai Birliyi arasında imzalanmış
niyyət protokolu birgə əməkdaşlığımızın
genişləndirilməsinə öz töhfəsini verəcək”.
Adil Kərimli çıxışının sonunda
kitabın nəşrində əməyi keçənlərə
təşəkkürünü bildirib.
Şuşa rayonunda Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov,
“PAŞA Həyat Sığorta” ASC İdarə Heyətinin sədri
Niyaz İsmayılov, “İRS-Heritage” jurnalının baş
redaktoru Musa Mərcanlı və Milli Məclisin deputatı,
Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr
departamentinin rəhbəri Soltan Məmmədov
çıxış edərək nəşrin tarixi-mədəni
əhəmiyyətindən danışıblar.
Çıxışçılar nəşrin ərəbdilli
oxucuların Şuşanın tarixi, mədəniyyəti, adət-ənənələri
ilə tanış olması baxımından qiymətli mənbə
olacağını bildiriblər.
Sonda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, “PAŞA Həyat” və “İRS” nəşriyyat
evinin birgə əməkdaşlığı çərçivəsində
indiyədək “Şirvanşahların minilliyi”, “Kəlam və
fırça”, “Qədim qalanın yuxuları”, “Qobustan –
minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”,
“Qədim və gözəl Qarabağ”, “Məftun edən
şəhər”, “Bakı simfoniyası”, “Daş
keşikçilər”, “Zəfər salnaməsi”, “Qarabağ –
əsrlərin salnaməsi”, “Gəncə – Nizami yurdu”, “Şəki
– gözəlliyin sehri”, “Salam, Azərbaycan!”, “Qarabağın
qara kitabı” və “Qarabağ – Qələbə yolları ilə”,
“Şuşa. Qarabağın ulduzu” və s. kitablar işıq
üzü görüb.
N.Məmmədli
Mədəniyyət .- 2024.-22 noyabr(¹87).- S.1;3.