Yaradıcı sənayelər
iqlim dəyişmələrinə necə təsir edə bilər?
COP29-da növbəti panel
Noyabrın 21-də COP29 çərçivəsində
Azərbaycan pavilyonunda “Yaradıcı müzakirələr:
yaradıcı sənayelərin iqlim dəyişmələrinə
təsiri” mövzusunda panel keçirilib.
Panel Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyi, Yaradıcı Mərkəz və “Yaradıcı
müzakirələr” layihəsinin birgə təşkilatçılığı
ilə gerçəkləşib.
Tədbirin iştirakçıları arasında Azərbaycan
Respublikasının Prezident Administrasiyası Humanitar siyasət,
diaspor, multikulturalizm və dini məsələlər
şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət
naziri Adil Kərimli və digər qonaqlar olub.
Panelin moderatoru, startaplar üzrə tanınmış
mütəxəssis Tal Katran tədbir haqqında məlumat
verib. Qeyd edib ki, paneldə yaradıcılıq sənayelərinin
(oyun, animasiya, film, musiqi və rəqəmsal media) iqlim dəyişikliyi
və davamlılıq üzərindəki təsiri
araşdırılacaq: “İstehsal prosesində davamlı
müasir metodların tətbiqi, innovativ texnologiyalardan istifadə,
eyni zamanda dövri dəyər zəncirləri nəzərə
alınmaqla yaradıcılıq sənayeləri ətraf
mühitə təsirləri azalda bilər. Bundan əlavə,
bu prosesdə mədəni davranışlar da əhəmiyyət
daşıyır. İqlimlə bağlı davamlı maarifləndirici
tədbirlərin təşkilinə də diqqət yetirilməlidir.
“Outra Onda Conteudo” şirkətinin direktoru Eduardo Karvalho
yaradıcı iqtisadiyyat klasterlərinin idarə edilməsi ilə
bağlı yanaşmalarını diqqətə
çatdırıb. Deyib ki, yaradıcılıq sənayeləri
daxilində innovativ tətbiqlər bu istiqamətdə prosesləri
sürətləndirə bilər. Natiq həmçinin maarifləndirici
sərgilər və virtual platformalar vasitəsilə karbon təsirlərinin
minimuma endirilməsinə töhfə verməyin mümkün
olduğunu deyib.
“İkonoTV”nin təsisçisi və baş direktoru
Elizabet Markeviç yaradıcılıq sənayelərinin
qlobal miqyasda iqlimə münasibətdə şüurlu
davranışları təşviq etmək imkanlarından
söz açıb. O, “İkonoTV”də
yaradıcılığı davamlılıqla
uyğunlaşdırmaq üçün tətbiq edilən
strategiyaları da diqqətə çatdırıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Yaradıcı sənayelər və rəqəmsal inkişaf
şöbəsinin müdiri Rəşad Əzizov
yaradıcılıq sənayeləri ilə bağlı təcrübələrin
davamlı mənimsənilməsi və yaşıl istehsal
metodlarına keçidin dəstəklənməsinin zəruriliyini
qeyd edib.
Yaradıcı Mərkəz haqqında məlumat verən
şöbə müdiri deyib ki, mərkəz “Azərbaycan
Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi
inkişaf Strategiyası”na uyğun olaraq, Mədəniyyət
Nazirliyi tərəfindən “Yaradıcı Azərbaycan”
proqramı çərçivəsində təsis edilib.
Yaradıcı Mərkəz innovativ ideyaları yüksəkkeyfiyyətli
məhsullara çevirməyə fokuslanaraq bacarıqların
təkmilləşdirilməsi və kommersiyalaşdırma,
peşəkar təlimlər, həmçinin biznes mülkiyyəti
ilə bağlı ekspert xidmətləri təqdim edir. Mərkəzin
fəaliyyət sahələrinə kino, animasiya, incəsənət,
oyun inkişafı, musiqi, media və digər yaradıcı
klasterlər daxildir.
UNICEF-in proqram mütəxəssisi Alla Tynkeviç
yaradıcılıq sənayelərinin onun təmsil etdiyi təşkilatla
əməkdaşlığı məsələsinə
toxunub, gənc nəsillərdə ekoloji şüurlu
davranışları təşviq etmək üçün
görülə biləcək işlərdən bəhs edib.
Sonda panel iştirakçılarının sualları
cavablandırılıb, xatirə şəkli çəkdirilib.
Nurəddin
Mədəniyyət .- 2024.-22 noyabr(¹87).- S.1;2.