“Solo gənclik” – yeni layihə
“İRƏLİ” İctimai Birliyi və Azərbaycan
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı
ilə “Solo gənclik” layihəsinin icrasına
başlanılıb.
Layihə çərçivəsində ilk konsert
Qara Qarayevin Ev-Muzeyində olub. Musiqisevərlər bəstəkar,
pianoçu Nigar Süleymanın ifasını dinləyiblər.
Tədbirdə əvvəlcə “İRƏLİ”
İctimai Birliyinin nümayəndəsi Mədinə Səlimova
Azərbaycanın zəngin musiqi mədəniyyətinin gənc
nəslə çatdırılması və bu istiqamətdə
həyata keçirilən layihələrin əhəmiyyətindən
bəhs edib. Qeyd edib ki, yeni layihənin məqsədi gənclərin
mədəni iştirakçılığının
artırılması, musiqi mədəniyyətinin inkişafına
töhfə vermək və istedadlı gənclərin fəaliyyətinin
stimullaşdırılmasına nail olmaqdır.
Daha sonra Nigar Süleyman görkəmli bəstəkarlar
Qara Qarayev və Vaqif Mustafazadənin əsərlərini, eləcə
də özünün bəstələrini ifa edib.
Nigar Süleyman Bülbül adına Orta İxtisas
Musiqi Məktəbində dirijorluq, bəstəkarlıq və
nəzəriyyə ixtisasları üzrə təhsil alıb.
Bakı Musiqi Akademiyası və Estoniya Musiqi və Teatr
Akademiyasında bəstəkarlıq ixtisası üzrə təhsilini
davam etdirib. Bir sıra festival və müsabiqələrin
iştirakçısıdır.
Mədəniyyət .- 2024.- 27 noyabr(¹88).- S.5.