İllər öncə
qəzetlər nədən yazırdı?
Milli Kitabxananın dövri mətbuat arxivindən (29)
Bu il dahi Azərbaycan şairi Məhəmməd
Füzulinin anadan olmasının (1494–1556) 530 illiyidir. Mütəfəkkir
şairlə bağlı ilk dövlət səviyyəli
yubiley isə 1958-ci ildə, vəfatının 400 illiyi ilə
bağlı (iki il gecikmə ilə) keçirilib. Yubiley o vaxt
böyük vətənimiz sayılan SSRİ-nin paytaxtı
Moskvada da qeyd olunub. Mətbuat xronikasından seçmələrdən
biri bu barədədir.
Digər seçmə isə yenə həmin ilin
noyabrında Azərbaycan Dövlət Mahnı və Rəqs
Ansamblının Çin Xalq Respublikasına qastrolu ilə
bağlıdır. Böyük uğurla keçən qastrol
haqqında ÇXR-in ən böyük qəzeti “Jenmin
Jibao”da dərc edilən rəğbət dolu yazılar sovet mətbuatında
da yayılmışdı.
Beləliklə, “Kommunist” qəzetinin səhifələrində
66 il əvvələ qayıdırıq. Materiallarda mövcud
orfoqrafiya saxlanılıb.
Füzulinin vəfatının 400 illiyini keçirən
komitədə
Dahi Azərbaycan şairi Məhəmməd
Füzulinin vəfatının 400 illiyini keçirən
respublika Komitəsinin noyabrın 29-da Mirzə İbrahimovun sədrliyilə
növbəti iclası olmuşdur.
Azərbaycan SSR mədəniyyət nazirinin müavini
İ.Nəzərov bildirmişdir ki, 20 artist və
yazıçıdan ibarət bir qrup təşkil
edilmişdir. Həmin qrup Vətənimizin paytaxtında
Füzuliyə həsr edilən gecələrdə və
konsertlərdə iştirak etmək üçün
noyabrın 30-da Moskvaya yola düşəcəkdir.
Azərbaycan bəstəkarları ittifaqının
birinci katibi Qara Qarayev əlamətdar hadisə ilə əlaqədar
olaraq respublika bəstəkarlarının böyük
yaradıcılıq işindən
danışmışdır. Onlar Füzulinin əsərləri
mövzusunda və ya dahi şairə həsr edilən 30-a qədər
əsər yaratmışlar.
Komitə SSRİ xalq artisti Bülbül Məmmədovun
bu sahədə səmərəli işlədiyini qeyd
etmişdir. O, Füzulinin əsərlərindən ibarət
böyük bir proqram tərtib etmiş, bunlara uyğun klassik
musiqi və xalq musiqisi seçmişdir.
Nizami adına muzeyin direktoru İsmayıl Axundov
bildirmişdir ki, Füzuliyə həsr edilən böyük
sərginin tərtibatı qurtarmış və bu günlərdə
sərgi açılacaqdır.
Sonra komitə ali məktəblərdə yubileyə
görülən hazırlıq haqqında məlumatı dinləmişdir.
Komitə Füzulinin abidəsinin təməl
daşının qoyulması, yubiley gecələri və
başqa tədbirlər ilə əlaqədar olan bir sıra əməli
məsələləri də müzakirə etmişdir.
Azərbaycan Dövlət mahnı və rəqs
ansamblının Çində qastrolu qurtardı
Noyabrın 25-də Azərbaycan Dövlət mahnı
və rəqs ansamblının Çin Xalq Respublikasındakı
qastrolları qurtarmışdır. Çin ictimaiyyəti və
mətbuatı Azərbaycan ansamblına çox yüksək
qiymət vermişdir. Redaksiyamız “Jenmin Jibao” qəzeti
redaksiyasına müraciət edərək, Azərbaycan
Dövlət mahnı və rəqs ansamblının
çıxışları haqqında Çin mədəniyyət
xadimlərinin rəylərini bizə göndərməyi
xahiş etmişdir. “Jenmin Jibao” qəzetinin əməkdaşları
bu xahişi böyük həvəslə yerinə
yetirmişlər.
Sizdən çox şey öyrəndik
Ye Min-Qo rəqqas
Azərbaycan mahnı və rəqs ansamblının
Lençjou şəhərindəki birinci
çıxışları tamaşaçılar arasında
böyük müvəffəqiyyət qazandı.
“Neftçilər rəqsi” bizə xüsusilə
xoş gəldi. Burada əvvəlcə Xəzər dənizinin
dalğalarını xatırladan bir nəğmə oxunur,
bundan sonra səhnəyə ansamblın qızlar dəstəsi
çıxır. Rəqsin sürəti və xüsusən
oynayanların əl hərəkəti ona bir zəriflik və
gözəllik verir. Bundan sonra səhnəyə çıxan
gənclər qızğın bir sürətlə rəqsi
davam etdirirlər. Səhnədə sanki dəniz buruqları
ucalır. Hətta fantan vuran quyu nəzərdə canlanır.
Ansamblın proqramının ikinci nömrəsi “Tirmə
şal” idi. Bu rəqs o cəhətdən maraqlıdır ki,
burada bir rəqqasə oynayır. Başqa bir cavan isə ona
mahnı oxuyur və eyni zamanda rəqs edir. Bu nömrəni rəqqasə
Roza Cəlilova çox böyük ustalıqla ifa etdi.
Biz Azərbaycan dilini bilmirik. Lakin rəqslərin dilini
başa düşürük. Buna görə də
ifaçıların keçirdikləri böyük sevinc bizə
yaxın idi.
Azərbaycan rəqsinin ustalarından Əminə
Dilbazi və Böyükağa Məmmədov konsertlərdə
böyük müvəffəqiyyət qazandılar. Onlar “Gəl
mənə naz eləmə” rəqsini oynadılar. Səhnəyə
əvvəlcə bir gənc çıxır. O, nazlı bir
qızı rəqsə dəvət edir. Əvvəlcə
qız naz-qəmzə satır. Lakin sonra onlar bir yerdə
oynayırlar. Bu rəqs çox gözəl və ahəngdardır.
Əminə Dilbazinin ifa etdiyi rəqslər bizim Çin rəqqasələrinin
proqramına daxil olacaqdır. O öz müvəffəqiyyətinin
sirrini bizə çox böyük həvəslə
açdı.
Rəqqasların və musiqiçilərin birgə
ifa etdikləri “Yallı” bizim qədim xalq rəqslərindən
“Yan qeni” çox xatırladır.
Azərbaycan Dövlət mahnı və rəqs
ansamblının bizim şəhərdəki
çıxışı milli mədəniyyətimizin
inkişafına çox kömək edəcəkdir. Biz milli
mahnı və rəqs sənətimizi inkişaf etdirməyi
azərbaycanlı yoldaşlarımızdan öyrənməliyik.
Uzaq ölkədən gəlmiş bacı və
qardaşlarımız
Lui Ci (Çin musiqiçiləri cəmiyyətinin sədri)
Azərbaycan Dövlət mahnı və rəqs
ansamblının Çinə gəlməsi
xalqımızın həyatında böyük mədəni
bir hadisə oldu. Biz ilk dəfə Azərbaycan sənətilə
1952-ci ildə istedadlı xanəndə Rəşid Behbudov
Çinə gəlib ölkəmizin bir çox şəhərlərində
çıxış etdiyi zaman tanış olmuşuq. Biz
çox uzaq, lakin ürəyimizə yaxın olan ölkənin
nəğmələrini indi də xatırlayırıq.
Biz istedadlı, şanlı Azərbaycan
xalqının sənətindən bir daha ilhamlanmaq imkanı
tapdıq. Azərbaycanlıların ansambl yaratmaq işindəki
20 illik təcrübələri milli incəsənətimizi gələcəkdə
daha da inkişaf etdirmək işində biz çinlilər
üçün ən gözəl nümunə ola bilər.
Çində Azərbaycan ansamblını gözəl
bir sənət məktəbi adlandırırlar. İndi Azərbaycan
xalqının nəğmələri Çin musiqiçiləri
tərəfindən gələcəkdə ifa edilmək
üçün öyrənilir. Azərbaycan
ansamblının çıxışları milli incəsənətimizi
gələcəkdə düzgün yollarla inkişaf etdirmək
üçün də bizim musiqiçilərə kömək
edəcəkdir. Bu gözəl sənət üçün
Azərbaycan xalqı sağ olsun!
“Kommunist” qəzeti 30 noyabr 1958-ci il
Mədəniyyət .- 2024.- 27 noyabr(¹88).- S.6.