“Mən nə dedim
ki?...”
50 illik ömrünün 30-nu səhnədə
keçirən aktyorun remarkalı monoloqu
Bilmirəm niyə, amma bu yazını məhz monopyes,
daha doğrusu, arabir remarkalı monoloq kimi qurmaq istədim. Bu,
onun ilk müsahibəsi idi və çox çətinliklə
yola gəldi. Deyir “İndi bu yaşında durum özümdən
danışım desinlər, Elxan, sənə nə oldu?”.
Amma israrla 50 illik ömrünün səhnədə keçən
30-cu baharını payız notlarına kökləmədən
heç vaxt oynamadığı benefist tamaşa (yazı)
“qurdum”. Qoy, özü ürəyini boşaltsın...
Elxan İsmayılov 24 iyul 1974-cü ildə Tovuz
rayonunda anadan olub. 1997-ci ildə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin Dram teatrı və
kino aktyoru fakültəsini fərqlənmə diplomu ilə
bitirib. 1994-cü ildə indiki Azərbaycan Dövlət
Akademik Musiqili Teatrının balet truppasında fəaliyyətə
başlayıb, 1997-ci ildən aktyor ştatına
keçirilib. Teatrda səhnəyə qoyulan onlarla tamaşada
rol alıb. Hazırda bu teatrda aktyor kimi çıxış
etməklə yanaşı, Azərbaycan Dövlət Kukla
Teatrının truppa müdiridir. Uzun illər Mədəniyyət
və İncəsənət Universitetində (ADMİU) də
çalışıb.
Remarka (Səhnədə mərkəzdə bir masa və
stul. Masanın üzərində iki qara kitabça. Üzərinə
səliqəli xətlə “Rol dəftəri” yazılıb. Qələm,
ağ kağız, stolüstü saat və üzərində
qeydlər edilmiş təqvim. Bir də gülərüz
qız şəkli. Qəhrəmanımızın
qızıdır).
– Deyirsiniz danış. Danışım e. Amma hardan
başlayım bilmirəm. Sizin sorğu-sual
yağışınızdan sonra qərara gəldim ki,
yadımda nə qalıb, ordan başlayım. Məsələn,
səhnə fəaliyyətimin 30 illiyini
vurğulamağımı istəyirsiniz. Ay sənə qurban
olum, bu vaxt niyə belə tez keçdi. Nə isə, əsas
odur keçdi. Asan olmadı. Amma dramatikləşdirməyim.
Sonra deyəcəklər 50 yaşında qocalıq sindromu ilə
yorucudur. Salamatı yaxşı məqamlardan
danışım.
(Mavi gözlərini bir nöqtəyə zilləyir.
“Təklif olunan vəziyyət”ə
uyğunlaşdığını yəqin edəndən sonra
gülümsünür. Bir-iki dəfə boğazını
arıtlayandan sonra qamətini düzəldərək əllərini
poetik əda ilə sinəsində çarpazlayır)
– Anadan olmağımın 50,
yaradıcılığımın 30 illiyidir. Bu illər ərzində
mədəniyyətimizə, teatrımıza xidmət eləmişəm.
Teatrdakı sənət dostlarım yubileyimi səhnədə
qeyd edib məni təbrik yağışına tutdular. Həmin
gün “Arşın mal alan”da Vəlini oynayırdım.
Gözəl anlar idi... Allahdan çox şey istəmirəm,
elə bir o qədər də səhnədə qalım, bəsimdi.
Sənətə bağlılığım
doğulduğum Tovuz rayonunda başlayıb. Orada məktəbi
bitirmişəm. O vaxt məktəbdə pioner təşkilatı
vardı, onun fəallarından idim. Orada Vahid müəllim,
Amaliya xanım vardı. Mənə bu sənətdə
xırda nüansları onlar öyrətdilər. Rəqsi
çox sevirdim. Sənət təhsilli o müəllimlərim
məni aktyor peşəsinə könüldən
bağladılar. Sonra rayondakı xalq teatrına getdim. Təhər
çıxarmaq (parodiya) mənə xüsusi zövq verirdi.
Bu parodiyalarımla rayonumuzda məşhurlaşdım. 1988-ci
ildə rayonumuzda Novruz şənliyi keçirildi. Mən də
Kosanı oynadım. Rayon ictimaiyyəti məni tanıdı.
Valideynlərim çox sevindilər.
(Gülür, qarşısındakının da
güldüyünü görüb qaşlarını
çatır)
– İlk böyük rolum Kosa idi. O rolum da, həmin tədbir
də indi də yadımdadı. İncəsənət təhsili
almağımda, valideynlərimin bu sənəti seçməyimə
razılıq verməyində Kosanın rolu var. Hərçənd
onlar mənim başqa peşənin arxasınca getməyimi istəyirdilər.
Bu həvəskarlığıma da ötəri hiss kimi
baxırdılar. Dərslərimi əla oxuyurdum,
attestatımda cəmi bir 4 var. Müəllimlərim məni
çox sevirdilər.
Bayaq dedim, aktiv yeniyetmə idim. Hər il Bakıya
“Qırmızı qərənfil” düşərgəsinə
gəlirdim. Aktivliyim tələbə vaxtı daha da artdı.
Rəqsə meylim sayəsində “Cücələrim” rəqs
ansamblına bağlandım. Böyükağa Məmmədov
həyatımda önəmli rol oynadı və 1991-ci ildə
ADMİU-ya sənəd verdim. Müsabiqədən keçmədim.
Tovuza qayıtdım. Rəsm qalereyasında bərpaçı-rəssam
kimi işə götürüldüm. Mədəniyyət
evində ştat yox idi, işsiz qalmağıma da
könülləri razı olmadı. Bir il orada
çalışdım. 1992-ci ildə yenidən sənədlərimi
ADMİU-ya verdim, Teatr və kino sənəti fakültəsinin
dram teatrı və kino aktyoru
ixtisasına qəbul olundum. Oradakı müəllimlərimi
heç vaxt unutmayacam. Onlar bizi əsl
sənət əxlaqı ilə yetişdirdilər. Bunu sayəsində
hələ II kursda dekan müavini vəzifəsini icra eləməyə
başladım.
(Heyrətləndiyimi görüb sevinir, qürurla
stula söykənib həmin dövrdə bunun necə qeyri-adi
bir iş olduğunu vurğulayır)
– Dekanımız rəhmətlik Məmmədşah
Atayev idi. O, gedib rektorumuz Timuçin Əfəndiyevlə
danışdı və ictimai əsaslarla məni oxuduğum
fakültəyə dekan müavini təyin elədilər. Amma
Kinematoqrafçılar İttifaqı mənə Həsən
Seyidbəyli adına təqaüd təyin etdi. 300 manat pul idi.
Tələbə kimi də təqaüd alırdım. Pis
deyildi. Əsas odur ki, mən yaxşı müəllimlərdən
təhsil alır, universitet mühitinə öyrəşirdim.
(Söhbətin şirin yerində ona “Niyə bu qədər
zamandan sonra universitetdən ayrıldınız?”
sualını verirəm. Sualın yönünü dəyişdi.
Özü bildiyi kimi, amma ümumi mizana uyğun davam elədi)
– Universitet, dekan müavini kimi
çalışmağım kino və teatr sənətimizin
nəhəng simaları ilə tanış olmaq, onlarla işləmək
imkanı qazandırdı. Yəqin bilirsiniz, o zamanlar
onların böyük əksəriyyəti pedaqoji fəaliyyətlə
də məşğul idilər. Adları sadalasam,
böyük siyahı alınar. Müxtəlif ixtisaslar üzrə
tədrisin təşkilində bu insanlardan çox şey
öyrəndim. Universiteti əlaçı kimi bitirdim, 1997-ci
ildə rəsmi olaraq dekan müavini vəzifəsinə təyin
olundum. Artıq maaş alırdım. Həmin dövrdə
aspiranturanı da bitirdim. Ora ilə bağlı xatirələrim
çoxdur. İndi də keçmiş tələbələrimlə
qarşılaşanda sevinirəm. Nə yaxşı ki,
universitetdə yollarımız kəsişib deyirəm.
(Sonra həyatda olan və olmayan xeyli adları
sayır. Hər birini kövrək hisslə, sevgi ilə
sıralayır. Sonra tədris prosesindən, diplom
tamaşalarından danışır)
– Mədəniyyət və İncəsənət
Universiteti mənə yaxşı müəllim olmağı,
insan olmağı öyrətdi. Yaxşı sənətkarlıq
vərdişləri aşıladı. Orada yaşanan illərimə
görə heç peşman deyiləm. Əslində, indi də
bir növ həm də müəllim kimi işimi davam etdirirəm.
(“Elxan müəllim, keçək aktyorluq mərhələsinə”
deyib ondan Musiqili Teatrdakı ən seçilən rolunu
soruşuram. Müdrikcəsinə “Seçmək də,
seçilmək nisbidir” deyib bu dəfə başqa bir obraza
girir. O an mənə elə gəlir ki, aktyor üçün
rollarından danışmaq necə gözəl andır)
– Gəldik Musiqili Teatr (onda Musiqili Komediya Teatrı idi)
vaxtıma. Əslində, bura gələnə qədər
Pantomima və Yuğ
teatrlarından da işlə bağlı dəvət
almışdım. Amma tale elə gətirdi ki, səhnə
yolumu bu teatrla davam etdim. 1994-cü ildən burada
çalışıram. Üstəlik, rəqs sənətində
xüsusi yeri olan rəqqaslardan, baletmeysterlərdən dərslər
almışam. O zaman teatrın
direktoru Qəzənfər Topçuyev, bədii rəhbəri
Siyavuş Aslan idi. Nəhəng sənətkarların
olduğu aktyor truppası da öz yerində. Allah rəhmət
eləsin Qəzənfər müəllimə. Unikal direktor
idi. O, rejissorlara mənə xırda rollar verməyi məsləhət
verdi və beləcə, balet artisti kimi tövsiyə etdi.
Müxtəlif səpkili xırda rollar sonradan özümü
başqa tamaşalarda da göstərməyim üçün
zəmin yaratdı. Budur, sənət yolum artıq 30-cu
dayanacağındadı. Dayanacaq dedim, amma dayanmaq, daha
doğrusu, ruhdan düşmək, incimək mənə
yaddır. Dünyanın ən gözəl duyğusu
tamaşaçı ilə üz-üzə
dayandığın andır. Mənim üçün belədir.
Ən çətin anımda da, pərişan halım olanda
da üzümü güldürən, qəlbimə sərinlik
səpən ora – səhnədir.
30 il ərzində fərqli rejissorlarla işlədim,
öz üzərimdə çalışdım. Zatən
başqa yol da yoxdur. Bu sənət, səhnə tələb
edir ki, sən daim formada olmalı, prosesin içində, o
qazanda qaynamalısan. Əl-ayağın yansa da,
dil-dodağın qabar olsa da, tamaşaçı
qarşısına ən yüksək səviyyədə
çıxmağa qadir və hazır olmalısan... Görənlər
görüb, dəyər verir, görməyənlər də
özləri bilərlər.
Televiziyada, kinoda da çalışmışam.
Özümü aktyorluğun demək olar ki, bütün
istiqamətlərində sınamışam. Bir yerdə
dayanmamışam. Bir neçə işi görməkdən
zövq almışam. Mənim üçün rol seçimi
yoxdur və əsas odur ki, aktyor xəmir kimidir, yaxşı
rejissorun əlində yaxşı yoğurulur.
Baxın, çalışdığım teatrda 70-ə
yaxın fərqli rollarım var. İrili-xırdalı. Hər
birini də sevgi ilə, istəyərək oynamışam.
Əgər istəməmişəmsə, özümü
orada görməmişəmsə, yox deməyi də
bacarmışam və bu, özümdə ən sevdiyim cəhətimdir.
(Nikbin adam təəssüratı yaradan aktyor fəxri
ad, kütləvi populyarlıq, maddi qazanc məsələlərindən
də söz açır. Onun fikrincə, aktyor seriala, dublyaja
qaçsa da, onların heç biri səhnə qədər
qalıcı, təsirli, daimi deyil)
– 2015-ci ildən Azərbaycan Dövlət Kukla
Teatrında çalışıram. Truppa müdiriyəm.
Buradakı aktyorlar çox zəhmətkeşdilər.
Özünüz təsəvvür edin də. Bir ömür
şırma arxasında keçir və sən
tamaşaçı ilə üz-üzə özün kimi
yox, hansısa personaj kimi dayanırsan. Enerjini, səsini, nəfəsini,
sevgini kuklaya verirsən, onunla ötürürsən.
(Diktofonu söndürürəm. İkimiz də dərindən
nəfəs alırıq. Güclə eşidiləcək səslə
“Yəqin çox mən-mən eləmədim. Ayıbdı
e, tələbələrim oxuyacaq. Hələ müəllimlərimi
demirəm. Amma neyləməli, “proqon”da düzəldərəm”
deyib qımışır. “Proqon yoxdu, premyerada
görüşərik” deyib gülürəm.
Tövrünü pozmadan “Onsuz da tamaşaçı sonda
öz sözünü deyəcək” deyib təzim edirmiş
kimi əlini sinəsinə qoyur)
Son.
Həmidə Nizamiqızı
Mədəniyyət .- 2024.- 27 noyabr(№88).- S.7.