“Sandıq”dan çıxacaq milli
geyimlər
Peşəkar dizaynerlər tərəfindən
hazırlanacaq
Xəbər verdiyimiz kimi, Mədəniyyət
Nazirliyinin müəyyən etdiyi müasir və
yaradıcı baxış strategiyasına uyğun olaraq,
Mil-Muğan Regional Mədəniyyət İdarəsinin
(RMİ) tabeliyindəki Beyləqan rayon Mədəniyyət Mərkəzində
“Sandıq” milli geyimlər studiyası yaradılıb.
Noyabrın 26-da “Sandıq” milli geyimlər studiyasının
açılışı keçirilib.
Tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin
rəhbərliyi, mədəniyyət xadimləri, rayonda fəaliyyət
göstərən idarə, müəssisə və təşkilatların
əməkdaşları, ictimaiyyət nümayəndələri
iştirak ediblər.
Əvvəlcə slayd vasitəsilə studiyanın fəaliyyəti,
məqsədləri və xidmətləri haqqında məlumat
verilib. Bildirilib ki, studiyada peşəkar dizaynerlər tərəfindən
milli geyimlər hazırlanacaq, əl işi naxışlarla bəzədiləcək.
Qeyd olunub ki, “Sandıq” studiyası milli geyim ənənələrimizin
qorunub yaşadılması və təbliği istiqamətində
müasir tələblərə uyğun bir mərkəz kimi
fəaliyyət göstərəcək. Studiya həm tarixi
milli geyimlərin istehsalı və icarəsini təmin edəcək,
həm də region əhalisinin milli geyimlərə olan tələbatını
qarşılayacaq.
Daha sonra qonaqlar milli geyim nümunələri ilə
tanış olublar.
Beyləqan Rayon İcra Hakimiyyətinin
başçısı Əziz Əzizov, Xalq rəssamı
Arif Hüseynov, Mil-Muğan Regional Gənclər və
İdman İdarəsinin rəisi Nadir Quliyev
çıxış edərək belə bir mərkəzin
yaradılmasının Azərbaycan xalqının tarixi-mədəni
yaşam təcrübəsinin qorunması və gələcək
nəsillərə ötürülməsi baxımından əhəmiyyətini
vurğulayıblar. Diqqətə çatdırılıb ki,
qloballaşmanın mədəni ənənələri
sıxışdırdığı müasir dövrdə bu
cür təşəbbüslər milli dəyərlərin
yaşadılması üçün vacibdir.
Tədbir çərçivəsində tar və
kamançanın müşayiətində milli musiqilərimiz
səsləndirilib.
Sonda Mil-Muğan RMİ-nin rəisi Faiq Xudanlı
çıxış edərək “Sandıq”
studiyasının yaradılmasına dəstək göstərən
bütün tərəfdaşlara təşəkkürünü
bildirib.
Mədəniyyət .- 2024.- 27 noyabr(¹88).- S.1.