Uşaqların sevimli
şairi
Azərbaycan uşaq ədəbiyyatının
tanınmış nümayəndələrindən söz
düşəndə ilk xatırlananlardan biri də şair və
tərcüməçi İlyas Tapdıqdır. O, müasir
uşaq ədəbiyyatı sahəsində özünəməxsus
dəst-xətti olan şair kimi yaddaşlarda heykəlləşib.
Yurdumuzun təbiət gözəlliklərini də vəsf edən
müəllifin “Bildirçin”, “Dəmirağac”, “Qaçaq
dovşan” və “Bir şəhiddir ürəyim” adlı əsərləri
ədəbi aləmdə, xüsusilə, maraq doğurub.
Şairi anadan olmasının 90 illiyi münasibətilə
yada saldıq.
İlyas Oruc oğlu Tapdıqov 30 noyabr 1934-cü ildə
Gədəbəy rayonunun Əli İsmayıllı kəndində
dünyaya göz açıb. Uşaqlıq illəri
qanlı-qadalı II Dünya müharibəsi illərinə təsadüf
edir. Oruc kişi müharibədən qayıtmır,
uşaqları ana himayəsində böyüyürlər.
İlyas Tapdıq sonralar həmin günləri xatırlayaraq
deyib:
“Anam zülm-zillətlə bizi böyütdü. Mənim
uşaqlığım olmayıb. Yadımdadır, atamın
“qara kağız”ı gəlmişdi. Anam ucadan acı-acı
ağlayırdı. O səs hələ də qulaqlarımdan
çəkilməyib. Anam bir gün düyünçəsindən
atamın son məktubunu çıxarıb mənə oxutdu.
Anam bilmədi məktubu oxuyanda mən nələr
yaşadım, nə hisslər keçirdim. O məktuba
şeir yazmışdım. Anam dünyasını dəyişəndə
103 yaşı vardı. Xəstəlikdən
dünyasını dəyişmədi. Həyətdə
yıxıldı, başı dəmirə dəydi. Elə
onunla da həyata əlvida dedi”.
İlyas Tapdıq rayonun Kiçik Qaramurad kənd məktəbini
bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetinin Dil və ədəbiyyat
fakültəsinə qəbul olunur. Erkən çağlardan
poeziyaya maraq göstərir. Ədəbi
yaradıcılığa 19 yaşında, tələbə ikən
“Azərbaycan” jurnalında dərc olunan “Bakının gecəsi”
şeirilə başlayır.
İlyas Tapdıq yaradıcı və bənzərsiz
şairdir. Onun uşaq və böyüklər
üçün 40-a yaxın kitabı çap olunub. Əsərləri
bir çox mükafatlara layıq görülüb.
Yaradıcılığı haqqında bir sıra görkəmli
şair və yazıçılar, o cümlədən
Süleyman Rəhimov, Osman Sarıvəlli, Mir Cəlal, Bəxtiyar
Vahabzadə, Hüseyn Arif, Məmməd Araz qiymətli fikirlər
söyləyiblər.
Şair sanki sözdən ilmə vurub naxışlar
düzərək poetik lövhələr yaradıb. “Dəvələr”
şeiri ədəbiyyatımızın klassik nümunələrindən
birinə çevrilib:
Nənənin evində gəbə var,
Gəbənin üstündə dəvə var,
Dəvənin belində təpə var,
Təpənin üstündə nəvə var.
Dəvənin yunundan toxunur gəbələr,
Dəvənin üstündə dayanır təpələr,
Təpələr üstündə oynayır nəvələr.
Yazıçı, ədəbiyyatşünas,
professor Mir Cəlal Paşayev onun poeziyası haqqında
yazırdı: “Azərbaycan oxucusu İlyas Tapdığı səmimi,
səmərəli lirik şeirləri ilə tanıyır.
Onun şablondan, çılpaq təbliğatdan uzaq – orijinal və
şairanə tematikası vardır”.
Şair uşaqlar üçün qələmə
aldığı əsərlərdə də yurdumuzun təbii
gözəlliklərini təbliğ etməyə
çalışıb. “Bildirçin” şeiri
uşaqların çox sevdiyi, həvəslə oxuduğu və
əzbər söylədiyi nümunələrdəndir:
Bildir uçub bağçanı
Meşə bildi bildirçin.
Arzu çıxıb çığırdı:
– “Çildir, çildir” bildirçin.
Dedi: – Hanı quyruğun?
Mənə bildir, bildirçin.
Bəlkə, pişik qoparıb
Neçə ildir, bildirçin.
Şair uşaq şeirləri R.Əfəndiyev,
M.Ə.Sabir, A.Şaiq, A.Səhhət və başqaları ilə
başlayan ənənəni poetik bir ustalıqla davam etdirib.
Dilinin saflığı, təmizliyi və sadəliyi ilə qələm
yoldaşlarından fərqlənib. Adi həyat hadisəsindən
qaynaqlanan “Vurağan qoç” şeiri məzmunca dolğun,
formaca fərqlidir:
Buynuzları burma-burma,
Vurağan qoç, məni vurma!
Qoç uşağa baxıb durdu,
Buynuzunu daşa vurdu.
Dedi: – Onda, dəcəl oğlan,
Qabağımda gəlib durma...
Şair bu əsərində uşağın dəcəlliyini
təsvir etmir. Ancaq şeirdəki
poetik fikir qoçun dili ilə deyilən bir sözdən
başa düşülür. Göründüyü kimi,
şair uşaq ədəbiyyatının meyarlarına
söykənərək folklordan ustalıqla bəhrələnib.
Əsərlərində nağıl və yanıltmac kimi
janrların uşaqlar üçün nə qədər
maraqlı və faydalı olduğunu diqqətə
çatdırıb.
İlyas Tapdıq uşaq psixologiyasını
yaxşı bildiyinə görə onlar üçün qələmə
aldığı əsərlərdə estetik-zövqlə
yanaşı, dünyagörüşünün zənginləşməsində
xidmət edən məqamları vurğulayıb. O, qurama
süjetlər, qeyri-inandırıcı əhvalatlar üzərində
işləməyib. Çünki buna heç ehtiyacı da
yox idi. Axı uşaqlarla yaxından ünsiyyət qurmaqdan
zövq alır, onların hər bir hal və hərəkətlərini
yaxından müşahidə edirdi. Onların gündəlik həyatından
götürdüyü əhvalatları cilalayır və
bir-birindən oxunaqlı və təsirli əsərlər ərsəyə
gətirirdi.
Müəllifin “Dəmirağac” şeirində təbiətin
möcüzələrindən olan bu ağacın xüsusiyyətləri
poetik şəkildə açıqlanır. “Bir evim var...”
şeirini isə tapmaca janrında yazıb. Onun “Qaçaq
dovşan” poemasının qəhrəmanı uşaqların
çox sevdiyi dovşandır. Bu əsər uşaq ədəbiyyatımızda
dovşana həsr olunan digər əsərlərə bənzəmir.
Təbiiliyi və orijinallığı ilə diqqəti
çəkir. Əsərdə yırtıcı və hiyləgər
heyvanlarla dostluq edən dovşanın qoçaq və
sayıqlığı
düşündürücüdür.
Şairin yaradıcılığında Vətən
mövzusu da mühüm yer tutur. Onun 20 Yanvar şəhidlərinə
həsr olunmuş “Bir şəhiddir ürəyim” əsəri
bu mənada diqqətəlayiq nümunələrdəndir.
50 ildən artıq yaradıcılıq yolu keçən
şairin “Bakının gecəsi”, “Kəndimizin
çobanı”, “Bulaq başında”, “Gözlər”, “Xumar”,
“Arxalı dağlar”, “Bir eşqin şimşəyi”,
“Çimnaz oynayır”, “Bir gülün qönçəsi”,
“Qızlar... qağayılar”, “Qaçaq dovşan”,
“Nağıllı ağaclar”, “Şıltaq günəş”,
“Məhəbbət yolları”, “Şeir sevən balalar” və
s. kitabları oxucular tərəfindən maraqla
qarşılanıb.
İlyas Tapdıq tərcümə sahəsində də
qələmini sınayıb. Rus dilindən “İki xoruz” (Litva
xalq şeiri), V.Suteyevin “Miyo eləyən kim idi?”,
M.Zoşşenkonun “Kələkbazlar və ağıllılar”,
E.Mejelaytsinin “Dovşan-oğlan”, V.Berestovun “Səhər
laylası”, İ.Pivovarovanın “Axşam və səhər” və
başqa əsərləri dilimizə tərcümə edib.
Şair uzun müddət “Gənclik” nəşriyyatında
fəaliyyət göstərib. Gənc şairlərə
qayğı ilə yanaşıb, onların kitablarının
çapı üçün köməklik göstərib.
Ömrü yazıb-yaratmaqla keçən şair 25
dekabr 2016-cı ildə vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət .- 2024.- 27 noyabr(№88).- S.6.