Üzeyir bəyin əbədi
sənət işığı
Dahi bəstəkarın evində anım tədbiri
Üzeyir Hacıbəyli Azərbaycan bəstəkarlıq
məktəbinin banisi və Şərqdə ilk operanın
müəllifi kimi dünya musiqi tarixinə öz adını
qızıl hərflərlə yazdırmış dahi sənətkardır.
Onun yaradıcılığı milli və klassik
üslubların unikal sintezi ilə yoğurulub, musiqimizin sərhədlərini
genişləndirib. Bəstəkar xalqın ruhunu əks etdirən
əsərləri ilə Azərbaycan mədəniyyətinin
qızıl fondunu yaradıb.
Yaradıcılığının zirvəsi sayılan
“Koroğlu”, “Leyli və Məcnun” operaları və digər əsərlərinin
hər biri musiqi incisidir.
Üzeyir Hacıbəylinin Ev-Muzeyində dahi bəstəkarın
anım gününə (23 noyabr) həsr olunmuş “Sənət
və simfoniya: Üzeyir Hacıbəyli incəsənətin əbədi
ruhunda” adlı tədbir keçirildi. Tədbir sənətşünas
Sədaqət Əliyeva və ev-muzeyin təşkilatçılığı
ilə gerçəkləşdi.
Ekspozisiya şöbəsinin müdiri bəstəkar Vəfa
Bağırzadə Üzeyir Hacıbəylinin
yaradıcılıq yoluna nəzər saldı.
Əməkdar rəssam Taryer Bəşirov tədbirdə
çıxış edərək Tahir Salahovun “Üzeyir
Hacıbəylinin portreti” əsəri əsasında toxunmuş
xalça haqqında məlumat verdi.
Bədii hissədə Hidayət Sadıqzadə
“Parafraz” əsərini səsləndirdi. Bəstəkar Aytən
Oqtayqızı dahi musiqiçinin xatirəsinə həsr
etdiyi “Üzeyir dünyası” romansı və “Dəyərli
ömür” pyesini ifa edərək tədbirə rəng
qatdı.
Bununla yanaşı, Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyasının müəllimi, pianoçu-bəstəkar
Nuranə Zeynalova fortepiano üçün “Qarabağ”
fantaziyası əsərini ifa etdi.
Sənətşünas Sədaqət Əliyevanın
“Üzeyir Hacıbəyli obrazı təsviri incəsənət
və xalq yaradıcılığında” mövzusunda məruzəsi
dinlənildi.
Sonda muzeyin əməkdaşı, sənətşünas
Ləman Həsənova rəssamlar Vəcihə Səmədova
və Tahir Salahovun həyat və
yaradıcılığı haqqında məlumat verdi.
Xanım Sərvazqızı
Üzeyir Hacıbəylinin Ev-Muzeyinin kiçik elmi
işçisi
Mədəniyyət .- 2024.- 27 noyabr(¹88).- S.5.