Yubilyar rejissorun kino
xatirələri
Elman Şeydayev: “Kino sənəti, ilk növbədə,
yaxşı ssenari və ifadəli vizuallıqdır”
Əlbəttə, kino xadimi ilə yubiley söhbəti
(doğum gününü əvvəldən qeyd etmək
olmaz, sonradan qeyd etməyin isə eybi yoxdur) yeni filmin
premyerası ilə əlamətdar olarsa, daha
yaxşıdır. Amma hər halda bu yaşa gəlib
çatmağa və danışılası çoxlu dəyərli
xatirələrin olmasına sevinməmək də olmaz.
Elman Dadaş oğlu Şeydayev 1954-cü il
oktyabrın 6-da Quba rayonunun Utuq kəndində anadan olub.
1976-cı ildə Azərbaycan
Dövlət İncəsənət İnstitutunun (indiki
ADMİU) Dram-kino aktyorluğu fakültəsini bitirib. İki
il S.Rəhman adına Şəki Dövlət Dram Teatrında
aktyor kimi çalışıb. 1978-ci ildə hərbi xidmətə
gedib. 1980-ci ildə qayıtdıqdan sonra teatrda fəaliyyətini
davam etdirib. Daha sonra kinoya üz tutub – 1981-ci ildə “Azərbaycanfilm”
kinostudiyasında rejissor assistenti kimi işə
başlayıb. 1988-ci ildən bədii filmlərdə ikinci
rejissor olub. 2000–2004-cü illərdə “Lider”
televiziyasının “Azərbaycan” sənədli filmlər
redaksiyasında prodüser kimi də fəaliyyət göstərib.
2005-ci ildən “Azərbaycanfilm” kinostudiyasında bədii filmlərdə
işləməklə bərabər, özəl studiyaların
film və seriallarının ikinci rejissoru, prodüseri olub.
2018-ci ildə “Əməkdar mədəniyyət
işçisi” fəxri adına layiq görülüb.
Filmoqrafiyasında ikinci rejissor kimi 40-dək bədii, ikinci
rejissor və prodüser olaraq iştirak etdiyi 100-dək sənədli
film var. Aktyor kimi “Bəyin oğurlanması” (satıcı),
“Şeytan göz qabağında” (milis işçisi),
“Əlvida, cənub şəhəri” (mühəndis) və s.
filmlərdə çəkilib. Qələmə
aldığı “Doğma” povesti əsasında “Azərbaycanfilm”də “Ümid” bədii
filmi (1995) lentə alınıb. “Qağayı” serialının
ssenari müəlliflərindən biridir.
Təcrübəli kino xadimi ilə söhbətimiz
çalışdığı müxtəlif filmlərin
kadrarxası məqamları üstündə kökləndi.
Yeri gəlmişkən, Elman Şeydayev xatirələrini də
qələmə alır, kitab halında çap etdirməyi
düşünür.
“Qəzəlxan”dan “Yük”ə
Elman müəllim Şahmar Ələkbərovun “Qəzəlxan”
filmindən (1991) bəhs etməkdən öncə hər
zaman “Şahmar bəy” deyə müraciət etdiyi ölməz
sənətkarın müstəsna dərəcədə
yüksək mədəniyyət, ədəb-ərkan sahibi
olmasını xüsusi vurğuladı. Quruluşçu
rejissor filmin finalında Əliağa Vahidin izdihamlı dəfn
mərasiminin bədii həllini vermək niyyətində
imiş. Lakin belə böyük miqyasda kütləvi səhnə
üçün vəsait tapılmayıb. Finalda şairin evdən
çıxıb qarlı fonda kadrdan uzaqlaşması epizodu
Elman Şeydayevin təklifi ilə Hökməli kəndində
çəkilib. Həmin vaxt Bakıya qar yağsa da, Vahidin
vaxtilə yaşadığı “Sovetski” məhəlləsinə
çox az qar düşübmüş. Ona görə
geniş planda qarlı fonu çəkib sonradan montaj üsulu
ilə həmin məhəllə effektinin yaradılması məqbul
sayılıb və ərsəyə gələn kadr
Şahmar Ələkbərovun ürəyincə olub.
Bir də bu filmdə bakılı ləhcəsində
danışan obraz üçün sınaq çəkilişlərindən
keçən aktyorların heç birinin ləhcəsi
Şahmar Ələkbərovu qane etmirmiş. Uzun
axtarışlardan sonra Elman müəllimin yadına aktyor Mirzə
Ağabəyli düşüb və quruluşçu rejissora
onu da sınamağı təklif edib. Bu sınaq Şahmar
Ələkbərovu tam qane edib, axtardığını
tapıb və hətta növbəti işi olacaq “Yük”
filmində Ağa Musa Nağıyev roluna da Mirzə Ağabəylini
tam uyğun bilib. Deyib ki, bundan nə Ağa Musa olar!...
Haşiyə. Bu yerdə bir müşahidəm yerinə
düşdüyü üçün oxucularla paylaşmaq istəyirəm.
Son illər çəkilən filmlərdə belə vacib
detallara diqqət ayıran rejissor demək olar ki, yoxdur. Qeydim
konkret olaraq Bakı ləhcəsi ilə bağlıdır.
Telekanalları irəli-geri çevirdiyim zaman hansısa
serialımızda bir epizod diqqətimi çəkdi. Ön
planda kifayət qədər tanınmış və
istedadlı, əslən bakılı olmayan bir aktyorumuz idi.
Bakılı rolunu oynayırdı. Bakı ləhcəsində
son dərəcə süni, lağlağı səviyyəsində,
yamsılama tonunda danışırdı. Çox məyus
oldum. Aktyor ləhcədə belə tam təbii tonda,
tamaşaçının onu həmin bölgədən
olduğunu zənn edəcəyi dərəcədə
ustalıqla danışmağı bacarmalıdır. Lakin
rejissor səriştəsizliyi, qeyri-peşəkarlığı
olan yerdə aktyor məsuliyyəti kifayət etmir.
***
Qayıdaq Elman Şeydayevlə söhbətimizə və
qısaca qeyd edək ki, Şahmar Ələkbərovun
işçi adı “Milyonçunun bir günü” olan
“Yük” filmini ekssentrik komediya üslubunda çəkmək
istəyirmiş. Təəssüf ki, ağır xəstəlik
üzündən qırılan ömrü buna vəfa etmədi.
Ondan sonra bu filmin həvalə edildiyi Rövşən
Almuradlı ilə Elman Şeydayev arasında fikir
ayrılıqları olub. Həmsöhbətimin
çalışdığı və maraqlı xatirələri
yadda qalan növbəti film isə “Bəxt
üzüyü”dür (1991).
“Doğrudan da, başıma daş düşdü”
Ramiz Əzizbəylinin “Bəxt üzüyü”
filminin ərsəyə gəlməsində quruluşçu
rejissorun hər birimizə yaxşı məlum olan improvizə
istedadı özünü göstərməyə bilməzdi,
buna görə əsas süjetə kiçikhəcmli, amma
yaddaqalan əlavələrsiz ötüşməyib. Bu
dramatik-yumoristik ekran əsərində tamaşaçıların
yaddaşına yazılan məqamlardan biri Söylünün
hövlnak qaçaraq gələrkən araq içən iki
kişi ilə toqquşması və araq şüşəsinin
sınması epizodudur. Həmin kadrda araq içənlərdən
biri (Ramiz Əzizbəylinin tərəf-müqabili) Elman
Şeydayevdir. Deyir, kino tarixində qalmaq naminə çəkildim
o epizoda, sonra işsizlik dövrü gələndə Ramizə
zarafatla deyirdim ki, doğrudan da, başıma daş
düşdü, aylarla işsiz qaldım...
Kinomuzun gələcəyinə inam
Keçən əsrin 90-cı illərinin ictimai-siyasi
dəyişiklikləri səbəbindən tənəzzülə
uğrayan kino sahəsinin acınacaqlı halı
özünü bu peşədə tapan peşəkar və
yaradıcı insana məyusluq gətirib. Vaxtilə 1500-ə
yaxın işçisi ilə intensiv film çəkilişləri
məkanı olan keçmiş SSRİ-nin ən böyük
kinostudiyalarından birinin uzunmüddətli durğunluq
halına düşməsi və hələ də bu haldan
çıxmamasının kino xadimlərinə necə təsir
etdiyini təsəvvür etmək mümkündür. Elman
Şeydayev bunu böyük faciə adlandırır. Deyir ki,
kinostudiyanın tənəzzül dövrü bir sıra filmlərin
ərsəyə gəlməsinə mane olub. Məsələn,
1999-cu ildə Ramiz Əzizbəyli “Ölü kimdi, diri kim?”
adlı film çəkməyə
hazırlaşırmış, baş rolda da Fuad Poladovu
çəkmək istəyirmiş. Daha doğrusu, filmin müəyyən
hissəsi hətta çəkilib, amma vəsait
çatışmazlığı üzündən iş
yarımçıq qalıb.
Həmsöhbətim yeni nəsil kinomuzun
yaradıcılarına sənət uğurları arzulamaqla
yanaşı, yenilik naminə əllaməlik etməkdən
vaz keçməyi, kino sənətinin, ilk növbədə,
yaxşı ssenari və ifadəli vizuallıq olduğunu unutmamağı
tövsiyə edir. Ən böyük arzusu isə (bu təbii
ki, hər birimizin arzusudur) kinostudiyamızın əsaslı təmir
edilib çoxlu sayda keyfiyyətli filmlərin çəkiliş
məkanı kimi yeni səhifəsini “yazmağa”
başlamasıdır...
Samirə Behbudqızı
Mədəniyyət .- 2024.- 27 noyabr(¹88).- S.6.