“Canlı irs: gəncliyə doğru”

 

Ölkəmizdə ilk dəfə Beynəlxalq Qeyri-Maddi Mədəni İrs Günü qeyd edilib

 

UNESCO Baş Konfransının 2023-cü ilin 7–22 noyabr tarixlərində Parisdə keçirilən 42-ci sessiyasının qərarı ilə 17 oktyabr Beynəlxalq Qeyri-Maddi Mədəni İrs Günü elan edilib. Əlamətdar günün məqsədi üzv dövlətlər və aidiyyəti maraqlı tərəflərlə canlı irsin müxtəlifliyini və zənginliyini nümayiş etdirməyə, eləcə də bu sahədə məlumatlılığı artırmağa yönələn tədbirlərin təşkilinə nail olmaqdır.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə bu günə həsr olunan “Canlı irs: gəncliyə doğru” mövzusunda dəyirmi masa keçirilib.

Mədəniyyət nazirinin müavini Səadət Yusifovanın iştirakı ilə gerçəkləşən tədbirdə nazirliyin nümayəndələri, AMEA-nın Memarlıq və İncəsənət, Folklor, Tarix və Etnologiya, Əlyazmalar institutlarının alimləri, Mədəniyyət və İncəsənət Universiteti, Rəssamlıq Akademiyası və ADA Universitetini təmsil edən professor-müəllim heyəti, muzey işçiləri, sənətkarlar, xanəndə və aşıqlar, digər qonaqlar iştirak ediblər.

Səadət Yusifova giriş sözündə diqqətə çatdırıb ki, Azərbaycan UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması haqqında 2003-cü il Konvensiyanın (2008-ci ildə qüvvəyə minib – red.) ən fəal üzvlərindən biridir və təşkilatın müvafiq siyahılarına daxil olan elementlərinin sayına görə 182 ölkə arasında 6-cı yeri tutur. 21-i reprezentativ, 2-si təcili qorunma siyahısına daxil olmaqla Azərbaycanın ümumilikdə 23 qeyri-maddi mədəni irs elementi UNESCO siyahılarında yer alıb.

Bildirib ki, daha bir neçə elementin siyahılara daxil edilməsi istiqamətində iş aparılır. Qeyd olunub ki, gənclərin irsimizə daha çox maraq göstərməsi üçün bir sıra addımlar atılmalıdır.

Sonra tədbir mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanovun moderatorluğu ilə davam edib.

“Azərbaycan qeyri-maddi mədəni irsinə akademik baxış: nəzəri əsaslar, konseptual yanaşmalar və ənənəviliyin sərhədləri” mövzusunda ilk paneldə tanınmış elm və mədəniyyət xadimləri İradə Köçərli, Zaur Orucov, Sənubər Bağırova, Aynur İbrahimova, Teyyub Aslanov, Samirə Əliyeva, Faiq İsmayılov, Bəhmən Əliyev, Kamilə Dadaşzadə, Əsmər Babayeva və digərləri fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər.

“Milli mədəni irsin gənclik üçün aktuallaşdırılması: müasir çağırışlara innovativ həllər” adlı ikinci paneldə əvvəlcə ADA Universitetinin müəllimi Lalə Kişiyevanın yaradıcı sənayelərə dair təqdimatı olub.

Daha sonra Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərən İncəsənət Kollecinin müəllimləri, muzey təmsilçiləri, startapçılar yeni layihələr haqda məlumat veriblər.

Tədbir gənclərin sual-cavab sessiyası ilə başa çatıb.

 

Mədəniyyət .- 2024.- 27 noyabr(¹88).- S.3.