Fransadakı festivalda
milli mətbəx və mədəni irsimiz təbliğ olunub
Fransanın La Roşel (La Rochelle) şəhərindəki
Assosiasiyalar Birliyinin təşkilatçılığı
ilə keçirilən “Les Papilles du monde” festivalında Azərbaycanın
bu ölkədəki səfirliyi də iştirak edib.
Fransada fəaliyyət göstərən xarici ölkə
səfirliklərinin, eləcə də burada yaşayan
müxtəlif xalqların nümayəndələrinin
iştirakı ilə keçirilən festivalda ənənəvi
mətbəx və mədəni irs nümunələri təqdim
edilib.
Azərbaycan stendində Heydər Əliyev Fondunun
ölkəmizin tarixi, mədəniyyəti, sənətkarlığı
və mətbəxinə dair fransız dilində nəşr
etdirdiyi kitablar nümayiş olunub. Milli musiqi alətlərini əks
etdirən suvenirlər, milli ornamentlə işlənmiş
armudu stəkanlar və nar budaqları ilə bəzədilmiş
stendimizin ziyarətçiləri paxlava, şəkərbura,
badambura kimi milli şirniyyatlarımıza, eləcə də
milli mətbəximizin qutab kimi dadlı təamına qonaq
ediliblər.
Ziyarətçilər coğrafiyamızı və
milli atributlarımızı əks etdirən afişa vasitəsilə
ölkəmizlə yaxından tanış olublar. Festivalın
təşkilatçılarına, eləcə də
assosiasiya rəhbərlərinə UNESCO-nun siyahısına
daxil edilmiş mədəni irs nümunələrimizdən kəlağayı,
eləcə də tar və kamança haqqında ətraflı
məlumat verilib. Həmçinin xalqımızın çoxəsrlik
mədəni adət-ənənələrindən, milli mətbəximiz
və geyimlərimizdən danışılıb. Azərbaycan
rəqsi təqdim edilib. Rəqs zamanı böyük ekranda Azərbaycanla
bağlı videoçarx nümayiş olunub.
Mədəniyyət .- 2024.- 27 noyabr(№88).- S.1.