Tanınmış
violonçel ifaçısı Rasi Abdullayev
dünyasını dəyişib
Azərbaycanın mədəniyyətinə itki üz
verib. Tanınmış violonçel ifaçısı,
pedaqoq, professor, Xalq artisti Rasi Abdullayev 26 noyabr 2024-cü il
tarixində, 80 yaşında vəfat edib.
Rasi Mahmud oğlu Abdullayev 6 iyul 1944-cü ildə
Bakı şəhərində anadan olub. 1951–1962-ci illərdə
Bülbül adına Orta İxtisas Musiqi Məktəbində,
1962–1967-ci illərdə isə Azərbaycan Dövlət
Konservatoriyasında (indiki BMA) violonçel ixtisası üzrə
(professor Sabir Əliyevin sinfi) təhsil alıb. 1967-ci ildən
violonçel ixtisası üzrə konservatoriyada assistent kimi fəaliyyətə
başlayıb. 1968–1969-cu illərdə Moskva Dövlət
Konservatoriyasının aspirantı (Mstislav Rostropoviçin
sinfi) olub. 1973-cü ildə Azərbaycan Dövlət
Konservatoriyasının aspiranturasını bitib.
Rasi Abdullayev 1964–1972-ci illərdə Azərbaycan
Dövlət Kamera Orkestrinin, 1970–2010-cu illərdə isə Azərbaycan
Dövlət Akademik Opera və Balet Teatrı Simfonik orkestrinin
solisti kimi fəaliyyət göstərib. Eyni zamanda 1976–1979-cu
illərdə Qahirə (Misir), 1987–1994-cü illərdə isə
Dəməşq (Suriya) konservatoriyalarında dərs deyib.
Sonradan Bakı Musiqi Akademiyasında çalışaraq
ölkəmizdə yeni musiqiçi kadrların yetişdirilməsinə
öz töhfəsini verib.
Musiqi sahəsinin inkişafındakı xidmətləri
yüksək qiymətləndirilən Rasi Abdullayev 1991-ci ildə
“Əməkdar artist”, 2005-ci ildə “Xalq artisti” fəxri
adlarına layiq görülüb.
Allah rəhmət eləsin.
Mədəniyyət .- 2024.- 27 noyabr(¹88).- S.5.