Yeni tariximizin qəhrəmanlıq
salnaməsi
Bölgələrdə 27 Sentyabr – Anım Günü
ilə bağlı silsilə tədbirlər keçirilib. Tədbirlərdə
2020-ci ilin Vətən müharibəsinin tariximizdəki
müstəsna yerindən, 44 gün ərzində 30 illik
işğala son qoyan Azərbaycan Ordusunun yeni tariximizə
yazdığı qəhrəmanlıq salnaməsindən bəhs
olunub, şəhidlərin xatirəsi ehtiramla yad edilib.
Abşeron-Xızı Regional Mədəniyyət
İdarəsinin (RMİ) tabeliyində fəaliyyət göstərən
mədəniyyət müəssisələrində Anım
Gününə həsr olunmuş tədbirlər
keçirilib. Çıxışlarda Prezident İlham Əliyevin 2020-ci il
2 dekabr tarixli sərəncamı ilə Vətən müharibəsinin
başladığı 27 sentyabr tarixinin Anım Günü
kimi qeyd edilməsinin ölkəmizin ərazi
bütövlüyü uğrunda canlarını fəda
etmiş şəhidlərimizə dərin ehtiramın ifadəsi
olduğu vurğulanıb.
***
Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı
ilə Xudat şəhər Uşaq musiqi məktəbində
“Dəmir yumruq” adlı tədbir keçirilib. Şagirdlərin
ifasında Qələbəyə, şəhidlərə həsr
olunmuş şeirlər səsləndirilib.
Quba-Xaçmaz RMİ-nin təşkilatçılığı
və Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət
Mərkəzinin iştirakı ilə “Zəfər
yürüşü” adlı rekviyem kompozisiya keçirilib. “Hər
şey o gündən başladı” adlı videoçarx
nümayiş etdirilib. Şəhidlərə həsr
olunmuş şeirlər və mahnılar səsləndirilib.
Yerli yazar Məhərrəm Mustafanın “Əlinin müqəddəs
əmanəti” hekayəsi əsasında səhnəcik təqdim
olunub.
Quba rayon Mərkəzi Kitabxanası uşaq şöbəsinin əməkdaşları
məktəb şagirdləri ilə birlikdə Anım
Günü ilə bağlı Quba Şəhidlər
xiyabanında Azərbaycanın ərazi
bütövlüyü uğrunda canlarından keçənlərin
məzarlarını ziyarət ediblər.
***
Qəni Vəliyev adına Lənkəran şəhər
Mədəniyyət Mərkəzində keçirilən
anım tədbirində Münəvvər Kələntərli
adına şəhər klubunun “Kürə” bədii qiraət
dərnəyi üzvlərinin ifasında ədəbi-bədii
kompozisiya təqdim edilib. “Şəhidlər ölməz!”
adlı videoçarx nümayiş olunub.
***
Astara Dövlət Rəsm Qalereyasında Anım
Günü münasibətilə rəsm təlimi təşkil
olunub. Təlimdə 10-dan çox həvəskar rəssam
iştirak edərək vətənpərvərlik
mövzusunda rəsmlər çəkiblər.
***
Vətən uğrunda canlarını fəda edənlərin
xatirəsi Ağdam rayonunda da ehtiramla anılıb. Şəhidlərin
xatirə kompleksində keçirilən mərasimdə
çıxış edənlər 2020-ci il sentyabrın 27-də
başlanan Vətən müharibəsində Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Ordusunun şanlı Zəfərə imza atmasından
danışılıb. Bildirilib ki, 2023-cü il sentyabrın
19-da həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində
Qarabağdakı qeyri-qanuni erməni hərbi birləşmələri
tərk-silah edilib, ölkəmizin bütün ərazisində
suverenliyimiz tam bərpa olunub.
Ağdam Dövlət Dram Teatrında (Quzanlı qəsəbəsi)
Lənkəran Dövlət Dram Teatrının yaradıcı
heyəti tərəfindən “Haqqın 44 günü” adlı
tamaşa-kompozisiya nümayiş olunub. Tamaşada 30 ilə
yaxın işğal altında qalmış
torpaqlarımızın şanlı Azərbaycan Ordusu tərəfindən
cəmi 44 günə azad edilməsi təsirli səhnələrlə
əksini tapıb.
***
Xocalı rayon Mədəniyyət evində (Goranboy
rayonu) rayon Gənclər və İdman İdarəsi ilə
birgə tədbir təşkil edilib.
Çıxışlarda bildirilib ki, Vətən
övladlarının şücaəti sayəsində dədə-baba
torpaqlarımız erməni işğalından azad edilib, ərazi
bütövlüyümüz təmin olunub. Anım
Günü ilə əlaqədar sənədli film
nümayiş etdirilib.
***
Göyçay rayon Mədəniyyət Mərkəzində
Anım Günü ilə əlaqədar “Fateh” adlı
tamaşa nümayiş olunub. Mərkəz əməkdaşlarının
hazırladığı tamaşada Fateh adlı gəncin Vətən
müharibəsində iştirak etməsi və şəhadətə
yüksəlməsindən bəhs edilir. Şəhid ailələrinin
üzvləri, müharibə iştirakçıları və
ictimaiyyət nümayəndələrinin izlədiyi səhnə
əsəri alqışlarla qarşılanıb.
***
Astara rayon Mərkəzi Kitabxanasında isə “Gənc
əsgərin şəhidlik zirvəsi” mövzusunda tədbir
keçirilib. Vətən müharibəsi şəhidi Samir Səmədova
həsr olunan tədbirdə Mətləb Səmədov
oğlu ilə bağlı xatirələrini
bölüşüb. Kitabxananın tərtibatçı rəssamı
Aysel Əlizadənin çəkdiyi Samir Səmədovun
portreti şəhidin atasına təqdim olunub.
***
Mil-Muğan RMİ-nin tabeliyində fəaliyyət
göstərən mədəniyyət müəssisələrində
Anım Günü münasibətilə silsilə tədbirlər
təşkil edilib. Regionda yerləşən şəhidlər
xiyabanları, şəhid məzarları, şəhid ailələri
ziyarət olunub. Şəhid ailələrinin, qazilərin, mədəniyyət
işçilərinin və ictimaiyyət nümayəndələrinin
iştirakı ilə keçirilən tədbirlərdə vətənpərvərlik
ruhunda şeirlər səsləndirilib, kompozisiyalar
nümayiş olunub.
***
Qazax-Tovuz RMİ-nin tabeliyində fəaliyyət
göstərən mədəniyyət müəssisələrində
Anım Günü münasibətilə silsilə tədbirlər
təşkil olunub, regionda yerləşən şəhidlər
xiyabanları ziyarət olunub. Tariximizə qızıl hərflərlə
yazılan Vətən müharibəsində canından
keçənlərin xatirəsinin xalqımızın qəlbində
əbədi yaşayacağı vurğulanıb.
***
Şirvan, Biləsuvar Salyan, Hacıqabul
Tarix-Diyarşünaslıq muzeylərində, Neftçala və
Salyan Dövlət Rəsm qalereyalarında, Şirvan şəhər,
Neftçala və Biləsuvar rayon Mərkəzi
kitabxanalarında, Şirvan şəhər və Hacıqabul
rayon Heydər Əliyev mərkəzlərində, eləcə
də Hacıqabul şəhər Uşaq musiqi məktəbində
Anım Gününə həsr olunan tədbirlər, sərgilər
keçirilib.
***
Şəki-Zaqatala RMİ-nin rəhbərliyi və əməkdaşları
tərəfindən ölkəmizin ərazi
bütövlüyü və suverenliyi uğrunda canından
keçənlərin məzarları ziyarət edilib. Şəhidlərin
məzarları üzərinə
gül dəstələri qoyulub, əziz ruhlarına dualar
oxunub.***
Şirvan-Salyan RMİ, Biləsuvar rayon Heydər
Əliyev Mərkəzinin təşkilatçılığı
və Gənclərin İnkişaf və Karyera Mərkəzi
(GİKM) Şirvan-Salyan regional nümayəndəliyinin dəstəyi
ilə “27 sentyabr: xalqımızın qəhrəmanlıq
tarixi” mövzusunda dəyirmi masa keçirilib.
Çıxışçılar Zəfər tarixindən
söz açaraq qəhrəman oğulların
döyüş şücaətlərinin geniş şəkildə
təbliğ olunmasının əhəmiyyətini qeyd ediblər.
***
İmişli rayon Mərkəzi Kitabxanasında
Yazıçılar Birliyinin üzvü Sveta Şəms
Bünyatovanın İmişli şəhidlərinə həsr
etdiyi “Şəhid analarının xatirələri”
kitabının təqdimatı keçirilib. Müəllif
kitab haqqında məlumat verib. Şəhid valideynləri də
kitab haqqında öz təəssüratlarını
bölüşüblər.
***
Dağlıq Şirvan RMİ-nin tabeliyindəki
İsmayıllı rayon mədəniyyət müəssisələrində
də Anım Günü ilə bağlı silsilə tədbirlər
keçirilib. Tədbirlərdə Vətən müharibəsində
son damla qanlarına qədər döyüşərək
şəhidlik zirvəsinə yüksələn igidlərimizdən
söz açılıb. Şəhidlərin xatirəsinin hər
birimizin qəlbində əbədi yaşayacağı
vurğulanıb.
***
Vətən müharibəsinin başlanmasının
dördüncü ildönümü ilə əlaqədar Lənkəran
şəhər Heydər Əliyev Mərkəzi və
GİKM-in Lənkəran-Astara regional nümayəndəliyinin
əməkdaşları gənc könüllülərlə
Şəhidlər xatirə kompleksini ziyarət ediblər.
Sonra Vətən müharibəsi şəhidi Samir Quliyevin ailəsi
ziyarət edilib.
***
Yevlax şəhər Yaradıcılıq evində
Ağdaş rayon Mədəniyyət Mərkəzi tərəfindən
hazırlanmış “Şəhid atası” tamaşası
göstərilib. Səhnə əsərində Vətən
sevgisinin qəhrəman oğulların qanına, canına necə
həkk olunduğu təsirli detallarla nümayiş etdirilib.
N.Məmmədli
Mədəniyyət.-2024.-
2 oktyabr(№73).- S.4.