Türkiyə Mədəniyyət Yolu Festivalında üç dayanacaq qaldı

 

2025-ci ildə festival 20 şəhəri əhatə edəcək

 

 

 

Altı aydır davam edən Türkiyə Mədəniyyət Yolu Festivalının 13-cü dayanacağı İstanbul şəhəridir. Festivalın bu mərhələsi 28 sentyabr – 6 oktyabr tarixlərini əhatə edir.

Atatürk Mədəniyyət Mərkəzində (AKM) sənət və siyasət dünyasından bir çox ünlünün iştirakı ilə keçirilən açılış mərasimində Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy çıxış edib.

Mədəniyyət Yolu Festivalını “mədəniyyət və sənətlə inteqrasiya olunmuş turizm” vizyonu ilə həyata keçirdiklərini ifadə edən Ersoy bu çərçivədə hər sahədə sənətə və sənətçiyə də dəstək olduqlarını deyib. “Festivalımız mədəniyyət və tariximizin, sivilizasiya irsimizin və gələcəyə miras qoymaq üçün istehsal və inşa etdiyimiz müasir əsərlərin milli və beynəlxalq səviyyədə nümayiş olunduğu bir səhnədir. Bu səhnədə Göbeklitəpə (12 min illik tarixi olan arxeoloji abidə – red.) də var, Atatürk Mədəniyyət Mərkəzi də... Musiqimiz, qastronomiyamız və rəqəmsal incəsənətimiz də bu gün festivalımızda öz yerini tapır”, – deyə nazir vurğulayıb.

İstanbul Mədəniyyət Yolu Festivalı çərçivəsində 9 gün ərzində 110-dan çox məkanda konsertlərdən sərgilərə, sənət atelyelərində görüşlərdən seminarlara və zəngin mətbəx nümunələrinin təqdimatına qədər 500-dən çox tədbirin keçiriləcəyini deyən Ersoy gələn il festival arenasının daha geniş olacağını da diqqətə çatdırıb: “2025-ci ildə Mədəniyyət Yolu Festivalının marşrutlarına Malatya, Manisa, Mardin və Kayseri də daxil edilərək 20 şəhərdə festival həyəcanımız yaşanacaq”.

Xatırladaq ki, Mədəniyyət Yolu Festivalının bundan öncəki iki dayanacağı Ankara və Konya olub. Hər iki şəhərdə eyni vaxtda (21–29 sentyabr) keçirilən festivallar konsertlər, teatr tamaşaları, film nümayişləri, sərgi və sənət söhbətləri ilə müşayiət olunub.

Ankarada Anadolu Sivilizasiyaları Muzeyində media sənətçisi Refik Anadolun “Yerin xəyalları: Anadolu” adlı layihəsi ilə başlayan festival proqramı şəhərin müxtəlif yerlərində 100-dən çox məkanda gerçəkləşib.

Festivalın Konya mərhələsi isə bu dəfə də ənənəvi Beynəlxalq Konya Mistik Musiqi Festivalı ilə üst-üstə düşüb. 21-ci dəfə keçirilən musiqi festivalına müxtəlif ölkələrdən sənətçilər qatılıb. Son gün səhnəyə çıxan bosniyalı sənətçi Damir İmamoviç tamaşaçılara unudulmaz musiqi ziyafəti təqdim edib.

Qeyd edək ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dördüncü dəfə təşkil edilən festival bu il 16 şəhəri əhatə edir. Aprel ayında Adanada start götürən festivalın hər mərhələsi doqquz gün sürür.

“Mədəniyyət Yolu”nun 2024-cü il proqramında son üç marşrut qalıb. 12–20 oktyabrda Diyarbəkir, 26 oktyabr – 3 noyabrda İzmir, 2–10 noyabrda isə Antalya festivala ev sahibliyi edəcək.

 

Mədəniyyət.-2024.- 2 oktyabr(¹73).- S.8.