Şəkidə bir rəssam
vardı...
İsmət İsmayılov-100
Bu il təsviri sənətin müxtəlif sahələrində
maraqlı əsərlər ərsəyə gətirmiş
Əməkdar rəssam, SSRİ Rəssamlar
İttifaqının üzvü İsmət İsmayılovun
anadan olmasının 100 illiyidir. O, qrafika, rəngkarlığın,
xüsusilə, portret janrında, habelə tətbiqi sənətin
parçaların bədii tərtibatı, ağac üzərində
bədii oyma və nəqqaşlıq istiqamətləri
üzrə fəaliyyət göstərib.
İsmət Şirəli oğlu İsmayılov 14
iyul 1924-cü il tarixdə Nuxa (Şəki) qəzasının
Qudula kəndində anadan olub. Kiçik yaşlarından rəsm
sənətinə meyil göstərib. Orta məktəb
dövründə rəsmlər çəkib, bu fəaliyyəti
ilə pedaqoji kollektivin diqqətini cəlb edib. İsmət
1943-cü ilin avqust ayında Nuxa şəhər 7 nömrəli
orta məktəbin 9-cu sinfində oxuyarkən hərbi xidmətə
çağırılır. Müharibənin
qızğın çağında o, hərbi qərargahda rəssam
olaraq çalışır, sovet əsgərlərini qələbəyə
çağıran plakatlar, alman faşistlərini ifşa edən
karikaturalar, döyüş yoldaşlarının və
komandirlərin portretlərini çəkməklə məşğul
olur və bunların bir qismi ordu qəzetlərində dərc
edilir. 1945-ci ildə müharibə başa çatsa da İsmət
ordudan yalnız 1947-ci ildə tərxis edilir. Bu zaman o, baş
serjant rütbəsində idi və sinəsini
“Döyüş xidmətlərinə görə” və
“1941–1945-ci illər Böyük Vətən müharibəsində
Almaniya üzərində Qələbəyə görə”
medalları bəzəyirdi.
İ.İsmayılov 1948–1952-ci illərdə Bakıda
İnşaat Texnikumunda təhsil alır, 1959-cu ilədək
Ağdaş rayonunda tikintidə iş icraçısı,
Şəkidə mühəndis, daha sonra Kommunal təsərrüfatı
idarəsində şöbə müdiri, Ticarət idarəsinin
soyuducu qurğusunda rəis vəzifələrində işləyir.
O, 1959–1965-ci illərdə Şəki Xan sarayının bərpasında
iş icraçısı, 1965-ci ildən isə Nuxa İpək
Kombinatının parça tərtibatı üzrə rəssamı
olub.
1973-cü ildə SSRİ Rəssamlar İttifaqına
üzv qəbul edilən İ.İsmayılov 1988-ci ildə
“Əməkdar rəssam” fəxri adına layiq
görülüb. 7 dekabr 2010-cu il tarixində, 86
yaşında Şəkidə vəfat edib. Şəkidəki
Məhəmməd əfəndi qəbiristanlığında
dəfn olunub.
Ötən əsrin 60-cı illərinin ortalarından
başlamaqla Şəki İpək Kombinatında istehsal
edilmiş məşhur “Krepdeşen”, “Qış günü”,
“Paplin”, “Şəkili qız” və s. adlı parça
növləri İ.İsmayılovun çəkdiyi süjetlər
əsasında ərsəyə gətirilib. Bununla
yanaşı, rəssam akvarel və yağlı boya ilə də
müxtəlif mövzularda tablolar yaradıb. Onların
sırasında “Hacı Çələbi Nadir şahın
hüzurunda” adlı 51x72 sm ölçülərində iki
tablo xüsusi yer tutur. Birinci əsər kağız üzərində
qrafika, ikincisi isə yağlı boya ilə kətan üzərində
işlənmiş rəngkarlıq əsəridir. Birinci əsər
1981-ci ildə Şəki Tarix-Diyarşünaslıq Muzeyinin
fonduna daxil edilsə də, ikincini rəssam ömrünün
sonunadək özündə saxlayıb. Yalnız vəfat
etdikdən sonra həmin əsər Şəkidəki “Minali
Butik” hotelinin rəhbərliyi tərəfindən rəssamın
ailəsindən satın alınıb. Bu əsər
hazırda hotelin foyesinin görkəmli yerində
nümayiş olunur.
Bu günlərdə rəssamın həyat və
yaradıcılığı ilə bağlı
araşdırma apardıq. Ailəsi ilə əlaqə
saxlayıb, əlavə məlumatlar topladıq. Rəssamın
bəzi əsərləri, ən əsası isə “Şəki
fəhləsi” qəzetinin 15 iyul 1975-ci il tarixli sayında onun
haqqında Telman Həmidlinin imzası ilə dərc
edilmiş “İpək parçaları bəzəyir” adlı
məqalənin və onun haqqında digər məqalələrin
surətlərini, həmçinin fotoşəkilləri əldə
etdik. Nəticədə rəssamın təvəllüdü
və vəfat tarixiləri, ona aid digər bioqrafik məlumatları
dəqiqləşdirmək mümkün oldu.
Aydın Məmmədov,
M.F.Axundzadə adına Şəki Mədəniyyət
Mərkəzinin əməkdaşı
Mədəniyyət.-2024.-
2 oktyabr(¹73).- S.7.