Xalçaçı
rəssamın “Qarabağ naxışları” sərgisindən
təəssürat
Bakıdakı Rus Evində tanınmış
xalçaçı rəssam, Azərbaycan Rəssamlar
İttifaqının və Xalçaçılar Cəmiyyəti
idarə heyətinin üzvü Eldar Hacıyevin “Qarabağ
naxışları” adlı sərgisi açılıb.
Sentyabrın 24-də gerçəkləşən
açılış mərasimində iştirak edə bilməsəm
də, bu günlərdə sərgini ziyarət etdim.
Sözün əsl mənasında, nağıllar aləmini
xatırladan bir sərgi...
Müxtəlif mövzulu xalçaların əks
olunduğu sərgidə rəssamın yaratdığı
füsunkar sənət inciləri ilə tanış oluruq. Rəssam
hər bir sənət nümunəsində mükəmməl
xalça miniatürlərinin uğurlu sintezini yarada bilib. Bu
nümunələrdə xalça və miniatür sənətinin
bütün atributlarının mükəmməl
nümayişini hiss edirik.
Rəssam sənət dünyasında Nizami Gəncəvinin
əsərlərinə, “Bibliya” motivləri və Qarabağ
xalçaları ornamentlərinə üstünlük verib.
Onu da qeyd edim ki, müəllifin xalçaları ipək
saplarla toxuması sənətinin əsas özəlliklərindən
hesab olunur.
20-dən çox əsərin sərgiləndiyi
ekspozisiyadakı hər bir xalçada necə mürəkkəb,
uzun yaranış prosesi, sənətkar gözünün nuru,
xalçaçı əməyinin izləri var. Eldar
Hacıyevin eskizləri üzrə toxunan xalçalar öz
unikallığı ilə həm də ona görə
seçilir ki, bu xalçalarda mədəni irsimiz, tariximizdən
səhifələr, Qarabağın tətbiqi sənət
nümunələri, ornamentləri əks olunub. Hər bir
xalça sanki bir nağıldır, bir dastandır. Əlvan,
şux rənglərlə təqdim olunan Azərbaycan təbiəti,
milli bayramların simvolları və s. rəssamın
yaradıcılığının əsas komponentlərindəndir.
Mürəkkəb süjetlərin çoxrəngli
keçidlərə malik kolorit xüsusiyyətləri,
xalçalar üzərində verilən memarlıq abidələri,
ayrı-ayrı personajların geyimlərinin bədii tərtibatı
rəssamın Azərbaycan tarixinə dərindən bələdliyini,
milli ənənələrə, etnoqrafiyaya maraq göstərdiyini
sübut edir.
Sərgidə təkcə nəfis xalçalar deyil, həmçinin
rəngkarlıq nümunələri nümayiş etdirilir.
Məkan baxımından Bakıdakı Rus Evinin
seçilməsi heç də təsadüfi deyil. Müəllifin
“Məhəmməd peyğəmbərin meracı”, “İsa
peyğəmbərin həyatı”, “Ana Məryəm”, “Vladimir
ikonası”, “Bibliya” tarixi” adlı xalçaları ölkəmizin
multikultural mühitinin təsvirləridir.
Bir sözlə, sərgi orijinal mövzuları ilə
seçilən, parlaq rənglərlə zəngin, harmoniya
saçan mədəni mühit vəd edir. İnanıram ki,
sərgini izləyən hər bir ziyarətçi yüksək
sənətlə ünsiyyətdən müsbət emosiyalar
qazanacaq.
Şəhərimizin qonaqları və paytaxt sakinləri
Eldar Hacıyevin sənət dünyası ilə oktyabrın
9-na kimi tanışlıq imkanı əldə edə biləcəklər.
Eldar Rasim oğlu Hacıyev 1962-ci ildə Bakıda
anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət
İnstitutunu (indiki ADMİU) xalçaçı rəssam
ixtisası ilə başa vurub. Ali məktəbdə
oxuduğu zaman və sonrakı illərdə xalça irsinin
böyük bilicisi Lətif Kərimov, sənətşünaslıq
doktoru, professor Kübra Əliyeva, Cəfər Müciri, Xalq rəssamı
Nadir Əbdürrəhmanovdan xalçaçılıq və
rəngkarlıq sənətinin sirlərini öyrənib.
Rəssam 2013-cü ildə Heydər Əliyev Fondunun təşkilatçılığı
və ölkəmizin Fransadakı səfirliyinin dəstəyi
ilə Parisdəki Məktublar və Əlyazmalar Muzeyində
Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş sərgidə,
eləcə də Reyn şəhərində Məhsəti Gəncəvinin
900 illik yubileyi ilə əlaqədar sərgidə iştirak
edib. 2016-cı ildə Vəcihə Səmədova adına sərgi
salonunda “İlmələrin rəqsi” adlı fərdi sərgisi
açılıb. Moskvada Ümumrusiya Dekorativ-Tətbiqi və
Xalq Sənəti Muzeyində və bir sıra qalereyalarda sərgilərdə
təmsil olunub.
L.Azəri
Mədəniyyət.-2024.-
2 oktyabr(№73).- S.5.