Bu məkanda sanki
Bülbülün səsi hələ də eşidilir...
Sentyabrın 26-da Azərbaycan peşəkar vokal sənətinin
banisi, SSRİ Xalq artisti Bülbülün (Murtuza Məmmədov;
1897–1961) vəfatının 63-cü ildönümü tamam
oldu. Ecazkar səsi, şaqraq zəngulələri ilə hər
kəsi heyran qoyan, bülbülləri susduran və buna
görə də xalq tərəfindən Bülbül
adlandırılan sənətkarın xatirəsini onun memorial
muzeyində yad etdik...
Muzeyin direktoru Fərqanə Cabbarova bizi səmimi
qarşılayır. Direktor əvvəlcə muzeyin tarixi
haqqında məlumat verir. Deyir ki, muzey Ümummilli lider Heydər
Əliyevin təşəbbüsü ilə 1976-cı ildə
yaradılıb. 1982-ci il iyunun 10-da muzeyin təntənəli
açılışı olub. Ulu öndər Heydər
Əliyev açılış mərasimində iştirak
edib. Muzey sahəsi 75 kvadratmetr olan 4 ekspozisiya otağından
ibarətdir. Üç otaq memorial olaraq saxlanılıb, biri
sərgi otağıdır. Bu mənzildə Bülbül
1937-ci ildən ömrünün son günlərinədək,
yəni 1961-ci il sentyabrın 26-dək
yaşayıb-yaradıb. Muzeyin fondlarında olan zəngin
eksponatlar Bülbülün yarım əsrdən çox
öz parlaq istedadını Azərbaycan musiqi sənətinə
həsr etməsini inandırıcı surətdə göstərir.
Burada müğənninin yaradıcı, elmi-tədqiqi,
pedaqoji, ictimai fəaliyyəti, Azərbaycan musiqinin bütün
sahələrinə aid 9000-ə yaxın material toplanıb.
Şuşadakı evin maketi
Bülbülün ölməz simasını
canlandıran, 1978-ci ildə heykəltaraş Aslan Rüstəmov
tərəfindən yaradılan büst muzeyə gələnləri
qarşılayır. Girişdə həmçinin fotostendlər
nümayiş etdirilir.
Muzeyin divarları Bülbülün səsi ilə
dolu olan bir zaman tunelini xatırladır. Burada sərgilənən
fotoşəkillər onun həyatının parlaq
anlarını canlandırır: gənc Bülbül konsert səhnələrində,
tamaşaçıların alqışları arasında...
Fərqanə xanım deyir ki, Bülbül 1897-ci il
iyunun 22-də Azərbaycanın musiqi, sənət beşiyi
Şuşada dünyaya göz açıb və bu şəhərin
ab-havası, sözlü-nəğməli, muğamla nəfəs
alan mühiti onun sənətkarlığı
üçün bəhrəli zəmin olub: bu
gördüyünüz Bülbülün doğulduğu evin
maketidir. İndi də muzey kimi fəaliyyət göstərir.
1983-cü il iyulun 29-da Bülbülün Şuşadakı
Ev-Muzeyinin açılışı olub. Bu muzey də Ulu
öndər Heydər Əliyevin şəxsi təşəbbüsü
ilə yaradılıb. İşğala qədər muzeydə
400-ə yaxın eksponat qorunub saxlanılırdı. Təəssüflər
olsun ki, işğal vaxtı muzeydən heç bir
eksponatı çıxarmaq mümkün olmayıb. Vətən
müharibəsindən qısa müddət sonra, 2021-ci ildə
muzey fəaliyyətini yenidən bərpa edib. Muzeyin yenidən
açılışında Prezident İlham Əliyev və
Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak ediblər. Həmin
açılışdan şəkillər muzeydə
nümayiş olunur. Onu da deyim ki, Bülbülün evinin həyətindəki
o tut ağacı indi də qalmaqdadır. Balaca Murtuza həmin
ağacda əyləşib bülbülləri təqlid
edirdi. Ona görə xalq ona 8 yaşında ikən
Bülbül adını verib”.
Muzeyin birinci otağı – yataq otağındayıq.
Bülbülün sağlığında olduğu kimi
saxlanılmış otaqda sənətkara aid yataq mebeli,
kostyumu, divarda ailəsi ilə fotoşəkilləri və
görkəmli rəssam Nadir Əbdürrəhmanovun
Şuşa mənzərəsi məkanı bəzəyir.
Yataq mebeli Bülbülün gözəlliyə qiymət verən
yüksək zövqünü göstərir. Mebel o vaxt
Bülbül tərəfindən Almaniyadan gətizdirilib.
Vətənə tələsən Bülbül...
Qonaq otağındakı eksponatlarla tanış oluruq.
Bu guşənin əsas eksponatları Bülbülün
yaradıcılıq həyatındakı dəyişikliklərdən
bəhs edən sənədlərdən, ona həmkarları və
dostları tərəfindən bağışlanmış hədiyyələrdən,
sənətkara məxsus “WEINBACH” markalı royaldan,
Bülbülün xaricdə çəkdirdiyi şəkillərdən
ibarətdir.
Həmsöhbətim qeyd edir ki, muzeyi ziyarət edən
qonaqların diqqətini ən çox cəlb edən
eksponatlardan biri İtaliyada nəşr olunan məşhur
musiqi jurnalı “Arte Nostra”nın nüsxəsidir. Dərginin
1931-ci ildə işıq üzü görən bir nömrəsində
Bülbülün böyük portreti və onun haqqında məqalə
dərc olunub. Məqalədə bu sözlər deyilirdi:
“Müsəlman aləmindən olan ilk azərbaycanlı
vokalçı Bülbül İtaliyaya təhsil almaq
üçün gəlmiş və spesifik Şərq oxuma tərzindən
Avropa oxuma məktəbinə keçmişdir. 4 illik təhsil
geridə qalmışdır. Maestro Qrani Bülbülün
İtaliya tədris metodikası və italyan
ifaçılıq məktəbini mükəmməl öyrənməsini
etiraf etdikdən sonra Bülbül əldə etdiyi biliyi xalqa
çatdırmaq, iki məktəbin sintezini həyata
keçirmək üçün Vətənə tələsir.
Belə bir sintezin mümkün olduğuna və parlaq nəticə
verdiyinə Bülbülün öz
yaradıcılığı çox gözəl
sübutdur”.
Bu otaqda vaxtilə bir sıra görkəmli
yazıçı, şair və bəstəkarlar qonaq olub.
Onlar üzərində ürək sözləri
yazılmış şəkillərini, notlarını və
kitablarını Bülbülə hədiyyə ediblər.
“Eddison” fonoqrafı, “Becker” pianosu...
İndi isə muzeyin üçüncü – iş
otağındayıq. Fərqanə xanım bildirir ki, məhz
bu otaqda Bülbül yeni konsert proqramları hazırlayır,
yeni obrazlarını məşq edir, Azərbaycan musiqisinin
inkişafına dair yeni fikirlər irəli sürürdü.
Burada Bülbül elmi məqalə və məruzələr
yazır, elmi konfranslara, vokal müşavirələrinə
hazırlaşır, Azərbaycan vokal sənəti nəzəriyyəsini
işləyir, milli vokalçı kadrların təlimi
üçün dərs vəsaitləri tərtib edirdi:
“Bülbül 1932-ci ildə Elmi-Tədqiqat Musiqi Kabinetini (ETMK)
yaradıb. Kabinetin əsas məqsədi Azərbaycanın
rayonlarına səpələnmiş xalq mahnılarını
toplamaq və notlara köçürmək idi. Kabinet tərəfindən
500-ə yaxın xalq mahnısı toplanaraq notlara
köçürülüb. Həmin mahnılar bu
gördüyünüz “Eddison” adlı fonoqraf vasitəsilə
yazılırdı. Bu fonoqrafı Bülbül 1932-ci ildə
indiki Sankt-Peterburq şəhərindən gətirib”.
Otaqda diqqətçəkən eksponatlardan biri də
“Becker” pianosudur. Piano XX əsrin 30-cu illərində hökumət
tərəfindən Bülbülə
bağışlanıb.
Otaqda həmçinin Bülbülün şəxsi
kitabxanası da yerləşir. Burada 400-dən çox kitab
qorunur. Muzeyin direktoru söyləyir ki, Bülbül dahi
şair və mütəfəkkir Nizami Gəncəvini
çox sevdiyindən şəxsi kitabxanasında onunla
bağlı kitabları daha çox görmək olar.
Bundan başqa, iş otağında Bülbülün
radiosu, ETMK-nın materialları, yazı stolu, Azərbaycan SSR
Ali Sovetində deputatlıq fəaliyyəti haqqında sənəd
və şəkillər, ictimai xadimlərin Bülbülə
bağışladığı hədiyyələr nümayiş
olunur.
***
Muzeyin sonuncu otağındayıq. Həmsöhbətim
deyir ki, bura vaxtilə uşaq otağı olub, hazırda isə
sərgi zalı kimi fəaliyyət göstərir.
Otağın tematikası Bülbülün xalq xanəndəsindən
professional vokal ustasına kimi keçdiyi böyük bir
yaradıcılıq yolunun ifadəsidir.
Sərgi otağında 1920-ci ildə
Bülbülün ilk dəfə Kərəm rolunda
çıxış etdiyi “Əsli və Kərəm”
muğam operasının afişa-proqramından tutmuş sənətkarın
xatirəsini əbədiləşdirən vitrinə kimi
xronoloji ardıcıllıqla tərtib edilib.
Bu otaqda həmçinin Bülbülün
aldığı mükafatlar, fəxri fərmanlar, dəvət
olunduğu dövlət əhəmiyyətli tədbirlər,
çıxış etdiyi yubiley tədbirləri və rol
aldığı opera tamaşalarından şəkillər,
II Dünya müharibəsi dövrünə aid
yaradıcılıq materialları, o cümlədən,
Stalinin Bülbülə ünvanladığı iki təşəkkür
teleqramı, deputat vəsiqələri və s. nümayiş
olunur.
“Bülbülün qonaqları”
Bu ilin əvvəlindən başlayaraq muzey tərəfindən
“Bülbülün qonaqları” adlı layihə həyata
keçirilir. Muzeyin direktoru bildirir ki, Bülbül çox
qonaqpərvər insan olub. Hər gün, demək olar ki,
onların evində məşhur insanlar qonaq olarmış:
“Biz də düşündük ki, belə bir layihə həyata
keçirsək, maraqla qarşılanar. Elə fikirləşdiyimiz
kimi də oldu. Layihə bu ilin sonunadək davam edəcək”.
Paytaxtın Xaqani küçəsi 43 ünvanında
yerləşən muzey həftənin bütün günləri
ziyarət üçün açıqdır. Muzeyə
giriş ödənişsizdir.
Muzeydən xoş təəssüratla
ayrılırıq və bu ocağın təkcə bir xatirə
ünvanı deyil, eyni zamanda Azərbaycan musiqisinin zənginliyini
canlandıran bir məkan olduğu yaddaşımıza yazılır.
Burada sanki Bülbülün səsi hələ də
eşidilir, o səs zamanın sınağından
çıxaraq gələcək nəsillərin qəlbində
yer tutmağa davam edir...
Nurəddin Məmmədli
Mədəniyyət.-2024.-
2 oktyabr(¹73).- S.6.