“Baş rol nisgilim yoxdur”
“Zamanında çoxlarının həsəd
apardığı qəhrəman obrazlarım olub. Sevinirəm
ki, onda da, indi də hörmət, sevgi görmüşəm...”
Yeni rubrikanın simaları səhnədə və
ekranda ön planda, baş rolda oynamasalar da, Azərbaycan teatr və
kino sənətində özünəməxsus iz qoymuş sənət
xadimləri olacaq. Müsahibə və portret yazılarda
onları ön plana çıxaracaq, sənətə həsr
etdikləri ömürlərinə nəzər
salacağıq.
“Ömrə etibar yoxdur” deyə-deyə yaşayır,
yaşlanırıq. Amma həyat sevgimiz, ümidlərimiz,
bütün çətinliklərə rəğmən
mübarizə əzmimiz tükənmir. Niyə? Etibarsız
dediyimiz dünyada özümüzdən sonra iz qoymaq
üçün. Bu məqam haqında düşünəndə
ilk ağlıma gələn sənət adamları olur. Hərdən
inkar etsələr də, onların çoxunun, məncə,
mütləq əksəriyyətinin həyat devizi məhz
budur: yaddaşlarda qalmaq.
Görüşünə həvəslə getdiyim zərif
qadın, maraqlı insan və istedadlı aktrisa Qəmər Məmmədova
ilə söhbətimizdə bu nüans hərəkətverici
amil oldu.
Qısa təqdimat üçün deyim ki, Qəmər
Məmmədova 10 sentyabr 1954-cü ildə Bakıda
doğulub. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət
İnstitutunun (indiki ADMİU) Dram və kino aktyorluğu
fakültəsini bitirib. 1975–79-cu illərdə Şəki
Dövlət Dram Teatrında, 1979-cu ildən İncəsənət
İnstitutunun nəzdindəki “Tədris” teatrında
çalışıb. 1983-cü ildə Şəki
teatrına qayıdıb. 2002-ci ildən yenə paytaxtda, Azərbaycan
Dövlət Gənclər Teatrında
çalışıb. 2009-cu ildə bu teatr Azərbaycan
Dövlət Milli Gənc Tamaşaçılar Teatrına
birləşdirilib. O vaxtdan bu teatrın aktrisasıdır. ADMİU-da
müəllim kimi də çalışıb, bir müddət
kafedra müdiri olub. 2000-ci ildə “Əməkdar artist”,
2013-cü ildə “Əməkdar incəsənət xadimi” fəxri
adlarına layiq görülüb.
– Bu da əlahəzrət 70. Daha çox
inanırsız, yoxsa inandırırsız?
– (Gülür) Düzü, nə inanmıram, nə də
inandırmıram. Heç siz də üzərində
çox dayanmayın. Çünki duyğularım da,
düşüncələrim də 25 yaşındadır.
Amma zaman da özünü göstərir, yaş da.
Yəqin ömür tez
keçdi?
– Vallah, vərəqləyəndə hərdən
düşünürsən ki, yox, nə qədər hadisələr,
acılı-şirinli günlər, həyatımda
dönüş nöqtəsi dediyim məqamlar çox olub.
Amma yenə də tez keçdi. Lap göz
qırpımında.
– Sənət yolunuz fasiləsiz oldu. Sizi Şəkiyə
aparan yoldan başlayaq.
– Rəhmətlik Hüseynağa Atakişiyev mənim
tələbə yoldaşım idi. Bir kursda oxumuşuq. Həmin
kursu bitirənlər, demək olar ki, hamımız Şəkiyə
getdik. Məni səhnə danışığından dərs
demək üçün universitetdə saxlamaq istəyirdilər.
Amma qalmadım. Ümumən bu, çox gözəl ənənə
idi. Bölgə teatrlarının yenidən qurulması
üçün ən yaxşı üsul. Beləliklə, mən
də Şəkiyə getdim. Çünki mənə səhnə
lazım idi. İllər sonra ADMİU-ya qayıtdım və
anladım ki, zamanında düz edib teatra getmişəm.
– Niyə, pedaqoqluq böyük sənətə mane olur?
– O da var. Amma prosesdə, səhnədə
olmalısan. Qısacası, aktyor teatrda formalaşır.
– Deməli, Şəki teatr mühitində öyrəndikləriniz
də çox olub...
– Əlbəttə. Hərçənd oradakı
truppa, demək olar ki, elə bizdən ibarət idi.
Qalanların əksəriyyəti həvəskarlar idi. Amma yenə
də bu teatr mənə çox şey öyrətdi. Sanki
teatrı öz əllərimizlə qurduq. Həmin
özül o qədər möhkəm quruldu ki, indi də
orada o təməl prinsiplərə xidmət davam edir.
– Kim idi o özülün banisi?
– Rəhmətlik Vaqif Abbasov və Hüseynağa Atakişiyev.
Hər ikisi o teatr üçün nəhəng simalar idi. Mənim
oradan getməyim, bayaq dediyiniz qısa fasilə də bura –
Bakıya gəlib “Tədris” teatrında
çalışmağımla bağlı oldu.
– Maraqlıdır, mən də elə bildim ailə
qurduqdan sonra teatrdan müvəqqəti
uzaqlaşmısınız.
– Yox, rəhmətlik həyat yoldaşım sənətimə
mane olmadı. Sənəti sevirdi. Hətta övladım
çox körpə olanda da səhnədən qopmadım. Belə
bir temp vardı onda. Özü də təkcə məndə
yox, elə truppanın hamısında.
– Onda bu get-gəl nə ilə bağlı idi?
– Mən bir az başqa xasiyyətdəyəm. Nəyəsə
öyrəşəndə çətin ayrılıram. Bura
gəldim, yaxşı da işləyirdim. Rəhmətlik Vaqif
İbrahimoğlu idi rejissorumuz. Yaxşı rollarım
vardı. Mən danışıram 70-ci illərin sonları,
80-ci illərin əvvəllərindən. Sonra gördüm
ki, yox, mən qayıtmalıyam.
– Kim çağırdı sizi ora?
– Ürəyim (gülür). Özüm burada olsam da
ruhum Şəkidə qalmışdı. Özümü
narahat hiss etdim və ora qayıdaraq yenidən daxili səadətimi
tapdım.
– Deyəsən, elə indi də ürəyiniz Şəki
teatrındadır.
– Hə, vallah. Mən heç gəlməzdim də.
Sadəcə, oğluma görə seçim etmək məcburiyyəti
yarandı. 1996-cı ildə yoldaşım
dünyasını dəyişdi. Birinci Qarabağ müharibəsi
iştirakçısı idi. Savaşın fiziki və mənəvi
yaraları ilə uzun yaşaya bilmədi. Oğlum idmanı
seçdi. Bir gün Şəkidəki müəllimləri
oğlumun Bakıdakı basketbol yığma komandasına
seçildiyi xəbərini verdilər. Onların israrı ilə
oğlumu bura göndərdim. Bir il bacım evində qaldı.
Gördüm ki, yox, ondan ayrı da çətindir.
Könülsüz də olsa, Bakıya qayıtdım. Uzun illər
kirayədə qaldım. Ana-bala baş-başa verib
yaşadıq. Oğlum böyüdü, sahəsində
nailiyyətlər əldə etdi. Ötən ay məşqçisi
olduğu komanda çempion oldu və beləcə, Fərid
Əmirovun anası olaraq məni daim qürurlandırdı.
– Öz eviniz də oldu?
– Oldu, sağ olsun dövlət
başçısı, bizə ev də verdi.
– “Əməkdar artist” fəxri adınızın
vardı. Bir də Əməkdar incəsənət xadimi ilə
təltif olundunuz. Təltif baxımından diqqətdə
olmusunuz.
– Sağ olsunlar, zəhmətimi unutmayıblar.
İkinci fəxri adı ADMİU-nun 90 illiyində aldım. Fəal
müəllim, kafedra müdiri kimi təltif olundum. Mən az
qala işdə yatıb qalan adamdım. Universitetə səhər
girdiyimi görürdülər, bir də axşam
çıxırdım. Təbiətim belədir. Nə
iş görürəmsə, ona dəlicəsinə
bağlanıram və ən yaxşısına
çalışıram.
– Amma arxa planda qalmağı sevirsiniz. Ya da mənə
elə gəlir. Haqqınızda dövri mətbuatda bir
yazıya, müsahibəyə rast gəlmədim.
– Doğru araşdırmısınız. Yoxdur. Deyəsən,
bu barədə özüm tənbələm (gülür).
Teatrşünasların, jurnalistlərin diqqətini cəlb
etmək üçün canfəşanlıq mənə
yaddır. Nə bilim, həmişə “İşlə, Qəmər,
görən görəcək, istəməyən görməyəcək”
demişəm. Amma indi baxıram ki, düz deyirsiz. “Özləri
görürlər də” dediyim məsələdə
yanıldım. İndi də yaş o yaş deyil. Mən
prosesi çox sevmişəm, səhərdən axşamadək
teatrda olmuşam. Oğlum kulisdə, qrim otağında, geyim
sexində böyüyüb. Axı teatr mənsiz ölərdi.
– Elə hesab edirdiniz, yoxsa elə idi?
– Məncə, elə idi. Çünki bütün qəhrəmanlar
mənim idi. Bilirsiniz, truppanın əsas rol
ifaçısı olmaq həm də çətin idi. Amma
yorulmurdum. Orada yaxşı teatr mühiti vardı. Elə indi
də. Təəssüf ki, yeni nəsil getmir, onlar da həvəskarların
ümidinə qalıblar əsasən. Elə pis oluram ki.
Axı orada da tamaşaçı, sənət mühiti var.
İndi bölgə teatrlarına getmək istəməyən
gənclər şəraitdən gileylənirlər. O da
zamanla düzələr. Elə bilirsiniz, bizlər gedəndə
hər şey əla idi. Əziz gənclər, gedin,
özünüzü orada sınayın. Nə bilmək olar,
bəlkə müvəqqəti gedişiniz daimi olar, qalar, sevərsiniz
bölgə teatrlarını. Arada məcburi təyinatın ləğv
olunmasına görə çox təəssüflənirəm.
Belə başa düşürəm ki, bölgə
teatrlarının dirçəlməsi üçün bu
metoda qayıdılmalıdır.
– Sizin aktyor potensialınızı daha çox
hansı rejissor üzə çıxardı?
– Elə Hüseynağa Atakişiyev, bir də rəhmətlik
Mərdan Feyzullayev. Biz, ümumiyyətlə, teatr tərbiyəsi
almış nəsil kimi peşəkar və ya həvəskar
bölgüsü etməmişik. Rejissorlara etibar edərək,
ümumi işin ən yaxşı səviyyədə ərsəyə
gəlməsi üçün hər zaman əlimizdən gələni
etmişik.
– Nə idi o teatr tərbiyəsi?
– Fədailik, məsuliyyət, sənətə sədaqət.
Başını aşağı salıb işinlə məşğul
olmaq, sözbazlığa baş qoşmadan
çalışmaqdır.
–
Aldığınız sənət tərbiyəsindən
çıxış edərək soruşuram: prosesə
baxanda indi yaradıcı potensial zəifdir, yoxsa maddi-texniki
baza?
– Fədailik çatışmır. Çünki
dağınıqlıq çoxdur. İndi kimisə qınamaq da olmur.
Qısacası, öyrənmək, öyrətmək istənilən
zaman, nəsil getdi, yoxdur!
– Bu sizi yormur?
– Kədərləndirir, həvəsi azaldır. Amma
heç nə də edə bilmirəm. Əslində, indi həyatın
öz səhnəsində dağınıqlıq o qədər
artıb ki, bu səhnəyə də sirayət edib.
– Bu sənət həm də ona görə çətindir
ki, sən mütləq şəkildə özünü isbat
etməlisən. İsbat üçün 70 il bəs deyil?
– Gəlin, sizə düzünü deyim də. Mən
artıq heç kimə heç nəyi isbat eləmək istəmirəm.
Nə, necə eləmişəmsə, eləmişəm
artıq.
– Aktrisa kimi sizin üçün rejissorun savadı,
istedadı, eləcə də texniki imkanlar nə dərəcədə
vacibdir və bu meyarlara adekvat olmayanlarla məşq çətin
olur?
– Özü də necə (gülür). Çətin
sual oldu. Bəzən peşəkar aktyorsunuz, obraza
özünüz yol tapın deyirlər. Amma bu, belə
olmamalıdır. Rejissor xətti, aktyorun ifadəsində
rejissorun işi görünmürsə, burada tamamlanmış
işdən danışmaq çətindir. Aktyor oyununu analiz
edəndən sonra daim nə deyirlər? “Rejissor tablosu
yaxşı tamamlanıb”. Bunu aktyor yox, məhz rejissor müəyyən
edir.
– Deməli, siz də rol böhranı
yaşamışınız?– Bəli. O zamanlarda məni
universitet xilas elədi. Başım orada qarışdı.
Yoxsa bu böhran məni çox dərinə aparardı. Ola
bilər bu da mənim günahımdır. Universitetdə yox,
bütünlükdə teatrda qalsaydım rejissorların diqqət
mərkəzində olardım, çox rollar oynayardım.
– Yəni kütləvi tamaşaçının sizi
tanımamağının bir günahı da öz
boynunuzdadır.
– Olsun elə. Amma bununla da tam razı deyiləm.
Axı kütləvi tamaşaçı bizi televiziyadan
tanıyır. Yadınıza salın, teatrda elə nəhəng
aktyorlar olub ki, kinoya, teletamaşalara çəkilməyiblər
deyə, tanınmayıblar. Amma indi adi serialda oynayan,
hansısa aidiyyəti olmayan sosial verilişdə belə
iştirak edən “tanınır”. Mənə elə
tanınmaq da lazım deyil.
– Seriallara getmirsiniz?
– Xeyr. Amma “O dünyadan salam”, “Həm ziyarət, həm
ticarət”, “Yalan”, “Cavad xan” filmlərində çəkilmişəm.
– Son olaraq teatrda sizi “Kod adı – V.X.A”
tamaşasında Umgülsüm Sadıqzadə rolunda
görmüşəm...
– “Tanrıya 14 məktub”da Roza nənə, “Leyli və
Məcnun”da Qarı, “Şeyx Sənan”da Nina, “Oqtay Eloğlu”da
Gülgəz kimi və bunlardan da savayı çoxlu
rollarım var. Rejissorlarımız hansı rolu verirlərsə,
sevə-sevə oynayıram.
– Qəmər xanım, bir vaxtların birinci plan
oyunundan arxa plana keçid sizi incitmir?
– Ağrıdır (kövrəlir, bir az pauza verir,
sonra qəhərini qovmaq üçün gülür. Bu an
hiss edirəm ki, o, iki ovqat arasında da oynamır. Necə
varsa, özüdür. Nəhayət, bütün söhbət
boyu olduğundan daha nikbin ovqata köklənib davam edir)... Eh,
heç bilmirəm bunların hamısını qəzetdə
verərsiniz, yoxsa yox. Gəlin, yaxşı şeyləri yazaq
və bu da “mənim günahımdır” deyib keçək. Hə-hə,
mənim günahım. Mübarizə aparmıram, rol
davası etmirəm. İşləmək istəyirəm, amma
özünü ortaya atmıram. Heç vaxt “mən-mən”
demirəm. Deyə bilmirəm. Ən əsası, baş rol
nisgilim yoxdur. Zamanında çoxlarının həsəd
apardığı qəhrəman obrazlarım olub. Sevinirəm
ki, onda da, indi də, orada da, burada da daim hörmət, sevgi
görmüşəm...
Söhbətləşdi: Həmidə
Nizamiqızı
Mədəniyyət.-2024.-
2 oktyabr(¹73).- S.6.